Parlamentə keçiriləcək seçkilərə Avropa məkanında böyük maraq göstərilir

 

Oktyabrın 23-də Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkilərini müşahidə missiyasının rəhbəri xanım Odri Qloverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Missiya üzvlərini Azərbaycanda görməkdən məmnunluq ifadə edən Milli Məclisin sədri Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu arasında yüksək səviyyəli əlaqələr yarandığını qeyd etdi. Bildirdi ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda artıq səkkizinci dəfədir seçkilərin müşahidəsini aparır.

Oqtay Əsədov vurğuladı ki, Azərbaycan ATƏT-lə, onun müxtəlif institutları ilə, eləcə də digər Avropa təşkilatları ilə münasibətlərin davamlı olaraq inkişaf etdirilməsinə hər zaman xüsusi önəm verib. Parlamentin rəhbəri qarşıdan gələn seçkilərin demokratik, azad, ədalətli və şəffaf keçirilməsi məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin üzərinə düşən bütün öhdəlik və vəzifələri yerinə yetirdiyini qeyd edərək dedi ki, parlament qanunvericilik bazasını Avropa standartlarına uyğunlaşdırır.

Səmimi görüş üçün təşəkkürünü bildirən xanım Odri Qlover cari ilin sentyabrın 28-dən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçki prosesini izlədiyini vurğuladı. Qeyd etdi ki, artıq seçki ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu özünün ilk aralıq hesabatını açıqlayıb. Sözügedən sənəddə namizədlərin qeydiyyata alınması məsələsinə toxunulub. Hesabatda Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn parlament seçkilərinə çox aktiv hazırlıq apardığı bildirilib. Qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası çoxsaylı təlimatlar hazırlayıb. Seçki komissiyalarının üzvləri üçün müxtəlif treninqlər keçirilib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2010.- 24 oktyabr.- S. 1.