Azərbaycan tarixindən yeni səhifələr

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin fəaliyyətinin ən mühüm sahələrindən biri də müntəzəm olaraq sənəd materiallarının nəşri və onları geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır. Bu baxımdan müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə aid 8 cildlik, habelə digər sənəd toplularını yada salmaq kifayətdir. Bu toplular Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənən tədqiqatçılar üçün əvəzsiz mənbədir.

Arxiv idarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayevin rəhbərliyi ilə hazırlanaraq nəşr olunmuş "Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Sovetinin iclas protokolları (1920-1922-ci illər)" elmi ictimaiyyəti çox sevindirdi. Nəşr olunmuş kitab göstərilən dövr üçün Azərbaycan tarixini obyektiv öyrənmək baxımından əvəzsiz mənbədir. Orada dərc olunmuş sənədlərdə sovet hakimiyyətinin ilk illərində bolşeviklərin öz hakimiyyətlərini möhkəmləndirmək və geniş xalq kütlələrini tərəflərinə çəkmək üçün həyata keçirdikləri ilk tədbirlər əksini tapmışdır.

Toplu müvafiq olaraq iki bölmədən - Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Sovetinin protokollarından ibarətdir. Bu qurumların rəhbər heyəti əsasən azərbaycanlılardan təşkil olunmuşdur. Dərc olunmuş materiallar dövlət hakimiyyətinin bu iki çox mühüm təşkilatının öz fəaliyyətləri dövründə qəbul etdikləri qərarlar haqqında nəticə çıxarmağa, təqdim olunmuş materialların xarakterini açmağa, respublikada yaranan ictimai-siyasi, iqtisadi və mədəni həyat sahəsində görülmüş tədbirlərin panoramını açmağa imkan verir.

Məcmuənin birinci, "Azərbaycan İnqilab Komitəsinin iclas protokolları" bölməsi bilavasitə arxiv idarəsinin hələ 1988-ci ildə nəşr etdirdiyi "Azərbaycan İnqilab Komitəsinin dekretləri (1920-1921-ci illər)" sənədlər toplusunun davamıdır.

Nəticədə bu gün Azərbaycan İnqilab Komitəsinin fəaliyyətinə aid respublikamızın dövlət arxivlərində saxlanılan çoxlu mühüm sənədlər bilavasitə tədqiqatçıların sərəncamına verilmişdir.

Verilmiş materiallar göstərilən illərdə taleyüklü məsələlər haqqında bizim məlumatlarımızı əhəmiyyətli dərəcədə artırır. Burada 1920-ci il mayın 16-da Moskvadan gəlişinin səhərisi günü İnqilab Komitəsinə rəhbərlik edən Nəriman Nərimanovun çoxsaylı iclaslara sədrlik edərkən göstərdiyi səmərəli fəaliyyəti öz əksini tapmışdır. Bilavasitə onun rəhbərliyi ilə milli dövlət quruculuğu məsələlərinə aid bir çox taleyüklü məsələlər həll olunmuşdur. Topluda sovet Ermənistanının Dağlıq Qarabağ və Naxçıvana, Gürcüstanın isə Zaqatala qəzasına iddiaları ilə bağlı onun Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması üçün həyata keçirdiyi prinsipial səylər öz əksini tapmışdır.

1921-ci il iyunun 26-da Xalq Komissarları Sovetinin iclasında hərbi dəniz xalq komissarı Ə.H.Qarayevin Dağlıq Qarabağ və Naxçıvana səfəri barədə hesabatı dinlənərək, B.Şahtaxtinski, C.Vəzirov və B.Əliyevdən ibarət xüsusi komissiya yaradılaraq, sovet Ermənistanının ərazi iddiaları ilə bağlı məsələ barədə ətraflı məruzə hazırlayaraq Xalq Komissarları Sovetinin iclasında baxılmaq üçün təqdim etmək haqqında qərar qəbul edilir.

1921-ci il iyunun 13-də keçirilmiş Xalq Komissarları Sovetinin iclasında isə Zaqafqaziya respublikalarının Tiflisdə keçiriləcək Azərbaycan SSR, sovet Ermənistanı və sovet Gürcüstanı arasında sərhədlərin müəyyən edilməsi üçün çağırılacaq iclasa Azərbaycan SSR-dən nümayəndə heyəti göndərmək barədə məsələ müzakirə olunur.

Sənədlər toplusunun materiallarından da göründüyü kimi, bu orqanların iclaslarında baxılan məsələlərin mövzuları çox müxtəlif olurdu. Onlar iqtisadi məsələlər, neft sənayesinin vəziyyəti, A.Serebrovskinin rəhbərlik etdiyi Bakı Neft Komitəsi, Rusiya Federasiyası və yeni yaranmış müstəqil respublikalar ilə əlaqələr haqqında, ölkədə bütün hakimiyyəti sovetlərə vermək prinsiplərinin işlənməsi, aclığa və daşqınlara məruz qalmış qəzalara müvafiq köməyin ayrılması və bir çox digər məsələlərə baxılması barədə materiallar var.

Topluda dərc olunmuş əksər materiallar Azərbaycan Sovet Respublikası rəhbərliyinin xüsusi fəhlə-kəndli ordusunun təşkilinə münasibətini əks etdirir.

1921-ci il martın 27-də N.Nərimanovun sədrliyi ilə keçən Azərbaycan İnqilab Komitəsinin iclasında sovet Azərbaycanı ordusunun təşkili haqqında Əsasnamə layihəsinə baxılaraq Azərbaycan Xalq Hərbi Dəniz Komissarlığı haqqında Əsasnamə layihəsini qəbul etmək və onu həyata keçirmək üçün Ə.H.Qarayev, A.Serebrovski, Apresov, H.Cəbiyev və M.C.Bağırovdan ibarət xüsusi komissiya yaratmaq qərara alınır. Həmin iclasda həm də qərara alınır ki, M.C.Bağırova tapşırılsın ki, təcili olaraq Azərbaycan ordusunun xüsusi şöbəsini yaratsın. Həbs olunanların işlərini və avadanlıqları qəbul etsin və 6 nömrəli xüsusi bölmə buraxılmış elan olunsun.

Bu məsələ ilə əlaqədar İnqilab Komitəsinin 1921-ci il martın 28-də N.Nərimanovun sədrliyi ilə keçirilmiş digər iclasının materialları da çox maraqlıdır. Burada Azərbaycan xalq hərbi dəniz komissarı Ə.H.Qarayevin məruzəsini dinləyən iclasın qəbul etdiyi qərarın birinci maddəsində deyilirdi: "Azərbaycan ordusu müstəqil təşkilat kimi qəbul edilsinonun idarəsi tamamilə Hərbi Dəniz Komissarlığının ixtiyarına verilsin. Xalq Hərbi Komissarlığı yanında baş idarələr yaradılsın və bütün məsələlərdə onlar yalnız xalq hərbi komissarına tabe edilsin".

Bu qərarın 5-ci maddəsi xüsusi maraq doğurur. Orada deyilir: "RSFSR Xalq Komissarları Sovetindən xahiş olunsun ki, Azərbaycan SSR-dən göndərilmiş türk mənşəli bütün zabitləri geriyə, Bakıya qaytarsın. Türk mənşəyindən olmayan zabitləri isə hər dəfə Azərbaycan İnqilab Komitəsinin RSFSR Hərbi İnqilab Şurasının və RSFSR Xalq Komissarları Sovetinə müraciət əsasında xalq hərbi komendantının sərəncamına ezam etsin". Bu qərar əsasında Bakıya geriyə qaytarılmış şəxslər arasında S.Mehmandarov və Ə.Şıxlınski kimi görkəmli Azərbaycan generalları da var idi.

Topluda dərc olunmuş Xalq Komissarları Sovetinin 1921-ci il iyunun 23-də keçirdiyi iclasında Azərbaycanın fəhlə-kəndli qırmızı ordusunun yaradılmasına əməli kömək göstərilməsi məsələsi də müzakirə edilərək D.Bünyadzadənin sədrliyi ilə H.Cəbiyev, A.Hacıyev, T.Şahbazi, C.Vəzirov, Hacıbəyov və X.Zeynallıdan ibarət xüsusi Fövqaladə Hərbi Komissiya yaradılır.

Qeyd etməliyik ki, Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Sovetinin protokolları ilə diqqətlə tanış olduqda bir daha əminlik yaranır ki, təhsil, mədəniyyət, incəsənət məsələlərinə münasibət respublika hökumətinin və xüsusilə N.Nərimanovun şəxsi nəzarətindəymiş. Məsələn, 1921-ci il iyunun 6-da N.Nərimanovun sədrliyi ilə keçirilmiş Xalq Komissarları Sovetinin iclasında müzakirə olunmuş 17 məsələdən 16-sı bilavasitə Azərbaycan Xalq Maarif Komissarlığının qaldırdığı məsələlər idi. Onların hamısı barəsində həlledici qərarlar qəbul olunur. Qəbul olunmuş qərarlarda savadsızlığın ləğv edilməsi Xalq Maarif Komissarlığının siyasi tərbiyə işinin zərbə hissəsi elan olunur, Xalq Ərzaq Komissarlığına Xalq Maarif Komissarlığının uşaqlar üçün ərzaq və digər təchizat tələblərini ilk növbədə yerinə yetirmək, yeni məktəblər üçün torpaq sahəsi ayırmaq, xaricdən dərs vəsaiti almaq, tədris üçün ilk növbədə lazım olan digər vəsaitlərin istehsalını gücləndirmək və sair işlər şəxsən D.Bünyadzadəyə tapşırılır.

1921-ci il iyunun 13-də keçirilmiş Xalq Komissarları Sovetinin iclasında sədrlik edən N.Nərimanovun növbədənkənar bəyanatı əsasında vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təhsil almaq üçün Avropa ölkələrinə göndərilmiş tələbələrin vəziyyətini öyrənməkonlara maddi kömək göstərmək məsələsinə baxılmışdır. Qəbul olunmuş qərarda göstərilirdi: "Xaricdə təhsil alan azərbaycanlı tələbələrin yerlərindəcə vəziyyətləri ilə tanış olmaq üçün səlahiyyətli nümayəndənin müəyyən edilməsi və onun ezamiyyəsi üçün lazımi vəsait ayrılması Xalq Komissarları Soveti sədrinə həvalə edilsin". Təəssüflər olsun ki, 1922-ci ilin axırlarında N.Nərimanov Moskvaya getdikdən sonra xaricdə oxuyan tələbələrə münasibət tamamilə dəyişir.

Ali təhsil məsələlərinə, ali təhsil müəssisələrinin müəllimlərinin maddi təminatına, yeni ali təhsil müəssisələrinin təşkilinə xüsusi diqqət yetirilirdi. Xalq Komissarları Sovetinin 1921-ci il iyunun 6-da keçirilmiş iclasında Bakıda Şərqsünaslıq və Sosial Elmlər İnstitutu açmaq, Azərbaycanda ali rəssamlıq emalatxanası təşkil etmək, iyunun 23-də keçirdiyi iclasda isə universitetpolitexnikumun laboratoriya və kitabxanalarını təmin etmək üçün qiymətli alət və kitablar almaq, Bakı şəhərində bir evi tamamilə boşaldaraq onu dövlət universitetinin professorları üçün ayırmaq, onlara 500 min manatlıq kömək göstərmək və onları ərzaq məhsulları ilə təmin etmək haqqında qərarlar qəbul olunur.

Xalq Komissarları Sovetinin məktəb quruculuğu sahəsində həyata keçirdiyi tədbirləri xüsusilə qeyd etmək lazımdır. Sovetin 1921-ci il iyunun 6-da qəbul etdiyi qərarda göstərilirdi: "Bir qayda olaraq qəbul edilsin ki, Xalq Maarif Komissarlığının təklif və xahişləri dövlət orqanları tərəfindən ilk növbədə təmin olunmalıdır. Bir illik pedaqoji kursların müdavimlərinin sutkalıq təminatlarının məbləği artırılsın".

Xalq Komissarları Sovetinin 1921-ci il mayın 23-də keçirilmiş iclasında xalq maarif komissarı D.Bünyadzadənin görkəmli satirik şair Mirzə Ələkbər Sabir Tahirzadənin vəfatının 10 illiyini qeyd etmək barədə növbədənkənar məlumatını dinləyib xüsusi komissiya yaradaraq ona şairin şeirlər kitabını nəşr etmək işi tapşırılır. Həmin il dekabrın 25-də keçirilən digər iclasda isə Xalq Komissarları Soveti Xalq Maarif Komissarlığının "İsmailiyyə" binasının yaxınlığındakı boş ərazidə M.Ə.Sabirə abidə qoymaq üçün yer ayırmaq barədə təklifə baxaraq xahiş təmin edilmişdir. Göstərilən yerdə M.Ə.Sabirə abidə qoyulmuşdur.

Azərbaycan İnqilab Komitəsi 1920-ci il mayın 3-də keçirilmiş iclasında türk artistlərinin dövlət qulluqçuları sırasına daxil edilməsi haqqındakı məsələyə baxmışdır. İclasda həmin təklif qəbul edilərək türk Artistlər İttifaqının təqdim etdiyi 228.700 manatlıq smeta təsdiq olunmuş, 1921-ci il fevralın 7-də keçirilən İnqilab Komitəsinin digər iclasında isə D.Bünyadzadənin H.Z.Tağıyev teatrının təmiri üçün 303 milyon manat vəsaitin ayrılması barədə etdiyi təklif qəbul olunmuş və təmirdən sonra teatra D.Bünyadzadənin adının verilməsi qərara alınmışdır.

Əlbəttə, həmin protokollarda baxılmış bütün məsələlər haqqında ətraflı məlumat vermək mümkün deyil. Bir məsələ aydındır ki, onlarda tariximizin ən mürəkkəb dövründə xalqımızın həyatının olduqca çox məsələlərinə toxunulmuşdur. Bu sənədlər xalqımızın tarixində yaranmış bir çox mürəkkəb şablon məsələlərə yenidən baxmaq, göstərilən illərdə respublika qarşısında duran problemləri dərindən və daha aydın başa düşməyə imkan verir.

Kitaba tarix elmləri doktoru A.Ə.Paşayev tərəfindən yazılmış "Müqəddimə"ni xüsusilə qeyd etmək istərdik. Müqəddimənin mətnindən də görünür ki, onun müəllifi təqdim edilmiş protokolların materialları barədə əhatəli məlumata malikdir. A.Ə.Paşayevin çıxardığı ən mühüm nəticə isə ondan ibarətdir ki, bu materiallar Azərbaycanda totalitar rejimin yaranması və formalaşması mexanizmini açmağa kömək edir. Konkret sənədlər əsasında A.Ə.Paşayev göstərir ki, sovet hakimiyyətinin ilk illərindən dövlət orqanları addım-addım AK(b)P Mərkəzi Komitəsinin əlinə keçirdi. Nəticədə əsasən qeyri millətlərin nümayəndələrinin rəhbərlik etdiyi AK(b)P MK əslində respublikada dövlət hakimiyyətinə rəhbərliyi də əvvəlcə Ümumrusiya, sonra isə Ümumittifaq K(b) Partiyası Mərkəzi və Zaqafqaziya partiya komitələrinin direktiv, qərar və göstərişlərini yerinə yetirərək Azərbaycana ümumi rəhbərliyi tamamilə öz əlinə keçirir. Əlbəttə, bu işdə özümüzdən olan dönük dəstəkləri də yaddan çıxarmaq olmaz. Azərbaycana qarşı düşmənçilik fəaliyyətləri bu gün aydın olan S.M.Kirov, C.Kaminski, İ.Stalin, S.Orconikidze, A.Mikoyan, L.Mirzoyan və başqaları mühüm rol oynamışlar. A.Paşayev Azərbaycanda totalitar rejimin yaranaraq üç istiqamətdə inkişafını qeyd edir. Onlar aşağıdakılardır:

Birinci - hakimiyyət və dövlət quruculuğu uğrunda mübarizə; ikinci - ölkə iqtisadiyyatı üzərində hökmranlığın bərqərar edilməsi; üçüncü isə ölkədə siyasiideoloji işləri tamamilə rejimin əlində cəmləşdirmək. Beləliklə, kitabda verilmiş materiallar Azərbaycanda totalitar rejimin yaranması və inkişafı tarixini öyrənmək üçünçox gözəl mənbədir.

Toplu yüksək peşəkar səviyyədə hazırlanmışdır. Buraya qeydlər, adlı və coğrafi göstəricilər, qısaldılmış sözlərin siyahısı da əlavə edilmişdir.

Tədqiqatçı-tarixçilər bu kitabı yüksək dəyərləndirir və ümid edirlər ki, Azərbaycan Milli Arxiv İdarəsi gələcəkdə də elmi ictimaiyyəti bu cür maraqlı nəşrləri ilə sevindirəcək.

 

 

Tamilla MUSAYEVA,

tarix elmləri doktoru,

professor

 

Adil MƏMMƏDOV,

tarix elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.-24  oktyabr.- S. 8.