Bakıda birinci
Beynəlxalq aşıq festivalının təntənəli
açılış mərasimi olmuşdur
Oktyabrın 22-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq aşıq festivalının təntənəli açılış mərasimi keçirilmişdir.
Heydər Əliyev Sarayında təşkil edilmiş tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda ilk dəfə təşkil edilmiş bu beynəlxalq festivala 8 ölkədən - Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarlar qatılmışlar.
Aşıq sənətinin həm Azərbaycan xalq ədəbiyyatının, həm də, ümumiyyətlə, mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biri olduğunu deyən Ə.Qarayev vurğulamışdır ki, bu sahəyə həmişə dövlət qayğısı olmuş, aşıqlarımız fəxri adlara layiq görülmüş, onların konsertləri üçün hərtərəfli şərait yaradılmışdır. Biz bu misilsiz xalq sənətinin yeni şəraitdə dirçəlməsi, insanların estetik tərbiyəsində aşıq yaradıcılığının imkanlarından istifadə olunması, onun qorunması, inkişaf etdirilməsi və nadir milli sərvət olaraq dünyada tanıdılması üçün yeni layihələr və tədbirlər həyata keçiririk.
Ulu öndərimiz Heydər Əliyevin xalq yaradıcılığına bəslədiyi həssas münasibətə sadiq qalaraq aşıq sənətinin inkişafı, dünyada tanıdılması üçün əlimizdən gələni edirik. Bu gün aşıq sənətinin inkişafı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri sayəsində yeni mərhələyə qədəm qoymuşdur. Muğam sənətindən sonra aşıq sənətinin də YUNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilməsi bunun əyani ifadəsidir.
Nazir demişdir ki, ulu ozan Dədə Qorqudun xeyir-duaları ilə əsrlərdən bəri yol gələn aşıq sənəti ustad el şairlərinin yetişməsinə, püxtələşməsinə təkan vermişdir. Onların qoşma, gəraylı və bayatıları dillər əzbəridir. Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Molla Cümənin, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, Aşıq Alının, Aşıq Şəmşirin adına bağlı şeirlər, dastanlar bu gün gözəl sənət nümunələridir. Biz belə bir sərvətə soyuq yanaşa bilmərik. Bu sərvət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa, xoreoqrafiyaya güclü təsir göstərmiş, bu gün də təsir göstərməkdədir.
Son 40 illik tarixi yolun fərqli mərhələlərində əsasını ulu öndərimiz Heydər Əliyevin qoyduğu ənənələrə görə, Azərbaycan mədəniyyəti ən yüksək səviyyədə dəstəklənmişdir. Bu mənada mən ölkəmizin incəsənət xadimlərini xoşbəxt sayıram. Xoşbəxt sayıram ona görə ki, ulu öndərimizin qoyduğu ənənə Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bütün xalqımıza mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsl nümunəsini göstərir.
Nazir diqqətə çatdırmışdır ki, festivalın iştirakçıları Azərbaycanın bir çox bölgələrində maraqlı konsert proqramları ilə çıxış edəcəklər. Festivala oktyabrın 27-də Gəncə şəhərində yekun vurulacaqdır.
Bu festivalın 2 ildən bir keçirilməsinin nəzərdə tutulduğunu söyləyən Ə.Qarayev demişdir ki, növbəti illərdə festivalın coğrafiyası daha da genişlənəcəkdir.
Sonra Azərbaycan aşıq sənətini özündə əks etdirən videomaterial nümayiş etdirilmiş və festivalda iştirak edən ölkələrin təmsilçiləri səhnəyə dəvət olunmuşlar.
Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bildirmişdir ki, Prezident İlham Əliyevin dəstəyi ilə reallığa çevrilən bu festival milli aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi üçün böyük imkanlar yaradacaqdır.
Birliyin sədri xüsusi olaraq vurğulamışdır ki, belə bir möhtəşəm tədbirin ölkəmizdə keçirilməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yaxından kömək göstərmişdir.
Z.Yaqub demişdir ki, xalqımızın bu ölməz sənətinin haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutması qarşımızda yeni üfüqlər açmaqla yanaşı, məsuliyyət hissimizi də artırmışdır. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu festival bütün türk dünyasını əhatə edir.
Gecədə iştirakçı ölkələrin sənətkarları geniş konsert proqramı ilə çıxış etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.-23
oktyabr.- S. 7.