AĞDAM - inkişaf, quruculuq və
yeniləşmə ünvanı
Xaçın çayı üzərindəki körpünü keçib Ağdam rayonunun torpaqlarına qədəm qoyan kimi sanki sirli-sehrli bir aləmə düşürsən. Bircə il öncə bu yerlər belə deyildi. Əvvəllər burada diqqətçəkən, necə deyərlər, yol üstündə olanı tutub saxlayan, onu dərindən-dərinə düşünməyə məcbur edən, yaxın-uzaq keçmişi, acılı-şirinli günləri xatırladan bir şey yox idi. İndi isə mənzərə tamam başqadır. Yurdunu canından artıq sevən, onun hər daşının, bir tikan kolunun belə başına pərvanə kimi dolanan Qarabağ övladlarının əsl vətəndaş yanğısıyla, bu torpağa, bu elə sonsuz məhəbbətlə qurub-yaratdıqları hər kəsi ovsunlayır.
Milli ornamentlərlə, xüsusi zövqlə inşa edilmiş giriş qapısı müasir Qarabağ memarlıq sənətinin parlaq nümunəsi kimi göz oxşayır. Bu yurdda atdığın ilk addımda, nəzərlərini hərləyib elə ilk baxışda gördüyün qeyri-adi mənzərə Ağdamı yaxşı tanımayan, onun şanlı-şöhrətli tarixindən, intiqam eşqiylə çırpınan bugünündən xəbərsiz olan hər kəsdə zəngin təəssürat yaradır. Dövlətçiliyə sədaqətdən, Vətənə və xalqa məhəbbətdən qaynaqlanan bu bənzərsiz layihənin yaradıcıları, əsl vətəndaş yanğısıyla burada daş üstə daş qoyan hər bir insanın əməyi ən böyük ehtirama və alqışa layiqdir. Yarım hektarlıq sahədə salınmış park göz oxşayan salxımlı söyüdləriylə, payızın bu vədəsində baharı xatırladan zümrüd çəmənləri, əlvan gül-çiçəkləriylə yorğun insanların könlünə bir rahatlıq gətirir. Əyləşib bir stəkan məxməri çay içəsi olsan, qəlbində oyanan, varlığına hakim kəsilən xoş duyğuların təsiri altına düşəcəksən.
Bu yerləri həm də əsrlər boyu məşhur edən qədimdən-qədim tarixə malik Soltanbud təpəsi olub. Böyük bir ərazidə bu təpənin zirvəsi ilə müqayisə edilə biləcək ikinci bir yüksəklik yoxdur. Haqqında söhbət açdığımız qeyri-adi bu orijinal layihənin müəllifləri uğrunda həyatlarını qurban verməyə hazır olduqları Azərbaycan dövlətinin bayrağını ən yüksək nöqtədə, məhz Soltanbud təpəsinin zirvəsində dalğalandırmağa qərar veriblər. Bütün qarabağlıların ürəyincə olan bu istək şərəflə reallaşıb. Qürur duyduğumuz, şərəf sandığımız üçrəngli bayrağımız artıq neçə aydır ki, yeni ünvanda, yaşı minillərlə ölçülən Soltanbud təpəsinin zirvəsində dalğalanır. Təpənin yamacında isə Azərbaycan xəritəsi qeyri-adi bir məharətlə işlənib. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilər xəritədə fərqli rənglərlə nəzərə çatdırılır. Gecələr isə xəritədə işğal altındakı ərazilər qırmızı işıqlarla "Sos" həyəcanı ilə diqqətə çatdırılır. Düşünülmüş layihə son dərəcə mükəmməldir. Zirvədəki bayraq sanki təpənin yamacındakı xəritədə göstərilən Azərbaycan adlı dövlətin sinəsindən pərvazlanıb qalxır, əlçatmaz ucalıqda əzəmətlə dalğalanır. Bu müqəddəs bayrağı ucalıqda saxlayan, yamacda xəritəsi əks olunan dövlətin toxunulmazlığına təminat verən isə bu torpağın azadlığı uğrunda şəhid olan qəhrəman oğullardır.
Sayı 5 mindən çox olan Ağdam şəhidlərinin xatirəsi çox əziz tutulur. Burada şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi bu sonsuz ehtiramın bariz göstəricisidir. Abidə kompleksi üçün son dərəcə uğurlu bir yer seçilib. Zirvəsində bayrağı ucalan, sinəsində xəritəsi həkk olan, Azərbaycan adlı bir məmləkətin simvoluna çevrilən qədim Soltanbud təpəsinin lap ətəyində şəhidlərə abidə ucaldılıb. Dərindən düşünən hər kəsə asanlıqla aydın olur ki, şəhidlər üçün seçilən bu məkan təsadüfi xarakter daşımır. On beş Milli Qəhrəmanın şəkli həkk olunmuş, mərmər lövhəyə adları qızılı hərflərlə yazılmış şəhidlər sanki Vətənin simvoluna çevrilmiş bu böyük təpəni çiyinləri üstündə saxlayırlar. Fəal vətəndaş mövqeyi ilə reallaşan, bütün ağdamlılarda ölçüyə sığmayan böyük ruh yüksəkliyi yaradan bu bənzərsiz layihənin üstünlüyü də məhz bundadır.
...Xaçın çayı üzərindəki körpünü keçən maşın sürətini azaldıb dayandı. Maşından ağsaqqal bir kişi düşdü. Qucaq dolusu qırmızı qərənfillər götürmüşdü. Ağır addımlarla irəliləyib abidənin önünə gəldi. Lal baxışlarla daş üzərindəki şəkilləri süzdü. Cod əlləriylə şəhidlərin adları yazılmış lövhəyə sığal çəkdi. Sonra şəhidlərin abidəsini qərənfillərə qərq etdi. Saçlarına qırov düşmüş kişi ağlayırdı. Onu sakitləşdirmək, ovundurmaq üçün əyləşdiyimiz yeni salınmış parkdakı çay süfrəsindən qalxmalı olduq. Təsəlli verməyə çalışdıq, səbir dilədik. Kişi razılığını bildirdi. Ən böyük hakim olan zamanın təsiriylə qaysaq bağlamış yaraları yenidən qövr etdi:
- Biz qarabağlılar çox şey itirmişik. Torpaqlarımız, doğma ev-eşiyimiz, əzizlərimiz əlçatmaz olub. Amma hələ müharibə bitməyib. Heç şübhəsiz, qəhrəman oğullarımız namərd ermənilərdən qisasımızı alacaqlar, zəbt olunan torpaqlar azad ediləcəkdir. Dağılmış, yerlə yeksan edilmiş evlərin yerində ondan da yaxşısını tikəcəyik. Amma şəhid olmuş doğmalarımızı, əzizlərimizi geri qaytara bilməyəcəyik. Oğlum German Göyüşov da Qarabağ savaşında şəhid olub. Buna pis olmuram. Amma əvvəl narahat idim ki, indiyədək Ağdamda şəhidlərin xatirəsinə abidə ucaldılmamışdı. Axı ən ağır zərbə Ağdama dəyib, ən çox şəhidi də Ağdam verib. İndi çox razıyam. Sağ olsun rayon rəhbərliyini ki, belə gözəl bir abidə yaradıb.
Allaha şükür edirəm ki, daha bundan sonra bizim də ziyarətgahımız var. Axı oğlumun da adı buradakı lövhəyə yazılıb. Hər dəfə onun adını oxuyub toxtayıram. İçimdə bir rahatlıq yaranır. Bu abidəni tikənlər, buradakı abadlığı yaradanlar qarşısında baş əyirəm. Məni qınamayın, deyirəm, bəlkə də şəhidlərimizin nigaran ruhları da bundan sonra sakitləşər. Azərbaycanın 59 rayonuna səpələnən biz ağdamlı məcburi köçkünlər kimi, şəhidlərimizin ruhları da hər yerə səpələnmişdi. Hər işi, hər tədbiri ilə bizə böyük qayğı göstərən hörmətli Prezident İlham Əliyevə çox minnətdarıq. İndi Ağdamda yeni nəfəs duyulur. Adamlar doğma yurda tezliklə qayıdacaqlarına çox inanırlar. İnam isə qələbənin yarısıdır, deyirlər.
Həmsöhbət olduğum Əfətli kənd sakini Məmmədxan Göyüşov sözünü səmimiyyətlə davam etdirib dedi ki, bütün Qarabağ şəhidlərini öz balam hesab edirəm:
- Mən siyasi hadisələrdən də baş çıxarıram. Prezident İlham Əliyevin bu günlərdə keçirilən cari ilin doqquz ayının yekunlarına həsr olunmuş yığıncaqdakı nitqini televizorda dinlədim. Prezident dedi ki, gələn il bizim hərbi xərclərimiz 3 milyard dollardan çox olacaqdır. Ermənistanın bütün dövlət büdcəsi isə 2 milyard dollardan bir az çoxdur. Bu rəqəmlərdəki kəskin fərq çox şey deyir. Vaxtilə ulu öndər Heydər Əliyev demişdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu, tarixin sınaqlarında təsdiqini tapmış həqiqətdir. Biz birmənalı şəkildə inanırıq ki, ölkəmizin sürətlə artan, inkişaf edən iqtisadiyyatı, gündən-günə qüdrətlənən ordusu qarşısında ermənilər tab gətirməyib gec-tez diz çökəcəklər. Amma biz çox istərdik ki, bu, tez baş versin. Bunun üçün bütün xalq, xüsusilə biz qarabağlılar dövlət başçısının ətrafında sıx birləşməli, Qarabağ münaqişəsi ilə bağlı onun prinsipial mövqeyini daha qətiyyətli şəkildə müdafiə etməliyik.
Ərazisinin dörddə üç hissəsi 17 ildən bəri işğal altında olan Ağdam rayonu məhdud iqtisadi imkanlarına baxmayaraq, dinamik inkişaf yolundadır. Hazırda rayon əhalisinin sayı 176 min nəfərə çatır. Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində doğma ev-eşiklərini, isti yuvalarını itirib məcburi köçkün kimi Azərbaycanın bütün bölgələrinə səpələnən ağdamlıların doğma rayonun ərazisinə qayıdışı son illərdə sürətlənib. Azərbaycanda bir çadır şəhərciyinin də qalmayacağını bəyan edən respublika Prezidenti İlham Əliyev tarixən qısa bir zaman kəsiyində öz vədini şərəflə reallaşdırdı. Dövlət başçısının təşəbbüsü ilə təkcə Ağdam rayonu ərazisində 17 yeni qəsəbə inşa edildi. Bu qəsəbələrə 5009 ailə, yaxud 22039 nəfər köçürülmüşdür. Yeni qəsəbələrin hamısında əhalinin məişət rahatlığını təmin etmək üçün zəruri sosial infrastruktur yaradılmışdır. Son 10 ildə rayon ərazisində 22 məktəb, 10 uşaq bağçası, 15 səhiyyə müəssisəsi, 11 mədəniyyət ocağı tikilmiş, 110 subartezian quyusu qazılmış, 20 min hektardan çox torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Bütün bunlar dövlətin öz vətəndaşına yönələn qayğı və diqqətinin tam siyahısını əks etdirməyən göstəricilərdir.
Bu gün hər addımında yeni nəfəs, yeni ruh duyulan Ağdamda bütün istiqamətlərdə məqsədyönlü tədbirlər həyata keçirilir. İnsan amili isə diqqət mərkəzindədir. Rayonda yaradılmış sağlam mənəvi-psixoloji mühit adamları mənasız çəkişmələrdən, boş intriqalardan uzaqlaşdırıb doğma yurdu abadlaşdırmaq, bu yerlərin hər qarışını cənnətə döndərmək uğrunda fəal mübarizə aparmağa ruhlandırır. Rayonda təqdir ediləsi ruh yüksəkliyi, əmək coşqunluğu, məqsəd aydınlığı hər addımda hiss olunur. Sürətlə yeniləşən Ağdamda ziyalılar aparıcı qüvvədir. Təhsil işçilərinin gərgin əməyi, fəal vətəndaş mövqeyi sayəsində rayonda sağlam əqidəyə malik, Vətənini, millətini sevən, milli-mənəvi dəyərlərə sədaqətli yeni nəsil yetişir. Rayon təhsil şöbəsinin müdiri, əməkdar müəllim Elmira Şükürovanın bu barədəki söhbəti çox aktual səslənir:
- Biz çətin, ağrılı-acılı, eyni zamanda şərəfli bir tarix yaşayırıq. İkinci dəfə qovuşduğumuz dövlət müstəqilliyinin şirin dadını duymamış nankor qonşularımızın xəyanəti ilə üzləşdik. Qarabağ savaşında nə qədər qəhrəman oğullarımız şəhid oldu, tarixi torpaqlarımızı, qədim yurd yerlərimizi itirdik. Amma inamımızı itirməmişik. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bizi böyük qələbəyə qovuşduracağına inam hər kəsdə yenilməzdir. Bu qalib siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı sosial-iqtisadi inkişafın sürətinə görə regionun lider dövlətinə çevirmişdir. İndi Azərbaycan dünyada söz sahibi olan dövlətlər sırasındadır. Bütün bunlar ölkənin adi bir vətəndaşı kimi qəlbimizi qürurla doldurur. Dövlətin regionların, xüsusilə cəbhə bölgəsində yerləşən rayonların inkişafına göstərdiyi misilsiz qayğı hər bir Qarabağ sakinində hədsiz minnətdarlıq hissi doğurur. Biz bu qayğının konkret ünvanıyıq. Yeni-yeni məktəblər, uşaq bağçaları tikilməklə yanaşı, onlar müasir avadanlıqlarla da təchiz olunur. Eyni zamanda, müəllimlərin əməkhaqları, bir qayda olaraq, hər il artırılır. Maddi-texniki bazası ildən-ilə möhkəmlənən məktəblərimizdə qazanılan nəticələr də fərəhlidir. Ölkənin ali məktəblərinə qəbul olunan ağdamlı məzunların sayı artmaqda davam edir. Amma ağdamlı müəllimlər bunu rayon təhsilinin əsas göstəricisi saymırlar. Bizim ali məqsədimiz odur ki, əsl vətənpərvər nəsil yetişdirək. Rayonun bütün ümumtəhsil məktəblərində "Qan yaddaşımız" kitab fondu yaradılmışdır. Bu kitablarda erməni millətçilərinin vəhşilikləri, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş rayonlarımız, tarixi abidələrimiz haqqında ətraflı məlumatlar yer almışdır. Şagirdlərimizin ərazidəki hərbi hissələrlə sıx əlaqəsi mövcuddur. Əlamətdar günlərdə, milli bayramlarda sovqat dolu xonçalarla əsgərlərin qonağı oluruq. Bu gün Ağdamın hər məktəbində Milli Qəhrəman Mübariz İbrahimovun igidliyini təkrarlaya biləcək oğullar yetişir.
İndi Ağdamın rayon mərkəzi Quzanlı qəsəbəsidir. Aydan-aya dəyişib gözəlləşən bu qəsəbə, sözün həqiqi mənasında, şəhərdən seçilmir. Müasir görkəmli sosial obyektlər, yaraşıqlı park və xiyabanlar, gözəlliyi ilə göz oxşayan abad prospekt bura gələn hər bir qonağı heyran edir. Son zamanlarda ünvan tapmış obyektlərdən söz düşəndə Olimpiya İdman Kompleksinin, Mərkəzi Rayon Xəstəxanasının, "Kapitalbank"ın rayon filialının, statistika binasının, əhalinin sosial müdafiə mərkəzinin, Heydər Əliyev Muzeyinin, təhsil şöbəsi üçün inzibati binanın yaraşıqlı görkəmi göz önünə gəlir. Rayon ərazisində yeni salınmış qəsəbələrdən əlavə son 10 ildə 1818 fərdi ev tikilmişdir. Tikinti, quruculuq işləri bu gün də uğurla davam etdirilir. Doğum evinin, uşaq xəstəxanasının tikintisi zərbəçi ahəng almışdır.
Ağdam səhiyyəsinin itirilmiş şöhrətini qaytarmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi ürəkaçandır. Dövlət başçısının tapşırığı ilə bu yaxınlarda tikilib istifadəyə verilmiş mərkəzi rayon xəstəxanasında həkimlərin səmərəli işləməsi, xəstələrin hərtərəfli müayinə və müalicəsi üçün ideal şərait yaradılmışdır. Xəstəxana müasir tibb avadanlıqları ilə təmin olunmuşdur. Səhiyyə şöbəsinə rəhbərliyin gənc və bacarıqlı kadr hesabına möhkəmləndirilməsi ümumi müvəffəqiyyəti təmin edən başlıca amilə çevrilmişdir. Burada qayğı və tələbkarlıq bir-birini məqsədyönlü şəkildə tamamlayır. Bir zamanlar respublikada yüksək peşəkarlığı ilə böyük şöhrət qazanmış ağdamlı həkimlər yaradılan şəraitdən, göstərilən qayğı və diqqətdən ruhlanaraq köhnə ənənəni yenidən yaşatmağa çalışırlar. Artıq bu istiqamətdə ilk uğurlu addımlar atılır. Qonşu rayonlardan gəlib Ağdam mərkəzi rayon xəstəxanası həkimlərinin qəbulunda növbə gözləyən adamların sırasının sıxlaşması bu fikrin təsdiqidir. Mərkəzi rayon xəstəxanasının baş həkimi Gülnar Abbasova söhbət zamanı çox əminliklə dedi ki, qarşıya qoyulan məqsəd hər bir həkimə, hər bir tibb işçisinə aydın şəkildə çatdırılmışdır. Ağdam səhiyyəsini əvvəlki şöhrətinə qovuşdurmağa tezliklə nail olacağıq.
Dövlət başçısının qayğısından yetərincə bəhrələnən ağdamlıları daha bir sürpriz gözləyir. Qarşıdan gələn qışda Ağdamın bütün yaşayış məntəqələrinə təbii qaz veriləcəkdir. Cəbhə bölgəsində yaşayan soydaşlarımız çoxdan arzusunda olduqları məişət rahatlığına qovuşacaqlar.
Bu gün Ağdamda həyat qaynayır. Hərə bir işin qulpundan yapışıb. Həvəslə tikib-qurur, ümidlə əkib-becərirlər. Ən başlıcası isə odur ki, respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasətini birmənalı şəkildə dəstəkləyən, onun ətrafında sıx birləşən ağdamlılar bir əmrlə silaha sarılmağa, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda müqəddəs savaşa atılmağa hər an hazırdırlar.
Lazım QULİYEV
Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 2.