Azərbaycan nümayəndə heyəti Meksikada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Assambleyasında iştirak etmişdir

 

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Meksikanın Akapulko şəhərində keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Assambleyasında iştirak etmişlər.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Assambleyanın açılışında Meksika Prezidenti Felipe Kalderon İnoxosa da iştirak etmişdir.

Tədbirdə Soçidə Qış Olimpiya oyunları, 2012-ci və 2016-cı illərdə keçiriləcək Yay Olimpiya oyunlarının təşkilati işləri və digər məsələlər müzakirə edilmişdir. Assambleyada ilk dəfə olaraq, beynəlxalq gənclər siyasəti və milli idman sahələrinin inkişafına təkan vermək məqsədi ilə nazirliklər və Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Assambleya çərçivəsində A.Rəhimovun BOK-un prezidenti Jak Roqqe, Olimpiya oyunlarının direktoru Cilbert Felli, Əlcəzairin və Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman nazirləri ilə keçirdiyi ikitərəfli görüşlərdə idman və gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.

Nazir A.Rəhimov, Mexikoda Meksikanın Bədən Tərbiyəsi və İdman Komitəsinin baş direktoru Bernardo de La Garza ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı tələbə mübadiləsi, dostluq yarışlarının, həmçinin müxtəlif idman növləri üzrə milli yığma komandaların birgə məşq toplantılarının təşkili məsələləri müzakirə edilmişdir.

Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi tanındığını bildirən nazir, əsasən milli idman növü sayılan güləş, o cümlədən boks, cüdo növlərində idmançılarımızın uğurlarını qeyd etmiş və ölkəmizin bu istiqamətdə Meksika tərəfi ilə təcrübə mübadiləsinə və əməkdaşlığa hazır olduğunu bildirmişdir.

Tərəflər idman və gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Anlaşma Memorandumunun imzalanması üçün müvafiq danışıqların başlanmasını məqsədəuyğun hesab etmişlər.

Görüşdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 8.