Azərbaycan Prezidenti İlham Əliyev Bakı ticarət limanında aparılacaq köçürmə və yenidənqurma işləri ilə tanış olmuşdur

 

 Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı ticarət limanında aparılacaq köçürmə və yenidənqurma işləri ilə tanış olmuşdur.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı Bakı ticarət limanının köçürüləcəyini və ərazidə əsaslı abadlıq işləri həyata keçiriləcəyini bildirmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Ələtdə yeni Beynəlxalq ticarət limanı inşa olunacaq və əvvəlki ticarət limanının yerində istirahət guşələrinin yaradılması nəzərdə tutulmuşdur. Bakı bulvarı hər iki istiqamətə uzadılacaqdır. Dövlət başçısı bu tədbirlərin sürətləndirilməsi ilə bağlı iclasda tapşırıqlar vermişdir.

 Artıq Bakı ticarət limanının bir hissəsinin köçürülməsi və burada aparılacaq abadlıq işləri ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarının icrasına başlanmışdır.

Prezident İlham Əliyevə görüləcək işlər barədə məlumat verildi.

Qeyd edildi ki, dövlət başçısının tapşırığına uyğun olaraq bu liman yeni əraziyə köçürüləcəkdir. Yenidənqurma işləri çərçivəsində burada paytaxt əhalisinin və respublikamızın qonaqlarının hərtərəfli istirahəti üçün hər cür şərait yaradılacaqdır. Bakının digər yerlərində olduğu kimi, ticarət limanının yerləşdiyi ərazidə də ən müasir standartlara uyğun park salınacaqdır. Hazırda bu istiqamətdə işlərin icrasına başlanmışdır.

Prezident İlham Əliyev hazırlıq işlərinin gedişi ilə tanış oldu, tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 oktyabr.- S. 1.