Moskvada MDB ölkələri Veteranları Təşkilatlarının işi müzakirə edilmişdir

 

MDB ölkələri Veteranları Təşkilatlarının Əlaqələndirmə Şurasının Rəyasət Heyətində "Müstəqil dövlətlərin xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində Beynəlxalq Birliyin veteranlar təşkilatlarının işi haqqında" məsələ müzakirə edilmişdir.

Respublika Veteranlar Şurasından AzərTAc-a bildirmişlər ki, həmin məsələ ilə əlaqədar Respublika Veteranlar Şurasının (RVŞ) Rəyasət Heyəti Böyük Vətən müharibəsi veteranlarının, rayon və şəhər veteran təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə geniş iclas keçirmişdir. İclasda Əlaqələndirmə Şurasına təqdim olunmaq üçün bəyanat qəbul edilmişdir.

Sənəddə xalqlar arasında dostluğun möhkəmləndirilməsində veteran təşkilatlarının rolu vurğulanır, Azərbaycan veteranlarının bu sahədə fəaliyyətindən söz açılır və xalqımızın ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xatırladılır. Qeyd edilir ki, vaxtilə faşizmə qarşı çiyin-çiyinə vuruşmuş qonşular - Ermənistan və Azərbaycan bu gün müharibə vəziyyətindədir, 20 ildir Azərbaycanın 20 faizdən çox ərazisi işğal olunmuşdur, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz vardır, Xocalı şəhəri respublikanın xəritəsindən silinmişdir, işğal edilmiş şəhər və kəndlərdə mədəni-maarif müəssisələri, tarixi abidələr, maddi-mədəniyyət nümunələri vəhşicəsinə dağıdılmış, meşələr talan edilmişdir. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə qəbul etdiyi dörd qətnaməyə, ATƏT-in Minsk qrupunun konkret təkliflərinə, Azərbaycan dövlətinin münaqişəni sülh yolu ilə həll etmək istiqamətində məqsədyönlü fəaliyyətinə baxmayaraq, ötən əsrin 80-ci illərindən başlamış təcavüz davam edir.

Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə obyektiv siyasi qiymət verilməsi tələb olunur. Xüsusi vurğulanır ki, bu problemin həlli yalnız sülh danışıqları yolu ilə mümkündür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 3.