Vətənpərvərlik hər
bir azərbaycanlının həyat
amalına çevrilməlidir
Bu, Prezident İlham Əliyevin siyasətinin də əsas
qayəsidir
Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Qəlbən, ruhən hər zaman Vətənə bağlı olan əcdadlarımız Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar, şəhidlik zirvəsinə yüksəliblər. Çünki biliblər ki, Vətən uğrunda ölmək elə həyatın daha şərəfli bir formada davamıdır. Bu səbəbdən də Azərbaycana göz dikib onu istila etmək istəyənlərin arzuları həmişə gözlərində qalıb.
Babalarımızın əmanəti olan Vətən onların sonrakı davamçıları tərəfindən də sevilib, qorunub və bu gün də sevilməkdə, qorunmaqdadır. Elə bunun nəticəsidir ki, indi Vətənimizin bir parçasını xarici havadarlarının köməyilə işğal etməyi bacarmış yağı düşmən yerində sakit otura bilmir, böyük narahatlıqlar girdabında boğulur. Çünki bilir ki, Azərbaycan oğulları Vətənlərini darda qoymayacaq, yağıları tezliklə silib atacaqlar. Düşmən bunu istənilən an etməyə hazır olan Azərbaycan Ordusundan, onun başında dayanan mahir Sərkərdənin qətiyyətindən də yaxşı xəbərdardır. İndi torpaqlarımızı müvəqqəti də olsa zəbt etməyi bacarmış düşmən qarşısında konkret seçim var: ya aparılan danışıqlar yolu ilə ərazilərimizi könüllü surətdə azad etmək, ya da Azərbaycan Ordusunun zəfər yürüşünə hazır olmaq.
Böyüməkdə olan gənc nəsil də xəbis düşmənin kimliyindən xəbərdardır. Ancaq gənc nəslə işğal altında olan ərazilər, bu yerlərin tarixi, abidələri, tikintiləri, flora-faunası, görkəmli şəxsiyyətləri barədə daim bilgilərin aşılanması da vacibdir, özü də təkcə hazırda davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yox. Bundan əvvəl də ermənilərin törətdiyi fitnələr, xalqımıza qarşı etdikləri xəyanətlər, soyqırımları haqda məlumatların verilməsi, maarifləndirici işlərin görülməsi zəruridir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu xüsusda söylədiyi nitqlər isə həm proqram xarakteri daşıyır, həm də gənc nəslin yaddaşında tarixin vacib səhifələrini yenidən açır. Dövlət başçısının oktyabrın 14-də Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edərkən söylədiyi nitq bu qəbildən olan növbəti mühüm çıxış oldu. Azərbaycan ərazilərinə və əhalisinə qarşı ermənilərin törətdiyi qəsdlərə yenidən ekskursiya olundu, xalqımızın öz tarixinə sahib çıxmasının nə dərəcədə zəruri bir əhəmiyyətə malik olduğu bildirildi, bu işdə müəllimlərin üzərinə hansı vəzifələr düşməsindən söz açıldı.
Prezident İlham Əliyev biz müəllimlərlə görüşü zamanı daha bir vacib məqama toxundu, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasında, bir vətəndaş olaraq yetişməsində təhsil müəssisələrinin, xüsusən də müəllimlərin nə dərəcədə mühüm rol oynadığına diqqət yetirdi. Bununla əlaqədar Prezident İlham Əliyevin aşağıdakı fikirlərini xüsusi qeyd etmək istərdim: "Azərbaycanda bugünkü uşaq 10 ildən, 20 ildən sonra necə vətəndaş olacaq, Vətəni necə sevəcək, Vətən uğrunda necə vuruşacaq, Vətən üçün nə edəcək - bax, bütün bunların təməli məktəblərdə qoyulur. Ona görə təhsilə diqqət, sadəcə olaraq, bir inkişaf istiqaməti deyil, bu, qlobal, ölkə üçün həlledici məna daşıyan bir siyasətdir. Əgər təhsillə bağlı məsələlər düzgün həll olunmasa, bu siyasət, bizim bütün başqa uğurlarımız heç bir səmərə verməz".
Bu gün övladlarımızı layiqli vətəndaş kimi yetişdirmək üçün dövlət tərəfindən təhsilə hər cür qayğı göstərilir. Hər cür şəraiti olan yeni məktəb binaları inşa edilir, köhnələri bərpa olunaraq müasir vəziyyətə gətirilir, təhsil işçilərinin əməkhaqları mütəmadi olaraq artırılır. Bu ayın 14-də Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyevin şəxsən iştirak etməsi bunun daha bir əyani sübutudur. Mərasimdə tədrisə olan diqqət və qayğısına görə şəhər ictimaiyyətinin nümayəndələri və məktəbin pedaqoji kollektivi adından dövlət başçısına təşəkkür bildirmək şərəfi isə mənə qismət oldu.
Yeniləşən Azərbaycanda inşa edilən yeni məktəblər, təhsilə artan qayğı pedaqoji sahədə çalışan işçilərin, xüsusən də müəllimlərin qarşısında gənc nəsillə vətənpərvərlik tərbiyəsinə, hərbi vətənpərvərliyə aid daha genişmiqyaslı işlərin görülməsi kimi vacib vəzifə qoyur. Azərbaycanın müharibə şəraitində olması, ərazilərimizin işğalının davam etməsi, düşmənin məkrli niyyətindən hələ də əl çəkməməsi, tarix boyu ölkəmizə qənim kəsilməyə çalışması da bunu bizdən tələb edən mühüm faktorlardan biridir.
Bu fonda hələ 1918-ci ildə doğma yurdundan ermənilər tərəfindən didərgin salınmış azərbaycanlıların üzləşdikləri müsibətlərə, qarşılaşdıqları çətinliklərə də nəzər salmaq vacibdir. Həmin vaxt erməni zülmü görmüş ailələrdən biri kimi mənim atamgil də 1918-ci ilin martından Zəngəzurdan, doğma kəndi Xotanandan didərgin düşüb, və digər azərbaycanlı qaçqınlar kimi dəhşətli, dözülməz dərdə mübtəla olublar. Həmin vaxt döyüşdə həlak olanların cəsədləri basdırılmadığından canavarlar bu cəsədlərlə qidalanırmışlar. O dövrdə qaçqınlar özlərini həm quduzlaşmış ermənilərdən, həm də canavarlardan qorumalı olublar. Aclıq və vəba da bir tərəfdən Zəngəzurun, xüsusilə indiki Gorus və Sisian rayonlarının azərbaycanlı əhalisini tələf edirdi. Təəssüf ki, həmin vaxtlar Azərbaycan Xalq Cümhuriyyətinin də Zəngəzura nəzarəti çox zəif idi. Əslində, Zəngəzur qəzasında dərəbəylik hökm sürürdü. Azərbaycanda sovet hakimiyyəti də qaçqın və köçkünlərə heç bir qayğı və kömək göstərə bilmirdi.
Atamgil əvvəlcə Qubadlıya, sonra Laçın, Şuşa, Ağdam və Bərdə bölgəsinə pənah aparıblar. Sonuncu dayanacaq yerləri indiki Yevlax rayonunun Malbinəsi kəndi olub.
Doğulduğu, böyüyüb boya-başa çatdığı, lakin sonradan didərgin salındığı doğma torpaqları heç vaxt unutmayan atam canı qədər sevdiyi yerləri elə təsvir edərdi ki, özümü xəyalən də olsa oralarda hiss edərdim. Üçtəpə, Ağadu, Vağadu, Urud, Qara Kilsə, Qızılcıq, Sisian kəndlərini (atam 1905-ci ildə vağaduluların və sisianlıların ermənilərə vurduğu zərbədən danışar və buna aid deyilən qoşmaları da söyləyərdi), Dəli çayı, Bazar çayı, Qırx qızları, Salvartı dağını, bu yerlərdə olan bulaqları, çəmənlikləri, xırman yerləri, sıldırım qayaları, meşələri barədə elə söhbət edərdi ki, sanki qolumdan tutub o yerlərdə gəzdirirdi. Doğma kəndi Xotananın yanında olan "Qız evciyi"nin, sıldırım qayalarda məskunlaşan dağ keçilərindən, meşələrdə yetişən meyvələrdən, dağlarda bitən min bir dərdin dərmanı çiçəklərdən, aran Qarabağdan Zəngəzur yaylaqlarına gedən köç yollarından, Qarabağ elatının yurd yerlərindən, toylardan və şənliklərdən də danışardı.
Kəlbəcər yaylaqlarına gedəndə isə atam həmişə üzünü Zəngəzura tərəf çevirib dodaqaltı həzin səslə də oxuyardı. Yaxşı yadımdadır: 1943-cü ildə "Yeddi bulaq"da qoyun sürüsünü otarırdıq. Atam sürünü çoban yoldaşlarına tapşırıb, məni qolumdan tutub Uruz dağının zirvəsinə qaldırdı. Buradan hər yer - Kirs dağı, Ala qaya, Yelli gədik, Murov, Göyçə gölünü əhatə edən dağlar, Sarı yer, Qara arxac, Sarı yoxuş aydınca görünürdü. Uzun yal, Qonur, İlxı qoruğu, Ağcaqız qəbiristanlığı, Kəmər qayanın çəmənliyi, Qoç daş sanki ayaqlarımızın altında idi. Dəli dağın qarlı zirvəsi lap yaxındaydı. Atam dərindən köks ötürdü və dedi:
- Bax, orada Üçtəpə, Qırxqız, onun arxasında Əsab-Kəhf yerləşir.
Atam ermənilərlə təsadüfi hallarda əlaqə saxlayardı. 1944-cü ilin payızı idi. Yaylaqdan arana - qışlağa dönürdük. Bir nəfər erməni atamı salamladı. Sonra da hönkür-hönkür ağladı:
- Eh, bizim kəfşənlər, bizim yerlər, Üçtəpədə at çapdığımız yadındadırmı? Atam dillənmədi. Erməni hey üyüdüb-tökürdü. Köçü ləngitmək olmazdı. Biz irəlilədik... Erməni isə yerində quruyub qaldı.
Atamdan soruşdum:
- O kim idi?
- Heç
kim, - deyə acıqla cavab verdi.
Xeyli vaxtdan sonra həmin qısa mükaliməni yadına salanda atam dedi:
- O, lənətlənməlidir.
Bizim kənddə qaşıq, çömçə,
təhnə, oxloy,
1956-cı ilin avqustunda atamın dayısı və xalası uşaqları ilə görüşmək üçün
Sisian rayonunun Ərəfsə kəndinə
getdim. Yol yoldaşlarımın çoxu ermənilər idi. Onların hamısı Azərbaycan
dilində sərbəst
danışırdılar.
Mən görünən
yerlərin adlarını
çəkdim:
- İndi Dığ kahalarına yaxınlaşırıq. Gorusa
lap az qalıbdır.
Bu çay Gorus
qalasının yanından
axır. Görünən
Üçtəpədir, o dağ Qırxqızlardır...
- Bəs
deyirdin ki, Zəngəzura birinci dəfədir ki, gəlirsən, bu yerlərin adını hardan bilirsən? - deyə qoca
erməni məndən
soruşdu.
- Atamın
söhbətlərindən öyrənmişəm. Bu yerlər biz türklərin
qədim yurdudur.
Üçtəpə mənim dədə-babamın
torpaqlarıdır. Bizim kəndin
adı Xotanandır, indi onun ancaq
xarabalıqları qalıb.
Biz bu yerlərə
- Zəngəzura nə
Osmanlıdan, nə İrandan, nə də Suriyadan gəlmişik, - deyə ona cavab verdim.
- Biz gəlməyik,
mənim babam Osmanlıdan gəlibdir, düz sözə nə deyim, - deyə erməni etiraf etdi.
İndi doğma yurd-yuvalarından
didərgin düşmüş
və əksəriyyəti
savadlı, dünyagörüşünə
malik olan məcburi köçkünlərimiz
başlarına gələnlər,
öz yerləri, oraların tarixi haqda övladlarına, digər gənclərə
lazımi məlumatlar
çatdırmalıdırlar. Təbii ki,
bu işdə media vasitələri də aparıcı rol oynamalıdırlar. Təqdirəlayiq
haldır ki, bir sıra mətbu
orqanlarda dərc edilən yazılar, bəzi radio və televiziya kanallarında ədəbi keçmişimiz,
mədəniyyət, musiqi
və elm tariximizə
dair edilən söhbətlər gənclərimizin
Vətənimizin keçmişinə
aid biliklərini, gələcəyə
ümidlərini artırır,
onların sonrakı fəaliyyətlərini düzgün
istiqamətləndirir.
Xüsusən də çap media vasitələrində işğal
altında olan torpaqlar, o yerlərin tarixi və görkəmli şəxsiyyətləri
haqqında dəyərli
yazılar verilir. Lakin o da
faktdır ki, dövri mətbuatın hamısını əldə
etmək çətindir.
Televiziyalar bu sahədə
mühüm rol oynaya bilər. Təəssüf ki, bu məsələyə daha
çox yer ayırmaq əvəzinə
əksər özəl
telekanalar aktrisaların
eşq macərasından,
məhkəmələrdən, kriminal hadisələrin geniş şərhindən
bəhs etməyi üstün tuturlar. Halbuki izləyicilərə, xüsusən
də gənclərə
Vətən tarixini, vətənpərvərliyi aşılamaq,
bu mövzuda verilişlərin sayını
artırmaq indi daha vacibdir.
Azərbaycan xalqının, onun liderinin işğal olunmuş ərazilərlə
bağlı düşmənə
mesajı isə qətidir. Zəbt olunmuş ərazilər
geri qayıtmayana qədər mübarizə
davam edəcək.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dağlıq
Qarabağ bölgəsinin
azərbaycanlı icmasının
mərkəzi qərargahının
açılışında bununla bağlı demişdir: "Mən şəxsən şübhə
etmirəm ki, biz ərazi bütövlüyümüzü
bərpa edəcəyik.
Birinci növbədə beynəlxalq
hüquq bizim mövqeyimizi dəstəkləyir.
Ermənistan ilə Azərbaycan
arasında inkişaf sahəsində böyüyən
uçurum mövqeyimizi
gücləndirir. Azərbaycan xalqının
iradəsi mövqeyimizi
dəstəkləyir. Ermənistanda hətta müxtəlif rəhbər
dairələrdə belə
bir fikir formalaşır ki, artıq 20 ilə yaxındır danışıqlar
gedir, hələ bir 10 il davam
etsin, bir 10 il də davam
etsin və biz burada sadəcə, bir imitasiya ilə
məşğul olaq.
Vaxt keçdikcə azərbaycanlılar
o bölgələri unudacaqlar,
yeni nəsil dünyaya gələcək,
o bölgə ilə bağlı olmayacaqdır.
Bütün bu fikirlərin
qarşısına Azərbaycan
xalqı öz iradəsini qoyur.
Ermənilərin fikri özlərinə getməsin. Onlar bəlkə də
öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı
heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində,
Bakıda, başqa yerlərdə Dağlıq
Qarabağdan, işğal
edilmiş bölgələrdən
olan ailələrdə
doğulan uşaqlar bir amalla, bir
arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar. Azərbaycan xalqı
öz tarixi ərazisini heç vaxt unutmayacaqdır. Biz öz haqq
işimizdən heç
vaxt əl çəkməyəcəyik. Biz Ermənistandan o vaxta qədər əl çəkməyəcəyik
ki, öz torpaqlarımıza qayıdaq
və ərazi bütövlüyümüzü bərpa edək".
Bəli, öz tarixinə bağlı olan, onu heç
vaxt unutmayan Azərbaycan xalqı, onun lideri ölkəmizin
ərazi bütövlüyünü
bərpa etmək iqtidarındadır və edəcək də! O gün isə uzaqda deyil!
Qiyas QULİYEV,
əməkdar müəllim, Yevlax
Ziyalılar Cəmiyyətinin sədri
Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 4.