Bakı - cazın paytaxtı

 

Avropanın nüfuzlu "Euronews" kanalı Bakıda keçirilən II Beynəlxalq caz festivalı haqqında geniş reportajını oktyabrın 23-də məhz bu sərlövhə ilə təqdim etmişdir.

Reportajda Azərbaycanda cazın tarixi, inkişafı, müasir caz ustaları, ölkəmizdə artıq ənənəvi olaraq keçirilən caz festivalları barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, II Beynəlxalq caz festivalı Azərbaycan paytaxtının bütün çalarlarını özündə əks etdirir.

Bildirilmişdir ki, Bakı cazı XX əsrin 50-ci illərindən öz inkişaf dövrünə qədəm qoymuşdur. Məhz bu dövrdə sonradan bütün dünyada tanınacaq Müslüm Maqomayev, Polad Bülbüloğlu, Vaqif Mustafazadə öz repertuarlarında digər musiqi janrları kimi caza da böyük yer verməyə başlamışlar.

Reportajda müasir Azərbaycan caz məktəbinin ən parlaq nümayəndələrinin müsahibələrinə yer verilmişdir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, festivalın təşkilatçılarından olan Fərəh Əliyeva demişdir ki, Bakıda hər kəs caz musiqisini sevir. Keçmiş sövet dövründə bütün musiqiçilər Bakıya gəlməyə can atırdılar, çünki bura caz şəhəri idi. XXI əsrin əvvəllərindən təşkil etməyə başladığımız festivalların əsas məqsədi Bakını regiondadünyada cazın paytaxtına çevirməkdir.

Saksofon ifaçısı Rain Sultanov bildirmişdir ki, caz azad musiqidir. Biz səhnədə ifa edəndə öz ideyalarımızı musiqi səs formasında çatdırırıq. Musiqiçilər üçün Şərq ya Qərb musiqisini ifa etmələrinin fərqi yoxdur. Biz, sadəcə, musiqi ifa edirik.

Pianoçu İsfar Sarabski bildirmişdir ki, mənim məqsədim Azərbaycan musiqisini bütün dünyada məşhurlaşdırmaqdır. Arzu edirəm ki, Azərbaycanda caz məktəbi yaradılsın gənc caz musiqiçiləri burada cazı öyrənə bilsinlər. İstəyirəm ki, Azərbaycan cazı bütün dünyada məşhur olsun. İnsanlar Azərbaycan cazını dinlədikləri zaman "bəli, bu yaxşıdır" desinlər.

Azərbaycanın ev sahibliyi ilə keçirilən festivalın dünyanın tanınmış musiqiçilərinin böyük marağına səbəb olduğu reportajda vurğulanmış, bu musiqi bayramında məşhur ifaçıların iştirak etdiyi bildirilmişdir.

Qeyd olunmuşdur ki, Bakı festivalı oktyabrın 30-da böyük qala konsertlə yekunlaşacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 oktyabr.- S. 3.