Bakıda Beynəlxalq İnformasiya Mərkəzinin açılışı olmuşdur

 

Noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Bakıda Beynəlxalq İnformasiya Mərkəzi (BİM) açılmışdır.

Mərkəzin rəhbəri Elnur Baimov bildirmişdir ki, dünya ictimaiyyəti Azərbaycandakı seçki prosesinə böyük maraq göstərir. Biz beynəlxalq media strukturları ilə sıx təmasda olduğumuz üçün onların seçki prosesini işıqlandırmasına kömək etmək məqsədilə Beynəlxalq İnformasiya Mərkəzini təsis etmişik. Bundan əsas məqsəd qarşıdan gələn parlament seçkilərini izləyəcək xarici ölkələrin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinə informasiya dəstəyi göstərməkdir.

Mərkəzdə Azərbaycana gələcək xarici jurnalistlərin fəaliyyəti üçün bütün lazımi şərait yaradılmışdır. Seçkilərlə bağlı gündəlik məlumatların əldə edilməsində, deputatlığa namizədlər və seçki prosesində iştirak edən digər tərəflərlə görüşlərin təşkilində xarici jurnalistlərə yardım göstəriləcəkdir.

Mərkəz ən müasir kompüter texnikası və yüksək sürətli internet ilə təchiz olunmuş, xarici jurnalistlər üçün istirahət otağı da yaradılmışdır.

Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında indiyədək 20 xarici ölkə jurnalisti qeydiyyatdan keçmişdir. MSK-da xarici ölkə jurnalistlərinin qeydiyyatı davam edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 oktyabr.- S. 2.