Milli Məclisin iclasında
2011-ci ilin dövlət büdcəsi
təsdiq olundu
Oktyabrın 22-də üçüncü çağırış Milli Məclisin növbəti plenar iclası keçirildi.
Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra deputatlar gündəliyə münasibət bildirdilər. Gündəlik təsdiq edildikdən sonra Milli Məclisin əvvəlki iclaslarında aparılan müzakirələrdən və deputaların irəli sürdüyü təkliflərdən, tövsiyələrdən sonra "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinə edilmiş dəyişikliklərlə bağlı maliyyə naziri Samir Şərifov məlumat verdi: "Gələn il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsi və icmal büdcənin əsas göstəriciləri Milli Məclisin komitələrində və bir neçə plenar iclasında ətraflı müzakirə edilmişdir. Plenar iclaslarda çıxış etmiş deputatlar tərəfindən əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması, ölkənin müdafiə potensialının gücləndirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sənaye və aqrar sektorda dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun və regionların inkişafı, qanunvericilik bazasının təkmilləşdirilməsi, vəsaitlərin istifadəsində dövlət və ictimai nəzarətin daha da artırılması və digər bu kimi mühüm məsələlərə dair bir sıra sual, təklif və tövsiyələr irəli sürülmüşdür. Müzakirələr zamanı deputatların irəli sürdüyü təklif və tövsiyələr təhlil edilmiş, onların həlli yolları, tətbiqi mexanizmi, maliyyə tutumu kimi məsələlər ilkin olaraq qiymətləndirilmişdir. Bəzi deputatların bir sıra büdcə xərclərinin artırılması üçün etdikləri təkliflərdən irəli gələn işlərin həm fiziki həcmi, həm xüsusiyyətləri, həm də maliyyə tutumu və təminatının mənbəsi üzrə məsələlər nəzərdən keçirilmişdir. Digər tərəfdən, təkliflərdə qaldırılan məsələlərin həlli üçün maliyyə təminatının yaradılması vəzifəsinə 2011-ci ildə də makroiqtisadi sabitliyin qorunub saxlanması və büdcə dayanıqlığının təyin edilməsi prizmasından baxılmışdır". Samir Şərifov daha sonra büdcəyə edilən düzəlişlər barədə məlumat verdi. Bundan sonra qanun layihəsi səsə qoyularaq təsdiq olundu.
Gündəliyin növbəti məsələsi "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi oldu. Layihə ilə bağlı Milli Məclisin komitə və plenar iclaslarında əvvəl aparılmış müzakirələrdə deputatlar tərəfindən irəli sürülən təklif və tövsiyələrdən sonra edilən düzəlişlər barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məlumat verdi. Qeyd etdi ki, büdcə layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən qaldırılan məsələlər diqqətlə nəzərə alınaraq təhlil olunmuşdur. Qaldırılan məsələlərə uyğun olaraq layihədə bir sıra dəyişikliklərin həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir: "Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məruzə olunmuşdur. Qanun layihəsinə təklif edilən əsas dəyişiklik sığorta olunanların sağlamlaşdırma və sanatoriya-kurort müalicəsi üçün nəzərdə tutulan məbləğlə bağlı olmuşdur. Həmin məbləğin artırılması üçün təkliflər irəli sürüldü. Bunu nəzərə alaraq Dövlət Sosial Müdafiə Fondu sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirləri üçün nəzərdə tutulan məbləği 700 min manat artırmışdır". Səlim Müslümov layihə ilə bağlı deputatlara ətraflı məlumatlar verdikdən sonra layihə səsə qoyulub təsdiq edildi.
Bundan sonra deputatlar büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini qəbul etdilər. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi də səsvermədən sonra qəbul olundu. Milli Məclisin 2011-ci il üçün xərclər smetası və Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası da müvafiq səsvermədən sonra təsdiq edildi.
Gündəliyin digər məsələsi olan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının konstitusiya qanununda dəyişiklik edilməsi barədə Milli Məclisin Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynov məlumat verdi: "Ombudsmanın fəaliyyəti konstitusiya qanunu ilə tənzimlənir. Sözügedən institutun və fəaliyyət göstərən müvəkkilin müstəqilliyinin təminatlarından biri kimi əməkhaqqı məsələsi də konstitusiya qanununda öz həllini tapmışdır. İndi Prezident İlham Əliyev tərəfindən təklif edilir ki, İnsan hüquqları üzrə müvəkkilin əməkhaqqı 1320 manatdan 1800 manata qədər artırılsın". Layihə səsə qoyularaq qəbul edildi.
Üçüncü oxunuşa təqdim edilən "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsi barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, əvvəlki oxunuşda qanun layihəsində redaktə xarakterli müəyyən dəyişikliklərin edilməsi barədə təkliflər səslənmişdi: "Həmçinin edilən dəyişikliklərin icra strukturları ilə razılaşdırılması məsələsi də təklif olunmuşdur. Qaldırılan bütün məsələlər öz həllini tapmışdır". Səsvermədən sonra layihə təsdiq olundu.
Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında (Pretoriya şəhərində) səfirliyinin, Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında (Braziliya şəhərində) səfirliyinin, Azərbaycan Respublikasının İraq Respublikasında (Bağdad şəhərində) səfirliyinin, Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında (Hanoy şəhərində) səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanunlarının layihələri haqqında Milil Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verdi: "Cənubi Afrika Respublikasında Azərbaycan Respublikasının səfirliyinin açılması çox əhəmiyyətli bir hadisədir. Azərbaycan diplomatiyası, Azərbaycan xarici əlaqələri dünyanın bütün istiqamətlərində inkişaf etməkdədir. Afrika qitəsində Cənubi Afrika Respublikası ən inkişaf etmiş və ən böyük təsirə malik olan ölkələrdən biridir. Bu ölkə ilə münasibətlər qurmaq, diplomatik əlaqələr yaratmaq, demək olar ki, Azərbaycan diplomatiyası üçün yeni üfüqlər açır.
Bu yaxınlarda biz Azərbaycanın Meksikada və Argentinada səfirliklərinin açılması ilə bağlı müzakirələr aparmışdıq və bu məsələyə müsbət münasibətimizi bildirmişdik. Latın Amerikası dövlətləri arasında ən inkişaf edən və bu gün dünyada xüsusi yer tutan, böyük təsirə malik olan Braziliyada da səfirlik açmaq ən vacib addımlardan biridir.
Şərq dünyasının ən qədim şəhərlərindən olan, Azərbaycanla həm mədəni, həm də tarixi əlaqələrə malik olan İraqla səfirlik səviyyəsində də münasibətlərin qurulması Azərbaycan üçün çox önəmlidir. Nəzərə alsaq ki, İraqda gedən proseslər Şərqə çox böyük təsir göstərir, onda bu ölkədə səfirliyin təsis olunması, diplomatik əlaqələrin yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Uzaq Şərq ölkələri ilə də fəal diplomatik münasibətlər yaradır. Hazırda Çin, Cənubi Koreya, o cümlədən Malayziya, İndoneziya kimi ölkələrdə iqtisadi inkişaf çox yüksək templə gedir. Bu ölkələr içərisində Vyetnam Sosialist Respublikası xüsusi yer tutur. Qısa bir müddətdə sözügedən ölkədəki inkişaf, iqtisadi sıçrayış göz önündədir və dünya ölkələri Vyetnamla münasibətlər qurmaq istiqamətində cəhdlərini artırırlar. Çinlə, Malayziya və İndoneziya ilə münasibətlər və səfirliklər səviyyəsində əlaqələr qurmaq istiqamətində atılmış addımlar məntiqlə tələb edir ki, Vyetnamda da Azərbaycan öz səfirliyini təsis etsin". Deputatlar sözügedən ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinin təsis edilməsi barədə layihəni səsə qoyaraq qəbul etdilər.
İclasda Azərbaycan Respublikası Prezidentinin və Mavritaniya İslam Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında sənəd barədə Səməd Seyidov məlumat verdi. Bildirdi ki, sözügedən bəyannamə cari il iyulun 15-də Bakıda imzalanıb: "Bu, çox vacib və əhəmiyyətli siyasi sənəddir. Azərbaycan dünya ölkələri ilə münasibətlərini çox yüksək səviyyədə quraraq ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Məsələn, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür və burada təmsil olunan ölkələrin əksəriyyəti ilə yüksək səviyyəli münasibətlər qurub. 57 ölkənin yer aldığı İslam Konfransı Təşkilatının da ən fəal üzvlərindən biri məhz Azərbaycandır. İslam Konfransı Təşkilatında Mavritaniya İslam Respublikası Azərbaycanla birgə hərəkət edir və ölkəmizi daim dəstəkləyir. Son zamanlar Azərbaycanla Mavritaniyanın münasibətləri daha böyük sürətlə inkişaf edir. Prezident İlham Əliyev və Prezident Məhəmməd Uld Əbdüləziz tərəfindən imzalanan Birgə Bəyannamədə Azərbaycanın maraqları öz əksini tapmışdır". Bundan sonra layihə səsə qoyularaq təsdiq edildi.
"Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov məlumat verdi: "Saziş iki dövlət və onların hökumətləri, özəl qurumları arasında energetika sahəsində əməkdaşlığın təməlini qoyur və onun əsas prinsiplərini müəyyənləşdirir. Sazişdə əks olunan prinsiplər, meyarlar əsasında konkret sahələr üzrə əməkdaşlığın təmin edilməsinə yönəlmiş danışıqlar aparılacaq, yeni sənədlər imzalanacaq. Bunların əsasında isə konkret layihələr həyata keçiriləcək". Səsvermədən sonra layihə təsdiq olundu. "Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək bildirdi ki, sözügedən sənəd ölkələrimizin qarşılıqlı əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Bu sənəd də səsə qoyulduqdan sonra təsdiq edildi.
"Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun, "Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələri haqqında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi: "Bu sazişlər həddən artıq vacib əhəmiyyətə malikdirlər. Sözügedən sənədlər ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, İslam Konfransı Təşkilatına üzv olan ölkələrimizin qarşılıqlı münasibətlərinin genişlənməsinə töhfə verəcək". Layihələr səsə qoyularaq təsdiq edildi.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verdi: "Müdafiə Nazirliyinin hərbi hissələrinin ərazisində baş verən cinayət hadisələri barədə təhqiqat işini həmin hissənin komandiri və yaxud onun məsul etdiyi şəxs aparır. Təhqiqat işini aparan şəxslər əksər hallarda professional hüquqşünaslar olmurlar. Bu səbəbdən cənab Prezident İlham Əliyev tərəfindən belə qərar qəbul edilmişdir ki, konkret hərbi hissə ərazisində hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin istintaqını həmin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş peşəkar hüquqşünaslar aparsın. Bu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində hüquq idarəsinə tabe olan beş regional istintaq idarəsinin yaradılmasını nəzərdə tutur". Ziyafət Əsgərov bildirdi ki, nəzərdə tutulan dəyişikliklər hərbi hissələrdə müstəqil, obyektiv təhqiqatın aparılmasına imkan verəcək, həmçinin təhqiqatın aparılması zamanı yol verilən subyektivçilik aradan qaldırılacaq. Səsvermədən sonra layihə qəbul edildi.
İclasda "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" Azərbaycan Respublikasının yubiley medalının, "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə", "Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə parlamentin Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynov məlumat verdi: "Artıq 5 ildir Fövqəladə Hallar Nazirliyi yaradılıb. Qısa zaman kəsiyində sözügedən nazirlik çox peşəkar səviyyədə fəaliyyət göstərməyə başlamış, onun beynəlxalq standartlara uyğun maddi-texniki bazası formalaşdırılmışdır. Bu layihə ilə isə biz Azərbaycan Respublikasının növbəti 5 medalını təsis etmiş oluruq". Layihə səsə qoyularaq qəbul edildi.
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında məlumat verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi: "Qazangöl qəsəbəsi Zaqatala şəhərinə daxil edilib və həmin qəsəbə ləğv olunaraq dövlət reyestrindən çıxarılıb. Müzakirə olunan layihədə həmin qəsəbənin bələdiyyələrin siyahısından çıxarılması nəzərdə tutulur". Layihə səsə qoyularaq qəbul edildi.
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdikdən sonra layihə qəbul olundu. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi haqqında da Hadi Rəcəbli məlumat verərək bildirdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə pensiyaların baza hissəsi artırılıb: "Bu da bütövlükdə Dövlət Sosial Müdafiə Fondunun əlavə 52 milyon manat vəsait xərcləməsinə ehtiyac yaradır. Layihəyə edilən dəyişiklik və əlavələr bununla bağlı məsələlərin bir hissəsini həll edir". Səsvermədən sonra layihə səsə qoyularaq təsdiq olundu. Bununla da Azərbaycan Respublikası Milli Məclisinin oktyabrın 22-də keçirilən iclası başa çatdı.
Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 1, 2.