Xaçmaz 80 illiyini qeyd etmişdir
Oktyabrın 22-si Xaçmazın inzibati rayon kimi təşkil olunmasından 80 il keçir. Respublikamızın şimal qapısı sayılan Xaçmaz ötən müddətdə həm sənaye və kənd təsərrüfatı baxımından inkişaf etmiş, həm də mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Xüsusən son illərdə yeni və müasir tikintilərin hesabına rayonun siması dəyişmişdir. Yubiley tədbirində 80 ilin uğurları ətraflı təhlil edilmişdir.
AzərTAc xəbər verir ki, yubiley mərasiminin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Mədəniyyət və istirahət parkında keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin bütün bölgələrdə olduğu kimi, 80 yaşını qeyd edən Xaçmazda da öz müsbət nəticələrini göstərdiyini bildirmişdir. Son illər rayonda aparılan abadlıq və quruculuq işlərindən danışan natiq bu sırada Heydər Əliyev muzeyinin tikintisini xüsusilə qeyd etmişdir. Muzeyin yerləşdiyi ərazi yaşıllaşdırılmış, şəbəkəli günbəz rayonun arxitekturasına xüsusi gözəllik vermişdir. Azərbaycanda açıq səma altında ilk "Şəxsiyyətlər muzeyi" 2006-cı ildə Xaçmaz şəhərində fəaliyyətə başlamışdır. Kifayət qədər geniş bir ərazini əhatə edən muzey-alleyada ədəbiyyatımızın parlaq simaları, tanınmış sənət adamları və Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli elm adamlarının büstləri qoyulmuşdur. Xaçmaz şəhərinin girişində orta əsr memarlıq ənənələri əsasında tikilən dördtağlı giriş qapısını, Xaçmaz-Xudat yolu üstündəki bulaq-fəvvarə kompleksini də müasir arxitektura nümunəsi hesab etmək olar. Xüsusi memarlıq üslubu ilə seçilən bulaq-kompleks bir bulaq, bir şəlalə və 48 fəvvarədən ibarətdir. Xaçmaz şəhərindəki mədəniyyət və istirahət parkı da yenidən qurularaq daha da gözəlləşdirilmişdir. Burada yaşıllaşdırma işləri xüsusi zövqlə görülmüş, işıqlandırma sistemi təkmilləşdirilmişdir. Park xaçmazlıların sevimli istirahət yerinə çevrilmişdir. Akademik Zərifə Əliyevanın abidəsi, Koroğlu, Şah İsmayıl Xətai və digər abidə-komplekslər, fəvvarə və şəlalələr də rayondakı böyük dəyişikliklərdən xəbər verir.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı onu da bildirmişdir ki, yubileylə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən 12 xaçmazlı fəxri adlar və xüsusi mükafatlarla təltif edilmişdir. Bu, dövlət səviyyəsində rayona diqqətin daha bir nümunəsidir.
Yubiley mərasimi konsert proqramı ilə davam etdirilmişdir. Sonda atəşfəşanlıq olmuşdur.
Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 3.