Azərbaycanın sürətli
inkişafını Küveyt Dövlətinin
rəsmiləri yüksək qiymətləndirirlər
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Tural Rzayev oktyabrın 25-də bu ölkənin vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əs-Sabahla görüşmüşdür.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan diplomatı Prezident İlham Əliyevin salamlarını və xoş arzularını əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabaha və vəliəhd Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabaha çatdırmış, dövlətimizin başçısının dost ölkələrimiz arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamışdır.
Ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin inkişafı üçün münbit şərait yaratdığını bildirən T.Rzayev müsəlman ölkəsi olan Azərbaycanın islam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunaraq, mövcud əlaqələrin qurulması və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulamış, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin fevralında Küveytə rəsmi səfərinin əhəmiyyətini qeyd etmişdir. Səfir bu cür yüksək səviyyəli səfərlərin ölkələrimiz arasındakı səmimi münasibətlərin inkişafına güclü təkan verdiyini bildirmişdir.
Daha sonra səfir beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığından söhbət açaraq, respublikamızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Küveyt Dövlətinin ölkəmizin ədalətli mövqeyini müdafiə etdiyinə görə minnətdarlığını bildirmişdir.
Küveyt Dövlətinin vəliəhdi Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını və bu münasibətlərin daha da genişlənəcəyinə əminliyini vurğulayaraq, ölkəmizdə mövcud sabit siyasi-ictimai durum, sosial-iqtisadi sahələrdə uğurla həyata keçirilən islahatlar və misilsiz inkişaf barədə məlumatlı olduğunu qeyd etmiş, qardaş Azərbaycanın yüksələn xətt üzrə tərəqqisinin onu ürəkdən sevindirdiyini bildirmişdir.
Sonda Şeyx Nəvaf Əl-Əhməd
Azərbaycan Prezidenti İlham
Əliyevə səmimi salamları və xoş
arzularına görə dərin minnətdarlığını
ifadə etmiş, onun
da salamlarını dövlətimizin
başçısına çatdırmağı xahiş etmişdir.
Azərbaycan.- 2010.- 26 oktyabr.- S. 7.