Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu başa çatmışdır

 

Simpoziumda Bakı bəyannaməsi qəbul edilmişdir

 

Bakıda keçirilən beynəlxalq münasibətlər üzrə alimlərin "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda birinci illik simpoziumu oktyabrın 23-də başa çatmışdır.

Simpoziumun sonuncu günü "Regional kontekstdə qlobal problemlər", "Regional təhlükəsizliyə aid problemlər - münaqişələr və münaqişə sonrası inkişaf", "Cənubi Qafqazda artmaqda olan iqtisadi meyillər - regionda informasiya texnologiyalarının və enerji siyasətinin inkişafı", "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçimlər", "Cənubi Qafqazda din və kimlik" mövzularında məruzələr dinlənilmişdir.

Tədbirdə Buxarest Siyasi və İnzibati Araşdırmalar üzrə Milli Məktəbin professoru, Münaqişənin Qarşısının Alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Çifu Cənubi Qafqaz və Azərbaycan ilə əlaqəli beynəlxalq inkişaf məsələləri, regional münaqişələrin regional münasibətlərə təsiri, enerji və təhlükəsizlik, beynəlxalq münasibətlər sisteminin müasir təkamülü ilə bağlı Mərkəzi və Şərqi Avropada maraqlar və digər vacib məsələlər haqqında danışmışdır.

Böyük Britaniyanın Birmingem Universitetinin tədqiqatçısı Oskar Pardo müasir dünya siyasətində Cənubi Qafqazın artan roluna toxunmuşdur. Bildirilmişdir ki, regiondakı münaqişələrlə bağlı vəziyyətin qiymətləndirilməsində beynəlxalq təşkilatlar, xüsusilə də, Avropa İttifaqı mühüm rol oynamalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizliyə ən böyük maneə olduğunu deyən O.Pardo problemin həlli üçün təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulamışdır.

Böyük Britaniyadan olan tanınmış antropoloq Tamara Draqadze regional əməkdaşlıq və şəbəkələşmə kontekstində Cənubi Qafqazda etnik və dini kimliyin, identifikləşmənin formalaşması və bunların beynəlxalq münasibətlərdəki rolundan danışmışdır. Xanım Draqadze Azərbaycandakı dini dözümlülüyün və tolerantlığın digər ölkələr üçün nümunə ola biləcəyini söyləmişdir.

Cenevrədə fəaliyyət göstərən Beynəlxalq İnkişaf Fondunun direktoru, Türkiyənin Sabancı Universitetinin təsisçi dekanı Əhməd Evin Cənubi Qafqazın regional enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulamışdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirən qonaq bu gün təbii qaza artan tələbatın Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirdiyini diqqətə çatdırmışdır.

Kanadanın Norman Paterson Beynəlxalq Əlaqələr Məktəbinin direktoru Fen Osler Hampson çıxışında Azərbaycanın təkcə regionda deyil, dünya miqyasında söz sahiblərindən birinə çevrildiyini demişdir. Bildirilmişdir ki, Azərbaycan rəhbərliyi ölkənin maraqlarına xidmət edən balanslaşdırılmış siyasəti uğurla həyata keçirir. Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynadığını deyən alim ölkəmizin neft və qaz təchizatının şaxələndirilməsinə üstünlük verməsini yüksək qiymətləndirmişdir. O, Azərbaycanın həm enerji daşıyıcılarının istehsalçısı, həm də tranzit ölkə kimi regionda və dünyada əhəmiyyətli rol oynadığını vurğulamışdır.

Simpoziumun sonunda Bakı bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə Bakı simpoziumunun əməkdaşlığın müxtəlif formalarının gələcəkdə inkişafı üçün əsas olduğu bildirilir. Simpozium iştirakçıları birmənalı olaraq qeyd edirlər ki, Avropa və Asiyanın kəsişməsində yerləşən və Mərkəzi Asiyanın təbii ehtiyatlarının Avropa bazarlarına çatdırılmasında mühüm rol oynayan Cənubi Qafqaz regionunda sülh bərqərar olunmalıdır. Həll olunmamış münaqişələr sülh və təhlükəsizliyə ən böyük təhdiddir və bu münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir. Sənəddə qeyd olunur ki, tədbirin bundan sonra Bakı simpoziumu adlandırılması ilə bağlı razılığa gəlinmişdir. Növbəti simpoziumun 2011-ci ilin oktyabrında keçirilməsi qərara alınmışdır.

Xatırladaq ki, simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər, Qafqaz və Xəzər universitetləri, Londonun Münaqişələr və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-24  oktyabr.- S. 2.