Azərbaycan Prezidentinin rəsmi internet saytının mobil versiyası fəaliyyətə başlamışdır

 

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir. Son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənmiş, onun məktəblilər üçün xüsusi versiyası hazırlanmış, dünyada məşhur videopaylaşım saytı olan YouTube-də Prezidentin rəsmi videokanalı fəaliyyətə başlamış, qlobal sosial şəbəkə olan Twitter-də dövlətimizin başçısının səhifəsi yaradılmış, İPhone istifadəçiləri üçün saytın xüsusi platforması hazırlanmış və çox sayda digər yeni funksiyalar istifadəçilərin xidmətinə verilmişdir.

Mobil internet məkanının dinamik inkişafını və yüksələn önəmini nəzərə alaraq Azərbaycan Prezidentinin rəsmi internet saytının mobil versiyası istifadəçilərin ixtiyarına verilmişdir. Bundan sonra mobil telefon istifadəçiləri asanlıqla öz telefonlarından dövlətimizin başçısının fəaliyyəti ilə bağlı operativ xəbərlərlə tanış ola, Prezidentin nitqlərini və müsahibələrini oxuya, eyni zamanda, fotoşəkillərə baxa bilərlər.

Mobil telefon istifadəçiləri saytın mobil versiyasına aşağıdakı ünvandan daxil ola bilərlər: www.president.az/mobile

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 1.