Prezidentlik fəaliyyəti
dövrünü tarixə çevirməyi bacaran lider
2003-cü ilin prezident seçkiləri ərəfəsində - tarixi taleyimizin məsuliyyətli günlərində xalqa müraciət edən ulu öndər Heydər Əliyev İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inandığını ifadə edərək demişdi: "ESizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Həmin seçkilər nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını sübuta yetirdi. Xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyevin ötən yeddi illik fəaliyyəti bu kontekstdən mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə təsdiqini tapmış bu siyasi kursun ardıcıllığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.
İki il əvvəl oktyabrın 15-də keçirilən növbəti prezident seçkilərində Azərbaycan xalqı bir daha öz səsi ilə bəyan etdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqdir. Təsdiq etdi ki, cənab İlham Əliyevin ötən beş il ərzində apardığı fəaliyyətin nəticələri onu qane edir, həyati maraqlarına cavab verir. İsbat etdi ki, o, kürsü, meydan siyasətçilərinin boş çağırışlarını, irreal vədlərini deyil, əsl siyasətin real işə, konkret nəticəyə dayandığını əməli fəaliyyəti ilə sərgiləyən dövlətcil təfəkkürlü bir lideri dəstəkləyir.
Prezident İlham Əliyev öz tükənməz enerjisi, zəhmət yanğısı, quruculuq fəlsəfəsi ilə hakimiyyətdə varisliyin yeni, daha bitkin, konkret, əyani və universal modelini ortaya qoydu. Bu model qarşıdakı illərdə Azərbaycanın aqrar, sənaye, sosial-mədəni, humanitar, bir sözlə, bütün sferalarda kəskin keyfiyyət sıçrayışını nəzərdə tutduğu üçün xalqa daha yaxın idi. "Ən böyük siyasətin real, konkret iş" olduğu özünün bariz təcəssümünü az bir zamanda şəhər və kəndlərimizin abadlaşan simasında, paytaxtda və regionlarda işə salınan müəssisə və sənaye nəhənglərinin timsalında, açılmış yüz minlərlə iş yerində çalışıb ailəsinə çörək aparan həmvətənlərimizin məmnunluq yağan çöhrəsində, inşa olunmuş, yaxud yenidən qurulmuş 2000-dək məktəbin divarları arxasında ucalan xoşbəxt uşaq səslərində, istifadəyə verilmiş 300-dək müasir səhiyyə ocağında şəfa tapanların şükranlıq yağan dodaqlarında, 24 müasir olimpiya idman kompleksində, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə inşa olunan və yenidən qurulan uşaq evlərində isti qucaq, əsl valideyn qayğı və məhəbbəti, nəvaziş görən körpələrin məsum baxışlarında tapır. Bu sıraya paytaxtın qürur mənbəyinə çevrilən möhtəşəm körpüləri, yeraltı keçidləri, təzə salınan yolları, yenidən qurulan bağ və parkları da əlavə etsək, böyük quruculuq salnaməsi yaranar.
Yeddiillik fəaliyyətin vətəndaşların və dövlətin mənafeyinə hesablanmış real və konkret nəticələri xalqın müdrik seçiminin ümidləri tam doğrultduğuna dəlalət edir. Prezident İlham Əliyevin əldə etdiyi böyük siyasi nailiyyətlər sistemli və düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi nəticəsi kimi diqqəti çəkir.
İnkar edilməsi mümkünsüz həqiqətdir ki, Azərbaycan cəmiyyəti həmişə ictimai hadisə və münasibətlərə tolerant münasibətilə seçilib. Əks ideoloji səngəri, fərqli düşüncə tərzini bölüşən siyasi qüvvələr də bu qəbildən istisna deyillər. Cənab İlham Əliyev həmişə ölkənin inkişafı ilə bağlı alternativ konsepsiyalar irəli sürməyə qabil sağlam, konstruktiv müxalifətlə əməkdaşlığın mümkünlüyünü bəyan edib. Eyni xoş məram Prezidentin 2008-ci il oktyabrın 24-də Heydər Əliyev sarayında keçirilmiş andiçmə mərasimində söylədiyi nitqində də səsləndi. Seçkilərdə onu dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə təşəkkürünü bildirən dövlət başçısı həmin istəyini belə ifadə etdi: "Mən ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız sivil yollarla aparılacaqdır".
Etiraf olunmalıdır: cənab İlham Əliyevin qələbəsi Azərbaycanda ötən beş ildə davam edən inkişaf proseslərinin məntiqi nəticəsi idi. Həmin proseslər özündə çox geniş bir fəaliyyət məcrasını, palitrasını ehtiva edir. Yeni neft strategiyasının daha effektli şəkildə davam etdirilməsi, görünməmiş iqtisadi sıçrayış, aqrar sahədə əhəmiyyətli revanş, regionların möhkəm iqtisadi zəminlər üzərində artan sosial-mədəni potensialı, qəbul edilərək həyata keçirilən ən müxtəlif dövlət proqramları, ölkə coğrafiyasını əhatə edən nəhəng quruculuq işləri, infrastruktur layihələri, abadlıq tədbirləri... saymaqla qurtaran deyil. Məhz bu sahələrdə əldə edilmiş uğurlar ölkə vətəndaşlarını öz seçimlərini həmin nailiyyətlərin tək memarı İlham Əliyevin üzərində saxlamağa sövq etdi.
Güclü, çevik və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri güzgün müəyyənləşdirməklə yeni dövrün ən səciyyəvi cəhəti kimi, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkdi.
Sosialyönümlü siyasət yeridən Prezident İlham Əliyevin ötən yeddi il ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sərgiləyir. O, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atdı.
O hakimiyyət daimi, güclü, yenilməzdir ki, xalqa söykənib, qüvvəsini onun birliyindən alır, mandatını hər bir fərdin iradə və etimad tərcümanı olan səsi ilə əldə edir. Politoloji müntəxəbatın bu sadə olduğu qədər də imperativ postulatı hakimiyyət ustası Heydər Əliyevin siyasi idarəetmə fəlsəfəsinin aparıcı qayə və prinsipinə çevrilmişdi. Cənab İlham Əliyev həmin incə hikməti əxz etməklə kifayətlənməmiş, bu məxəzi idarəetmə fəaliyyəti və dövlətçilik təcrübəsinin novator çalarları ilə daha da zənginləşdirmişdir.
"Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam. Əgər xalq mənim fəaliyyətimi dəstəkləyirsə, inanırsa, bu, ən böyük mükafatdır". Xalqın dəstəyini dövlət başçısı kimi öz fəaliyyətinin münbit stimulu, hakimiyyətin sütunu və dövlətin inkişaf konsepsiyasının sosial sifarişçisi hesab edən Prezident bu cür düşünür və 2008-ci il oktyabrın 24-də andiçmə mərasimindəki nitqində eyni yöndən səsləndirdiyi növbəti fikir də az əhəmiyyətli deyil: "...Bütün bunları biz Azərbaycan xalqının dəstəyi ilə etmişik. Mən müxtəlif istiqamətlərdə atılan bütün bu addımları xalqla məsləhətləşmələr apararaq etmişəm".
Cənab İlham Əliyev o dövlət başçılarındandır ki, kabinetində oturmağı xoşlamır, iş təqviminin xeyli hissəsini bölgələrə səfərlərdə keçirir, ölkənin sosial-iqtisadi infrastrukturu üçün mühüm əhəmiyyət kəsb edən obyektlərin açılışında iştirak edir. Müasir siyasi lider və menecer təfəkkürlü hakimiyyət başçısına xas olan məziyyətlərin uğurlu simbiozu özünü onun idarəetmə təcrübəsində bu cür pozitiv və novatorçu yöndən sərgiləyir.
Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin tələbkarlığı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Xalqı seçkidən-seçkiyə yada salan bəzi siyasi qüvvələrdən fərqli olaraq, Azərbaycan Prezidentinin bölgələrə səfərləri kampaniyaçılıqdan tamamilə uzaq olub, onun təkmil idarəçilik üslubuna çevrilmişdir.
Xalqla dialoq, möhtəşəm layihələrin geçəkləşdirilməsində bu tükənməz ilham mənbəyinə müraciət və istinad Prezidentin nitqlərindən həmişə qırmızı xətlə keçir: "Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Əks təqdirdə onların heç biri həyata keçirilə bilməzdi. Əgər bu dəstək olmasaydı, əgər həmrəylik olmasaydı, bizim təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bunların heç birini edə bilməzdik. Azərbaycanın müasir tarixi, bizimlə eyni taleyi yaşayan digər ölkələrin tarixi onu göstərir ki, harada iqtidar tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən dəstəklənirsə, orada həm həmrəylik var, həm sabitlik, həm də inkişaf var".
Bu bir həqiqətdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hakimiyyət uzunömürlüyünün formulu, iksiri onun iliyinə, qanına qədər xəlqi mündəricə daşımasında, dövlətin taleyindən yana prinsipial məsələlərin həllində xalqın iradə və səsinə istinad etməsindədir. Prezident İlham Əliyev bu hikməti sadəcə dəyərləndirməklə kifayətlənmədi, onu gündəlik fəaliyyətinin vazkeçilməz imperativinə çevirməyi bacardı ki, bu da öz bəhrəsini 15 oktyabr seçkilərində, belə demək mümkünsə, böyük səs çoxluğu ilə verdi.
Dövlət başçısı İlham Əliyev yeni tipli, yeni nəsil, idarəetmədə siyasi menecment elementlərindən barınmağa üstünkük verən Qərb yönümlü, novator amplualı siyasətçilərdəndir. İşlətdiyimiz "yeni" təyini özündə əvvəlki siyasətçilər sülaləsindən köklü şəkildə fərqlənən novator, proqressiv, mahiyyət və mündəricəsi etibarilə tam fərqli pozitiv prinsipləri ehtiva edir. Bu, iqtisadi təfəkkürlə düşünməyi bacaran və bunu siyasi konyunkturun fövqünə qaldıran, başqa sözlə desək, siyasəti əməli fəaliyyətin instrumentinə çevirən bir siyasi təmayüldür. Vaxtilə layiq görüldüyü AŞ PA-nın "Şərəf və ləyaqət" ordeni onun siyasətçi ampluasına verilən ən dəqiq beynəlxalq qiymətdir.
Bəli, Əliyevlər hakimiyyətdə məhz kimin ifadə olunmasına sivil yanaşma mədəniyyəti bərqərar etdilər. Çünki dövlətin birinci şəxsinin kim olmasında məhz funksionerlər maraqlıdırlar. Xalqı isə birinci şəxsin necə işləyəcəyi, bu fəaliyyətin onun rifahında necə əks olunacağı daha çox maraqlandırır. Cənab İlham Əliyev ötən yeddi ildə məhsuldar, effektiv fəaliyyəti ilə şəxsiyyətinə ümumxalq maraq və inam oyatmağı bacardı. Bu inamı qidalandıran, ona yaşamaq hüququ verən əsas amil Prezidentin siyasətə və vəzifəyə məqsəd kimi deyil, məhz ali bir vasitə - xalqına, millətinə, torpağına, dövlətinə namuslu bir fərd kimi xidmət etməyə geniş imkanlar açan vasitə kimi yanaşmasıdır. Ölkə başçısının yeddi illik fəaliyyətinin məhvərində vaxtilə söylədiyi və ötən dövrün qazanılmış uğurlarının timsalında çox əyani şəkildə təzahür edən belə bir konseptual-əməli formul durur: "Mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni iş yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni siyasət hansısa konkret nəticə ilə yekunlaşmalıdır... Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir".
Praqmatizm, səmimilik, siyasi iradə və qətiyyətlilik, məqsədyönlülük, mütərəqqi islahatlara meyillilik, öz siyasətini reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə toplumun maraqlarını nəzərə almaq qabiliyyəti kimi mühüm keyfiyyətlər Prezident İlham Əliyevin fenomen siyasi lider obrazını şərtləndirən mühüm elementlər sırasında xüsusi vurğulana bilər. Azərbaycan Prezidentinin ötən dövr ərzində inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük entuziazmla həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilə bilər.
Cənab İlham Əliyev, müxalifətdən fərqli olaraq, populist vədləri sağa-sola səpələmir. Onun başçılığı ilə yeni işgüzar və siyasi elitanın, maliyyə elitasının respublikanın hakimiyyət strukturlarına axını prosesi başlamışdır. Və bu gün peşəkarlar nəyə qadir olduqlarını bir çox dövlət, hökumət strukturlarında, yüksək vəzifələrdə əyani şəkildə nümayiş etdirirlər.
Ölkə başçısının ötən yeddi ildə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər.
Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezidentin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardır. Və belə bir aşkar politoloji yekuna iddia etməklə yanılmarıq ki, ötən müddət ərzində cənab İlham Əliyev ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə yüksəltmişdir.
Açıqlıq və ünsiyyətcillik, diplomatiyanın əsaslarına dərindən bələd olması cənab İlham Əliyevə dünyanın ən nüfuzlu dövlətlərinin işgüzar və maliyyə dairələrində sıx şəxsi əlaqələr, dostluq münasibətləri yaratmağa imkan verib. Nəticədə bütün bu əlaqə və münasibətlər milli iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə axınına kömək edib. Milli iqtisadiyyatımız isə, müstəqil ekspertlərin fikrincə, indi ən sabit və dinamik inkişaf edən iqtisadiyyatlardan biridir.
Bir sözlə, yeddiillik çoxcəhətli fəaliyyəti prizmasından nəzər saldıqda görürük ki, İlham Əliyev daxili və xarici siyasətdə, iqtisadiyyatda, ictimai fəaliyyətdə özünü tam bir örnək kimi təsdiq etmiş dövlət başçısıdır.
Bəli, bu gün konkret işlər zamanıdır. Aktual problemləri həll etməyi, qarşıya qoyulmuş məqsədlərə çatmağı bacaran, məsuliyyətdən qorxmayan adamların zamanıdır. Bu gün peşəkarların zamanıdır.
Heydər Əliyev ənənələrini davam etdirmək üçün İlham Əliyevin ən real şanslara malik olduğunu təsdiqləyən proseslər ictimai rəyin dəqiq seçiminin yəqinləşməsində kifayət qədər həlledici rol oynamışdır. Cənab İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyan, milli dövlətçilik əsaslarını möhkəmləndirən, ölkədə demokratik ənənələrin təsbit olunmasına şərait yaradan ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı kimi, çiynində daşıdığı ağır yükün məsuliyyətini həmişə bütün ciddiyyəti ilə dərk etmiş, gənc müstəqil dövlətimizin rifahı naminə bütün bacarığını sərf edir. Ümummilli liderin siyasət məktəbində yetişmiş, təmiz keçmişə, müasir lider imicinə malik olması Prezidentin ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında xüsusi vurğulana bilər.
Cənab İlham Əliyev Prezident seçildikdən sonra ilk bəyanatı ondan ibarət oldu ki, Azərbaycan indiyədək getdiyi yolu davam etdirəcək, Heydər Əliyev kursu dönmədən həyata keçiriləcəkdir. Heydər Əliyev siyasi kursu nə deməkdir? Bu suala tarix elmləri doktoru, professor Əli Həsənov müsahibələrinin birində belə cavab verib: "1993-cü ildən başlayan bu kurs Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesinin başa çatdırılması, iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın dinamik inkişafa xas olan iqtisadi bazasının yaradılması demək idi. Ölkədə siyasi plüralizm, demokratik və vətəndaş cəmiyyətinin bərqərar olması idi. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və beynəlxalq hüquq normaları ilə tənzimlənən sivil dünya siyasətinə inteqrasiya etməsi və bu məkanda özünə layiq yer tutması idi. Azərbaycan iqtisadiyyatının onurğa sütununu təşkil edən və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının reallaşması idi".
Prezident İlham Əliyevin ötən yeddi ildə əldə etdiyi böyük siyasi nailiyyətlər sistemli və düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi nəticəsi kimi diqqəti çəkir. Böyük siyasətə qədəm qoyduğu 15 ildən də artıq dövr ərzində ciddi uğurlara imza ataraq özünü praqmatik siyasətçi kimi təsdiqləmiş, yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra etmişdir.
Ötən yeddi il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və pasionallığa söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləyir.
Dövlət başçısının çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi inkişafın nəticəsidir ki, bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Dövlət büdcəsinin, respublikamızın valyuta ehtiyatlarının, ÜDM-in həcminin, ölkəyə investisiya qoyuluşunun artımındakı, yeni iş yerlərinin açılmasındakı dinamika sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri kimi dəyərləndirilməlidir.
İqtisadiyyatda mütərəqqi inkişaf meyillərinin daha da sürətləndirilməsi, bu prosesdə yüksək dinamizmin təmin olunması yollarının nəzəri-praktiki və konseptual əsaslarını özündə əks etdirən dövlət proqramlarının qəbul olunması Prezidentin öz qarşısına qoyduğu məqsədlərin reallaşdırılmasında etibarlı və işlək bir vəsilədir.
Regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, bölgələrdə sahibkarlığın, özəl sektorun tərəqqisi, iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər sistemi müəyyənləşdirən həmin sənədlərdə cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləri elmi dəlillərlə əsaslandırılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2009-2013-cü illər) digər vacib məqam insan amili ilə şərtlənmiş, ötən müddət ərzində yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu da, öz növbəsində, insan amilinin yüksəlişinə, bölgələrdə mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda intişar tapmasına zəmin yaratmışdır. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən dövlət başçısı İlham Əliyev bölgələrdə yaşayan vətəndaşların sosial-infrastruktur baxımından paytaxtla bərabər səviyyədə layiqli həyat tərzinin təmin olunmasına, regional inkişafdakı fərqin doğurduğu mənəvi-psixoloji fəsadların aradan qaldırılmasına çalışmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində cəmiyyət həyatının bir çox həyati əhəmiyyətli sahələri kimi, təhsil və elmdə qazanılan uğurlara da toxunmuş, gələcək naminə ölkədə güclü insan kapitalının formalaşdırılması zəruriliyini diqqətə çəkmişdir.
"...Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir" deyən cənab İlham Əliyev haqlı olaraq belə bir qənaəti bölüşür ki, bu gün bəşəriyyətdə demokratik idealların daha da möhkəmlənməsi, elmi-texniki tərəqqinin geniş vüsət alması insan amilinin inkişafını vacib məsələlərdən biri kimi önə çıxarır.
"Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır". Bu sözlərin müəllifi cənab İlham Əliyevin xarizmasına olan kütləvi inam da məhz onun idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir.
"Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam. Əgər xalq mənim fəaliyyətimi dəstəkləyirsə, inanırsa, bu, ən böyük mükafatdır" - bu sözləri də cənab İlham Əliyev prezidentliyinin ilk günlərində bəyan etmişdir.
Bugünün ən tutarlı cavabı isə ötən müddət ərzində həyata keçirilmiş işlərin miqyası, siqləti, əhəmiyyəti və bir də minnətdar olmağı bacaran Azərbaycan xalqının öz Prezidentinə bəslədiyi səmimi inamda ifadə olunmuş etimad duyğusudur.
Xalid NİYAZOV
Azərbaycan.- 2010.-24
oktyabr.- S. 1, 2.