Azərbaycan BMT çərçivəsində milli maraqlarını qətiyyətlə müdafiə edir

 

Hər il oktyabr ayının 24-ü dünyada Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü kimi qeyd olunur. 1945-ci ilin məhz bu günündə - beynəlxalq orqanın yaradılması müqaviləsi təsdiq edildikdən sonra Birləşmiş Millətlər Təşkilatı rəsmən yaradılmışdır. 1971-ci ildə isə BMT Baş Assambleyasında təşkilata üzv dövlətlərdə bu günün bayram kimi qeyd olunması haqda qətnamə qəbul edilmişdir. Ənənəyə uyğun olaraq bu gün bütün dünyada təşkilatın məqsəd və müvəffəqiyyətlərinə həsr olunmuş müşavirələr, müzakirələr, sərgilər keçirilir.

Bu nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçilik hər bir dövlətin xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Azərbaycan Respublikası da müstəqillik qazandıqdan sonra beynəlxalq aləmə sıx inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa mühüm önəm vermişdir. Respublikamızın Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə münasibətlərdə ötən 18 ildə əldə etdiyi nəticələr bu baxımdan xüsusilə vacib əhəmiyyət daşıyır. 1992-ci il martın 2-də bu mötəbər beynəlxalq təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunan Azərbaycan dövlət müstəqilliyinin siyasi-hüquqi təminatını gücləndirmək, eləcə də beynəlxalq səviyyədə maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazanmışdır.

BMT-yə üzvlükdən dərhal sonra respublikamız təşkilat çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə, potensial imkanlardan istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələrini qəbul etmişdir. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı faktı bir daha təsdiq olunmuşdur. Təşkilat respublikamızın ərazi toxunulmazlığını bir daha önə çəkmiş, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikasının ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. BMT Baş Assambleyası Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsindən, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən dərin narahatlıq hissi keçirərək, 1993-cü ildə 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdir.

Ümumilikdə, 1992-1996-cı illərdə BMT Təhlükəsizlik Şurasının sədri və BMT Baş katibi Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini təsdiqləyən bir sıra bəyanatlar yaymışlar. 1996-cı ildə BMT Baş Assambleyası "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiqləmişdir.

1994-cü ildə BMT Baş Assambleyasının sessiyalarında ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Ümummilli lider ilk dəfə Azərbaycan Respublikasının Prezidenti kimi həmin tribunadan istifadə edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmış, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etmişdir. Heydər Əliyev 2000-ci ilin sentyabrında BMT-nin Minillik Zirvə Toplantısına qatılmış, dərin məzmunlu çıxışında qloballaşma prosesinə toxunmuş, Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri vurğulamışdır.

Azərbaycan ötən 18 ildə BMT-nin bir çox xüsusi qurum və orqanları ilə də fəal əməkdaşlıq etmişdir. Bu sırada BMT-nin İnkişaf Proqramını (BMT İP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığını, BMT-nin Uşaq Fondunu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatını, Sənaye İnkişaf Təşkilatını, Ümumdünya Səhiyyə Təşkilatını, BMT-nin Qadınlar Fondunu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması haqqında Müqavilə Təşkilatını və digər qurumların adlarını xüsusi qeyd etmək olar.

Ulu öndərin xarici siyasət kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir statusunda BMT Baş Assambleyasının sessiyasında iştirak etmiş, milli sosial-iqtisadi inkişaf, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdır. Cənab İlham Əliyev beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslərdə BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklərin edilməsi məsələlərini ön plana çıxarmışdır.

Uzun müddət dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən, habelə beynəlxalq təhlükəsizlik sisteminin formalaşmasını təmin edən BMT-nin hazırkı böhranlı durumu - cərəyan edən qlobal proseslərə təsir imkanlarının məhdudluğu, qətnamələrini icra edə bilməməsi, bəzən də "ikili standartlara" yol verməsi təşkilata üzv dövlətlərin böyük əksəriyyətində ciddi narahatlıq doğurur. Bu, əsasən təşkilatda çıxarılan qərarların həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə cavab verməməsi ilə şərtlənir. BMT-nin hansısa ciddi qərarlar qəbul etməsi Təhlükəsizlik Şurasının 15 daimi üzvünün konsensusa gəlməsindən asılıdır ki, bu da təşkilatın çevikdinamik fəaliyyətini əngəlləyir.

2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın üzvlərini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir. Cənab İlham Əliyev demişdir ki, Ermənistan Respublikası münaqişə zamanı çox ciddi beynəlxalq cinayətlər törətmiş, etnik təmizləmə siyasətini həyata keçirmişişğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışmışdır. Azərbaycan ərazilərinin işğalına görə bu dövlətin məsuliyyət daşıması beynəlxalq səviyyədə etiraf edilmiş, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünə tam dəstəyini vermiş, torpaqların gücdən istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğulamışdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyinə baxmayaraq, Azərbaycan əraziləri işğal altında qalmaqda davam edir. Bütün bunları diqqətə çəkən dövlət başçısı bildirmişdir ki, münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verirbu da gözlənilməz nəticələrə gətirə bilər: "Münaqişənin tezliklə həll olunması istiqamətində göstərilən hazırkı səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə pozur və işğalın cari status-kvosunun daha da möhkəmləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanmasına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır".

Dövlət başçısı bir daha vurğulamışdır ki, münaqişənin həlli erməni hərbi qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən müəyyən edilmiş müddət ərzində çıxarılmasını, bütün kommunikasiyaların bərpasını, bütün qaçqın və məcburi köçkünlərin doğma yerlərinə qayıtmasını, beynəlxalq təhlükəsizlik zəmanətlərini, o cümlədən sülhməramlı qüvvələri, Dağlıq Qarabağın müvəqqəti statusunu nəzərdə tutur.

Bu gün dünya ictimaiyyəti insan hüquqlarını ali dəyər kimi qəbul etdiyi halda, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması ciddi təəssüf doğurur. BMT Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməli, qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 24 oktyabr.- S.1, 2.