Şəki samovarının 3700 illik tarixinə həsr olunmuş
sərgi açılmışdır
Şəki şəhərindəki "Sənətkarlar evi"ndə Şəki samovarının 3700 illik tarixinə həsr olunmuş sərgi açılmışdır. Bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov açaraq Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Şəkinin 2010-cu ildə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edildiyini xatırlatmış, sərginin proqram çərçivəsində həyata keçirilən növbəti tədbir olduğunu diqqətə çatdırmışdır. Şöbə müdiri respublikamızda ilk dəfə olaraq keçirilən bu sərgidə Şəkinin muzeylərində saxlanılan qədim samovarlarla yanaşı, bölgə və ətraf rayonlardan gətirilmiş məişət əşyalarının da nümayiş etdirildiyini bildirmişdir.
Mərasimdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı çərçivəsində həyata keçirilən belə tədbirlərin xalqımıza xas olan tarixi-mədəni irsi qoruyub saxlamaq və onu təbliğ etmək məqsədi daşıdığını nəzərə çarpdırmışdır. Bildirmişdir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bölgə üzrə əməkdaşları bir neçə il əvvəl Şəki rayonu ərazisində apardıqları arxeoloji tədqiqat işləri zamanı gildən hazırlanmış çox qədim tarixə malik samovar tapmışlar. Mütəxəssislərin rəyinə görə, samovar eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəlinə aiddir. Gildən hazırlanan bu samovar, eyni zamanda, qədim sənətkarlıq nümunəsidir. Hazırda bu eksponat muzeydə saxlanılır. Bu nadir tapıntı belə deməyə əsas verir ki, ulu əcdadlarımız, məişətdə işlədilən bir çox əşyalar kimi, belə samovarlar da hazırlamaq ustalığına malik olmuşlar.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Oqtay Muxtarov çıxış edərək, "2010-2014-cü illər Xalq Yaradıcılığı Paytaxtları" Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat vermiş, nazirliyin iş planına uyğun olaraq təşkil olunan bu sərginin keçirilməsinə göstərdiyi köməyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonra sərgiyə baxış olmuşdur. Burada nümayiş etdirilən 60-a yaxın qədim samovar nümunələri, habelə yerli sənətkarların müasir əl işləri sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur. Sərgi bir neçə gün davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 11.