Bakıda işə başlayan beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun ADU-da bölmə iclası keçirilmişdir

 

Oktyabrın 22-də Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun bölmə iclası keçirilmişdir. Tədbirdə "Regional təhlükəsizlik problemləri - münaqişələr və münaqişədən sonrakı inkişaf" mövzusunda müzakirələr aparılmışdır.

İclasa sədrlik edən London Münaqişələr və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsinin icraçı direktoru Denis Sammut simpzoiumun məqsəd və əhəmiyyətindən, müzakirə olunan problemlərin aktuallığından danışmışdır. Bildirmişdir ki, tədbirin əsas məqsədi beynəlxalq münasibətlər sahəsi üzrə ekspertlərin regionun siyasiictimai həyatında fəal iştirakını təmin etmək, bu sahə üzrə təhsil alan gənclərin akademik müzakirədə iştirakını fəallaşdırmaqdır.

Beynəlxalq Strateji Araşdırmalar Assosiasiyasının tədqiqatlar üzrə direktoru Yosef Bodanski (ABŞ), Çankırı Karatekin Universitetinin professoru Sezai Özçelik (Türkiyə), Ukrayna Dövlət Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Hanna Şelest, Birmingem Universitetinin (Böyük Britaniya) nümayəndəsi Oskar Pardo və digər çıxış edənlər müasir dünya siyasətində Cənubi Qafqazın artan rolundan danışmışlar. Dondurulmuş 4 münaqişədən üçüncünün bu regionda olması və bu amilin dünyanın bir çox siyasətçilərinin, münaqişə üzrə mütəxəssislərin diqqətini cəlb etməsi, bu sahədə beynəlxalq təşkilatların müsbət rolu qeyd edilmişdir. Bildirilmişdir ki, hazırda Cənubi Qafqaz diplomatlar üçün əsl döyüş meydanına çevrilməkdədir. Belə bir kontekstdə regional ekspertlərdən ibarət ümumi şuranın yaradılması zərurəti günün vacib məsələsi kimi meydana çıxmışdır.

İclasda ATƏT-in Minsk qrupunun regionda fəaliyyətindən, münaqişələrin dinc yolla həlli istiqamətində atılan addımlardan söhbət açılmışdır. Münaqişələrin ölkələrin milli maraqları nəzərə alınmaqla danışıqlar masası ətrafında həll edilməsinin vacibliyi vurğulanmışdır. Natiqlər problemlərin həllində simpoziumun əhəmiyyətli rol oynayacağına əminliklərini bildirmişlər.

Mövzu ətafında müzakirələr aparılmış, suallar cavablandırılmış, təkliflər səsləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 3.