Moskvada dahi musiqiçi Müslüm Maqomayevin xatirə ulduzunun
təntənəli açılış mərasimi keçirilmişdir
Oktyabrın 25-də Moskvadakı "Veqas" ticarət mərkəzində üstündə dahi musiqiçi Müslüm Maqomayevin imzası olan ulduzun təntənəli açılış mərasimi keçirilmişdir.
Müslüm Maqomayevin vəfatından iki il keçir. Əfsanəvi müğənninin adı hələ sağlığında nadir, universal istedad sahibi kimi tarixə düşmüşdür. Onun gözəl, güclü, dərin, məxməri səs tembri folklordan tutmuş cazadək, operadan tutmuş müasir musiqiyədək bütün repertuarların öhdəsindən gəlirdi. Əvəzsiz vokal ustalığı, ifaçılıq texnikası və aktyorluq məharəti Maqomayevi ən yüksək səviyyəli müğənnilər sırasına yüksəltmişdir. Onun bütün yaradıcılığı əlçatmaz zirvədir.
Müslüm Maqomayevin Mədəni-Musiqili İrsi Fondunun təsisçisi, "Krokus" QSC-nın prezidenti Araz Ağalarov tədbiri açaraq bildirmişdir ki, onun üçün Müslüm Maqomayevin ulduzunun açılış mərasimində iştirak etmək böyük şərəfdir. O, Moskvada keçirilmiş vokalçıların I Beynəlxalq Müsabiqəsinin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bu müsabiqə görkəmli musiqiçinin xatirəsinə ən böyük hədiyyədir.
Rusiyanın xalq artisti Lev Leşşenko demişdir: "Bu gözəl insan, təkrarsız müğənni, istedadlı aktyor və bəstəkarın xatirəsini gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur".
M.Maqomayevin xanımı, tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya toplaşanlara təşəkkürünü bildirərək demişdir: "Ulduzun açılışı göstərir ki, Müslüm bizi tərk etməmişdir, bu dünyadan iki il əvvəl köçsə də aramızdadır. Müslümün xeyirxah dostları Araz Ağalarov və onun oğlu Eminə dərin təşəkkürümü bildirirəm. Bu ailə bizim hamımızı birləşdirmişdir. Mən Müslüm Maqomayevin bu dünyadakı nümayəndəsi kimi hiss edirəm ki, o, hər şeyi görür, duyur, minnətdarlıqla qarşılayır".
Dahi müğənninin xatirəsinə həsr olunmuş müsabiqədən danışan T.Sinyavskaya vurğulamışdır ki, bu musiqi yarışmasının təşkili ideyası Maqomayevin vəfatından dərhal sonra meydana gəlmişdir. Sinyavskaya demişdir: "Bu fikir də, Müslüm Maqomayevin irsi Fondunun yaradılması ideyası da dostlarının xatirəsini əziz tutan və xeyirxah işlər görən Araz və Emin Ağalarovlara məxsusdur".
Müslüm Maqomayevin uşaqlıq dostu, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli demişdir: "Mən bir azərbaycanlı kimi xoşbəxtəm, fəxr edir və sevinirəm ki, Rusiya Müslümü sevir və onun xatirəsini əziz tutur". Müğənninin yüksək insani keyfiyyətlərindən danışan F.Bədəlbəyli vurğulamışdır ki, həsəd hissi Müslüm Maqomayevə yad idi, o, böyük istedadların müvəffəqiyyətlərinə ürəkdən sevinirdi, onlardan zövq alırdı, bacarıqlı musiqiçilərə sənətdə öz yerlərini tapmaqda kömək edirdi. F.Bədəlbəyli demişdir: "O, çox mükəmməl təhsil almışdı. Müslüm həqiqi ulduz idi". Bədəlbəyli Müslüm Maqomayevin xatirəsinə səmimi qayğıya görə Araz və Emin Ağalarovlara təşəkkürünü bildirmişdir.
Sonra Fərhad Bədəlbəyli fəxri missiyanı yerinə yetirmiş və Müslüm Maqomayevin mahnılarının müşayiəti ilə dahi musiqiçinin xatirə ulduzunun açılışını elan etmişdir.
Mərasimdə Rusiya Dövlət Dumasının, ictimaiyyətin, Ümumrusiya Azərbaycan Konqresinin, habelə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri iştirak etmişlər.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2010.- 26 oktyabr.- S. 2.