Bakıda beynəlxalq münasibətlər
üzrə alimlərin birinci illik simpoziumu işə
başlamışdır
Oktyabrın 22-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində beynəlxalq münasibətlər üzrə alimlərin "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda birinci illik simpoziumu işə başlamışdır. Simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər, Qafqaz və Xəzər universitetləri, Londonun Münaqişələr və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Simpoziumda 150-dən artıq xarici və yerli mütəxəssis iştirak edir.
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sabiq sədri, Beynəlxalq Sülh İnstitutunun direktoru Piter Şider simpoziumu açaraq, Cənubi Qafqaz regionunun Avropanın təhlükəsizliyində rolundan danışmışdır. O demişdir ki, Cənubi Qafqaz Avropa, Asiya və bütün dünya üçün enerji, tranzit və təhlükəsizlik baxımından vacib bir regiondur. Dağlıq Qarabağ probleminin həll edilməməsinə baxmayaraq, Azərbaycan yüksək sosial və iqtisadi inkişafa nail olmuşdur. Qeyd olunmuşdur ki, Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü olması bu qurumun ölkəmizə və ümumiyyətlə, regiona verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan AŞ-nin ən fəal üzvlərindən biridir. Ümumiyyətlə, "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda simpoziumun məhz Bakıda keçirilməsi də çox əlamətdar bir hadisədir.
Sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov simpoziumda giriş nitqi ilə çıxış etmişdir.
Nazir çıxışında Azərbaycanda müstəqilik bərpa edildikdən sonra qazanılan uğurlardan danışmışdır. Enerji layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin vacibliyini vurğulan E.Məmmədyarov demişdir ki, enerji müqavilələri imzalandıqdan sonra Azərbaycana böyük investisiyalar cəlb olunmuşdur. Bu isə ölkəmiz üçün çox böyük imkanlar yaratmış, son illər Azərbaycan çox yüksək səviyyədə inkişaf etmişdir. Ölkədə ümumi daxili məhsulun həcmi 3-4 dəfə artmışdır. Belə bir dinamika qeyri-neft sektorunun inkişafına da imkan yaratmışdır. Ümumiyyətlə, həyata keçirilən uğurlu iqtisadi siyasət və Prezident İlham Əliyevin təşəbbüsü ilə bir sıra infrastruktur layihələrinin reallaşması nəticəsində Azərbaycan son illər sürətlə inkişaf etmişdir.
Nazir 2012-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisinin başa çatacağını da qeyd etmişdir. O demişdir ki, bu layihə başa çatdıqdan sonra Avropadan investisiya axını daha da çoxalacaqdır. Bu çox faydalı layihədir və bu yol Avropa ilə Asiyanı birləşdirəcəkdir.
Nazir simpozium iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir.
Qeyd edilmişdir ki, Dağlıq Qarabağ münaqişəsi təkcə münaqişəyə cəlb olunmuş ölkələrin deyil, bütün bölgənin inkişafına mane olur və regionda sabitlik və təhlükəsizliyə təhdid yaradır.
Danışıqların gedişindən danışan E.Məmmədyarov bildirmişdir ki, hazırda bu proses yenilənmiş Madrid prinsipləri çərçivəsində aparılır. Lakin danışıqlar prosesində fəallıq ötən illə müqayisədə zəifdir. Təəssüf ki, erməni tərəfinin mövqeyi hələ də qeyri-müəyyəndir.
E.Məmmədyarov erməni tərəfinin mövqeyinin millətlərin öz müqəddəratını təyinetmə prinsipinə əsaslandığını söyləyərək demişdir ki, bu prinsip ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməməlidir. Azərbaycan millətlərin öz müqəddəratını təyinetmə prinsipini ATƏT-in Helsinki Yekun Aktının prinsiplərindən biri kimi qəbul edir. Lakin torpaqlar işğal edilirsə, ölkənin ərazi bütövlüyü pozulursa, biz bunu qeyri-mümkün hesab edirik. Öz müqəddəratını təyinetmədən danışarkən erməni tərəfi önəmli bir məqamı da nəzərdən qaçırır - yalnız erməni icması öz müqəddəratını təyin edə bilməz, buna iki icma bərabər qərar verməlidir.
Nazir Azərbaycanın kompromis kimi Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirmişdir. O, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladaraq, BMT Təhlükəsizlik Şurasının, Baş Məclisinin, Avropa Şurasının, ATƏT-in, İKT-nin qətnamələrini və Avropa Parlamentinin son qətnaməsini misal göstərmişdir.
Daha sonra E.Məmmədyarov simpozium iştirakçılarının suallarını cavablandırmışdır.
Tədbirdə çıxış edən Böyük Britaniyanın LİNKS təşkilatının icraçı direktoru Denis Sammut regional problemlərin bir daha müzakirə olunmasında bu simpoziumun əhəmiyyətini, Azərbaycanda beynəlxalq aləmə inteqrasiyaya şərait yaradan sistemli iqtisadi siyasətin həyata keçirildiyini xüsusi vurğulamışdır.
O demişdir ki, Avropa və Asiyanın qovuşuğunda müsəlman ölkəsi olan Azərbaycanın apardığı uğurlu xarici siyasət bütün dünyada ona qəti inamı formalaşdırmışdır.
Dağlıq Qarabağ münaqişəsinə toxunan natiq, münaqişənin həlli üçün çıxış yollarının axtarılmasının vacibliyini diqqətə çatdırmışdır. Dağlıq Qarabağ münaqişəsini Cənubi Qafqazda ən böyük təhlükə adlandıran D.Sammut danışıqların daha da fəal aparılmasının vacibliyini qeyd etmişdir.
Pakistanın Preston Universitetinin rektoru Əbdul Basit demişdir ki, Azərbaycan müvəffəqiyyətli enerji siyasəti həyata keçirir və bu da ölkənin iqtisadi inkişafının göstəricilərində əksini tapmışdır. Azərbaycan, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ə.Basit Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizliyə təhdid olduğunu bildirmişdir. O, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından problemin həllinin zəruriliyini vurğulamışdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) baş katibi Elşad İsgəndərov bildirmişdir ki, belə tədbirlərin keçirilməsi dünyanın müxtəlif ölkələrindən alimlərin bir araya gəlməsi və fikir mübadiləsi aparması baxımından əhəmiyyətlidir. Cənubi Qafqazda etnik və dini tərkibin mürəkkəb olduğunu deyən E.İsgəndərov regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi və qorunub saxlanılması baxımından mövcud münaqişələrin həllinin vacibliyini diqqətə çatdırmışdır.
Tədbirdə müzakirə olunan "Regional kontekstdə qlobal problemlər", "Regional təhlükəsizliyə aid problemlər - münaqişələr və münaqişə sonrası inkişaf", "Cənubi Qafqazda artmaqda olan iqtisadi tendensiyalar - regionda informasiya texnologiyalarının və enerji siyasətinin inkişafı", "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçimlər" və digər mövzularda araşdırma məqalələri kitab şəklində çap edilərək dünyanın bütün elm və araşdırma mərkəzlərinə göndəriləcəkdir.
İkigünlük simpoziumun məqsədi regional əməkdaşlığı inkişaf etdirmək, Azərbaycanda və regionda siyasətə, iqtisadiyyata və beynəlxalq münasibətlər sisteminə marağı olan alimlərin şəbəkəsini daha da genişləndirməkdir.
Simpozium öz işini müxtəlif mövzularda
bölmə iclasları ilə davam etdirmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 3.