"Azərbaycan Respublikasının regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

Oktyabrın 22-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir də müvafiq dövlət qurumlarının, elmi-tədris müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, iqtisadçı-ekspertlər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.

Konfransı açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, Azərbaycanın iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrildiyini bildirmişdir. O, kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən reallaşdırılan tədbirlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, dövlət proqramlarının uğurlu icrası nəticəsində ötən 7 il ərzində ölkədə 900 minə yaxın yeni yeri açılmış, 35 mindən çox yeni müəssisə yaradılmışdır.

Nazir müavini hər bir region üzrə mövcud potensialdan səmərəli istifadə etmək üçün investisiya layihələrinin hazırlanması və onların reallaşdırılmasının əhəmiyyətini vurğulayaraq bu sahədə nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlığı bundan sonra da davam etdirəcəyini bildirmişdir.

Nazirliyin regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov İslam İnkişaf Bankının "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin institusional quruculuğu və potensialının artırılması" layihəsi çərçivəsində görülmüş işlər, ölkənin iqtisadi rayonları üzrə investisiya təklifləri və potensial investisiya sahələri barədə məlumat vermişdir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, xidmət, turizm sektorunu əhatə edən 134 layihədə investisiya qoyuluşunun əhəmiyyəti, investisiya tələbatı və layihənin həyata keçirilmə planı əks olunmuşdur.

Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun fəaliyyəti və həyata keçirilən layihələr, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Adil Məmmədov regionlara xarici investisiyaların cəlb edilməsi, sahibkarların beynəlxalq əlaqələrinin inkişafında AZPROMO-nun rolu barədə məlumat vermişlər.

Sənaye və energetika nazirinin müavini Natiq Abbasov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkəmizin rəhbərliyi tərəfindən aparılan məqsədyönlü və düşünülmüş iqtisadi siyasət sayəsində regionların investisiya potensialının artdığını bildirmiş, sahibkarlığın inkişafına kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, dövlət proqramlarının uğurla icra olunduğunu, regionlarda infrastruktur, sosial-mədəni, istehsalemal obyektlərinin yaradıldığını, regionların inkişafında sahibkarlığın rolunun artdığını diqqətə çatdırmışlar.

AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkəmizin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd edərək bu sahədə həyata keçirilən tədqiqat işləri barədə məlumat vermişlər.

Türkiyə İnkişaf Bankının nümayəndəsi Murat Yülek "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin institusional quruculuğu və potensialının artırılmasına dair" layihəsi çərçivəsində məsləhətçi qurumlar tərəfindən layihənin icrası məqsədilə görülən işlərdən söz açmışdır.

Konfransda "Qlobal mühitdə regional inkişafa baxış", "Regional inkişafda beynəlxalq təcrübə", "Regionlarda turizmin inkişaf xüsusiyyətləri" mövzularında məruzələr dinlənilmişdir. Səsləndirilən təkliflərlə bağlı müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 3.