Bakıda "Ana və uşaq
sağlamlığı" mövzusunda beynəlxalq simpozium
işə başlamışdır
Oktyabrın 23-də Respublika Perinatal Mərkəzində "Ana və uşaq sağlamlığı" mövzusunda beynəlxalq simpozium öz işinə başlamışdır.
Simpozium Amerika-Avstriya Fondu Açıq Tibb İnstitutunun Azərbaycan nümayəndəliyi və ölkəmizin Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə azərbaycanlı mütəxəssislərlə yanaşı, Amerika və Avstriyanın tanınmış alimləri də iştirak edirlər.
Simpoziumda Respublika Perinatal Mərkəzinin direktoru Əzim Nağdəliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması dövlətin prioritet sahələrindən biridir. Ölkəmizdə səhiyyənin bütün sahələrində olduğu kimi, ana və uşaqların sağlamlığının mühafizəsi işində də bir sıra nailiyyətlər əldə edilmişdir. Paytaxtda və regionlarda perinatal mərkəzlərin yaradılması, müasir avadanlıqla təchiz edilməsi, neonatoloqların yeni təhsil sistemi üzrə hazırlanması dövlətin bu sahəyə verdiyi əhəmiyyətin bariz nümunəsidir.
Səhiyyə Nazirliyinin nümayəndəsi Elmira Əliyeva vurğulamışdır ki, uşaqlara göstərilən tibb xidməti, onların sağlamlığının qorunması, bərpa edilməsi bizim gələcəyimiz üçün çox vacibdir.
Simpoziumda çıxış edən ABŞ-ın Kolumbiya Universitetinin professoru, Nyu-York Presvitarian Xəstəxanasının Neonatal Mərkəzinin direktoru Riçard Polin Azərbaycanda səhiyyə sahəsində gedən sürətli inkişafı, ana və uşaq sağlamlığı sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirmişdir.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev simpozium iştirakçılarının diqqətini ölkəmizdə yeni doğulmuşlar arasında yayılmış xəstəliklər və bu halların qarşısının alınması istiqatəmində görülmüş işlərə yönəltmişdir. Bildirmişdir ki, son vaxtlar ana bətnində yaranan xəstəliklər daha çox müşahidə olunur.
Oktyabrın
24-də başa çatacaq simpoziumda "Yeni
doğulmuşların reanimasiyasında yeni konsepsiyalar",
"Yeni doğulmuşlarda arterial axacağın açıq
qalması", "Yeni doğulmuşlarda persistə edən
ağciyər hipertenziyası", "Avstriyada ana və
uşaq preventiv tədbir kimi", "Azərbaycanda ana və
uşaq sağlamlığının mühafizəsində
yeni istiqamətlər və dəyişikliklər" və
digər mövzularda məruzələr dinlənilib
müzakirə ediləcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 24 oktyabr.- S. 3.