Cavid Səmədov və Samir Cəfərov vokalçıların Müslüm Maqomayev adına I Beynəlxalq müsabiqəsində qalib gəlmişlər

 

Oktyabrın 23-24-də Moskvada "Krokus Siti Holl"un Müslüm Maqomayev adına konsert zalında vokalçıların Müslüm Maqomayev adına I Beynəlxalq müsabiqəsi keçirilmişdir. Müsabiqəni dahi Azərbaycan müğənnisinin ailəvi dostu, "KROKUS" QSC-nin prezidenti Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayevin Mədəni-Musiqili İrsi Fondu təşkil etmişdir.

Fondun prezidenti və müsabiqənin münsiflər heyətinin sədri SSRİ-nin və Azərbaycanın xalq artisti Tamara Sinyavskayadır. Münsiflər heyətinin tərkibinə SSRİ xalq artistləri - müğənni Yelena Obraztsova, dirijor Yuri Başmet, bəstəkar Aleksey Rıbnikov, SSRİ-nin və Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rusiyanın və Gürcüstanın xalq artisti Tamara Qverdtsiteli, bəstəkar Mişel Leqran daxil idilər.

Mükafatlandırma mərasiminin aparıcısı, musiqişünas və teleaparıcı Svyatoslav Belza bildirmişdir ki, mötəbər münsiflər heyətinin qərarı ilə müsabiqənin qalibi gənc və istedadlı Azərbaycan ifaçısı Cavid Səmədov (bariton) olmuşdur. O, birinci yeri Belarus nümayəndəsi İlya Silçukov (bariton) ilə bölüşdürmüşdür. Hər iki qalibə mükafatları Tamara SinyavskayaAraz Ağalarov təqdim etmişlər.

İkinci yeri tanınmış Azərbaycan tenoru, Azərbaycanın əməkdar artisti Samir Cəfərov tutmuşdur. Ona mükafatı məşhur opera müğənnisi Yelena Obraztsovadirijor Yuri Başmet təqdim etmişlər.

Üçüncü yerə 19 yaşlı rusiyalı Dmitri Trifonov (bariton) və Belarus müğənnisi Oksana Volkova (metso-soprano) layiq görülmüşlər.

Bir sıra iştirakçılara xüsusi mükafatlar təqdim edilmişdir.

Laureatların mükafatlandırma mərasimi başa çatdıqdan sonra Tamara Sinyavskaya tədbirin dahi müğənninin xatirə günü ərəfəsində keçirilməsinə görə müsabiqənin təşkilatçısı və Müslüm Maqomayevin dostu Araz Ağalarova təşəkkür etmişdir. O, həmçinin müsabiqənin bütün iştirakçılarına minnətdarlığını bildirmişdir. T.Sinyavskaya demişdir: "Bu müsabiqədə aldığınız bütün diplomlarmükafatlar, əlbəttə, həyat vəsiqəsi deyildir, siz Müslüm Maqomayev adına müsabiqənin iştirakçısı və qalibi statusunu qazanmısınız".

Araz Ağalarov beynəlxalq münsiflər heyətinin üzvlərinə təşəkkürünü bildirərək demişdir: "Müslüm Maqomayev adına I Beynəlxalq müsabiqədə iştirak etmək cəsarəti və məsuliyyəti olan bütün iştirakçılara təşəkkür etmək istəyirəm. Düşünürəm ki, Müslüm Maqomayev adına müsabiqə həmişə keçiriləcəkdir".

Qeyd edək ki, Avropa, Yaxın Şərq və keçmiş SSRİ-dən 100-dən çox vokalçı müsabiqədə iştirak etmək arzusunu bildirmişdi. Seçici komissiya audio-video yazılar əsasında Rusiya, Azərbaycan, Gürcüstan, BelarusMoldovadan 14 iştirakçını müsabiqəyə buraxmışdır. Müsabiqə iki turdan ibarət olmuşdur. Birinci mərhələdə klassikestrada janrında ifalar dinlənilmişdir. İkinci mərhələ tamamilə Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuşdu. Hər bir ifaçı Müslüm Maqomayevin repertuarından əvvəlcə klassik, sonra isə estrada nümunəsi ifa etmişdir. İkinci mərhələyə ifası 10 ballı cədvəllə qiymətləndirilən 10 iştirakçı keçmişdir.

Mükafatlandırma mərasimindən sonra gənc və istedadlı müğənni Emin Ağalarov dahi Müslüm Maqomayevə həsr olunmuş lirik mahnı ifa etmişdir. Vokalçıların müsabiqəsi beynəlxalq münsiflər heyəti üzvlərinin möhtəşəm konserti ilə başa çatmışdır.

Azərbaycan nümayəndələri ölkəmizi, həqiqətən, yüksək səviyyədə təmsil etmişlər. Onların çıxışları Moskva tamaşaçıları tərəfindən rəğbətlə, sürəkli alqışlarla qarşılanmışdır.

Müsabiqənin qalibi Cavid Səmədov Azərbaycan KİV-lərinə müsahibəsində bildirmişdir ki, bu, təkcə onunSamir Cəfərovun deyil, bütün Azərbaycanın qələbəsidir. O demişdir: "Fəxr edirik ki, Azərbaycanı belə yüksək səviyyədə təmsil etmişik". Samir Cəfərov əlavə etmişdir ki, bu, opera janrı çərçivəsindən çıxan ciddi müsabiqə idi. O demişdir: "Bütün xalqımıza məxsus olan bu qələbə bizi çox sevindirir".

Cavid Səmədov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Beynəlxalq Opera Akademiyasının (İtaliya) məzunudur. O, Moskvadakı Qalina Vişnevskaya opera ifaçılığı mərkəzində təcrübə keçmişdir. Beynəlxalq müsabiqələr laureatı Cavid Səmədov hazırda Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyada Renata TebaldiMario Del Monako adına Beynəlxalq Opera Sənəti Akademiyasında təhsil alır.

Azərbaycanın əməkdar artisti Samir Cəfərov Bakı Musiqi Akademiyasının, Moskvadakı Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin məzunudur. Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı olan Samir Cəfərov hazırda Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solistidir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 26 oktyabr.- S. 2.