Bakıda Beynəlxalq Hərbi İdman Şurasının Avropa konfransı başa çatmışdır

 

AzərTAc xəbər verir ki, oktyabrın 26-da Bakıda keçirilən Beynəlxalq Hərbi İdman Şurasının (BHİŞ) Avropa konfransının bağlanış mərasimi olmuşdur.

Mərasimdə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov bildirmişdir ki, Azərbaycan həmişə belə mühüm beynəlxalq tədbirlərin ölkədə keçirilməsinə böyük əhəmiyyət vermişdir. Bu cür beynəlxalq hərbi-idman təlimlərinin keçirilməsi Azərbaycan üçün əhəmiyyətlidir. Tədbir çərçivəsində BHİŞ-ə daxil olan ölkələrin nümayəndələri ilə bir sıra səmərəli fikir mübadiləsi aparılmışdır. İndiyədək Azərbaycanda şura çərçivəsində 2004-cü ildə hərbçilərin cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə isə hərbçilərin boks üzrə 52-ci dünya çempionatları keçirilmişdir. Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən BHİŞ-in üzvüdür. Azərbaycanın ordu idmançıları bu günədək Olimpiya, dünya, Avropa və beynəlxalq yarışlarda uğurla iştirak etmişlər.

BHİŞ-in prezidenti, polkovnik Hamad Kalkaba Malbum konfransın olduqca yüksək səviyyədə təşkilinə görə iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürünü bildirmişdir. Diqqətə çatdırılmışdır ki, növbəti konfransın Belarusda keçiriləcəyi barədə qərar qəbul edilmişdir.

Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi, polkovnik Natiq Əliyev BHİŞ-in bayrağını Belarus tərəfinə - polkovnik Aleksey Miroşniçenkoya təqdim etmişdir.

 

 

Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 3.