Azərbaycan Diplomatik Akademiyasında Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində bölmə iclası keçirilmişdir

 

Oktyabrın 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçimlər" mövzusunda bölmə iclası keçirilmişdir.

Bölmə iclasını açan ADA-nın icraçı dekanı Fariz İsmayılzadə demişdir ki, tədbirdə dinləniləcək məruzələr simpozium çərçivəsində kitab şəklində çap edilərək dünyanın bütün elm və araşdırma mərkəzlərinə göndəriləcəkdir.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev regional əməkdaşlığın, beynəlxalq münasibətlər sisteminə marağı olan alimlərin şəbəkəsinin genişləndirilməsi baxımından simpoziumun əhəmiyyətini yüksək qiymətləndirmişdir. Rektor rəhbərlik etdiyi akademiya barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 2006-cı ildə yaradılmış akademiyada hazırda təhsil iki proqram üzrə aparılır. Qonaqlara akademiyada tədrisin prinsipləri haqqında da məlumat verilmişdir. Bu gün ADA-da azərbaycanlı magistrlərlə yanaşı, Misir, İndoneziya, Macarıstan, Rumıniya, Tanzaniya, İran, Uqanda, GürcüstanNiderlanddan olan tələbələr də təhsil alırlar. Vurğulanmışdır ki, ADA-nın yeni təhsil ocağı olmasına baxmayaraq, Azərbaycan və xarici ölkələrin ictimaiyyətinin akademiyaya göstərdiyi maraq onun nüfuzunun ildən-ilə sürətlə artdığını sübut edir. Dünya standartlarına cavab verən diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura təhsilini təklif etməklə ADA istedadlı azərbaycanlı və dünyanın bir çox ölkələrinin mədəniyyətinin və tarixinin təmsilçiləri olan xarici tələbələri özünə cəlb etməkdə davam edir.

Sonra rektor qonaqların Azərbaycanla və akademiya ilə bağlı suallarını cavablandırmışdır.

Bölmə iclasında mövzu ilə bağlı təqdimatlar keçirilmiş, müzakirələr aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 2.