İstanbulda Dünya Türk Forumu keçirilir

 

Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə İstanbuldakı "Grand Cəvahir" hotelində "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu öz işinə başlamışdır.

Forumda 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri, o cümlədən Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti, diaspor təşkilatlarımızın rəhbərləri iştirak edirlər.

Forumun açılışında çıxış edən TASAM-ın sədri Süleyman Şənsoy bildirmişdir ki, bu tədbirdə Çin, Orta Asiya, Rusiya Federasiyası, Qafqaz, Avropa və Amerikadakı türk dövlətləri, toplumları və diaspor təşkilatlarının problemləri, türk dünyasının əməkdaşlıq perspektivləri müzakirə olunacaqdır. Qlobal dünyada türkdilli ölkələrin daha fəal rol oynaması, diaspor təşkilatlarının səylərinin gücləndirilməsi getdikcə daha aktual olmaqdadır.

Türk Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilmiş X Zirvə toplantısından sonra rəhbərlik etdiyi qurumun formalaşması prosesindən ətraflı bəhs etmişdir. Natiq qeyd etmişdir ki, Şura təkcə türkdilli dövlətlər deyil, habelə türkdilli xalqların diasporlarının fəaliyyətini də yaxından dəstəkləyəcəkdir.

TürkPA-nın baş katibi Ramil Həsənov 2008-ci ildə yaradılmış və baş katibliyi Bakıda yerləşən bu təşkilatın getdikcə güclənən və təkmilləşən fəaliyyətindən ətraflı bəhs etmişdir. O qeyd etmişdir ki, TürkPA dünyanın bir çox parlament birlikləri ilə də əməkdaşlıq edir. 2011-ci ilin martında Qazaxıstanda TürkPA-nın növbəti toplantısı keçiriləcək və müxtəlif sahələr üzrə alt komitələr yaradılacaqdır.

Türkiyə Prezident Aparatının baş katibi Mustafa İsen və Türkiyə parlamentinin Xarici əlaqələr komissiyasının sədri Murad Mərcan türk dünyasının inteqrasiyası və əməkdaşlığının gücləndirilməsi istiqamətində Türkiyədə istər dövlət, istərsə də parlament səviyyəsində görülən işlərdən danışmışlar.

Forum öz işini davam etdirir.

Forum çərçivəsində "Qlobal regional problemlərin türk dünyasına təsiri", "Türk dünyasında qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin təşəkkül tapması önündəki problemlər", "Türk mədəniyyəti" digər mövzularda seminarlar keçiriləcəkdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 11.