Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi açılmışdır

 

 Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 27-də Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi əraziyə gələn dövlətimizin başçısını Həştərxan vilayətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun üzvləri hərarətlə qarşıladılar.

 

Mərasimdə çıxış edən Həştərxan vilayətinin qubernatoru Aleksandr JİLKİN dedi:

 

- Çox hörmətli İlham Heydər oğlu!

Mənim əziz dostlarım, qonaqlarım!

Təkcə Azərbaycan üçün deyil, bütün keçmiş Sovet İttifaqı, postsovet məkanı və bizim kiçik vilayət üçünböyük siyasi xadim olan möhtərəm və hörmətli bir insanın abidəsi üçün məhz bu yerin - Həştərxan kimi şəhərin seçilməsi təsadüfi deyildir. Ona görə ki, ölkədə istər o dövrdə, istərsə də postsovet dövründə baş verən ən müsbət proseslər bu insanın adı ilə bağlıdır. Heydər Əliyev islahatlardan sonrakı münasibətlərimizi möhkəmləndirən əsas sima idi. Bu gün bu böyük insanın xatirəsinə ehtiram əlaməti olaraq Sizə, İlham Heydər oğlu, bu nadir abidəni ən qısa müddətdə hazırlamış və onu burada ucaltmış bütün həmkarlarınıza böyük məmnuniyyətlə "Çox sağ olun" demək istəyirik. Bu abidə həm rusiyalıların, həm də azərbaycanlıların qardaşlığının, dostluğunun, onların ruhən və qəlbən birliyinin rəmzidir.

Biz Həştərxan vilayəti barədə danışanda öz həyatımızı tərəfdaşlarımız - Xəzər sahilindəki qardaşlarımız olan azərbaycanlılarla ən sıx əlaqələr, iqtisadisosial sahədə inteqrasiya olmadan təsəvvür etmirik. Burada böyük bir Azərbaycan diasporu yaşayır. Mən bu gün Sizə demişəm, indi bir daha hamının yanında deyirəm ki, azərbaycanlılar bizim ən etibarlı tərəfdaşlarımız, bütün iqtisadisosial layihələrdə iştirak edən, qanunlara hörmət bəsləyən vətəndaşlarımızdır. Buna görə mən onlara həmişə təşəkkür edirəm, bu gün Sizin yanınızda bir daha təşəkkür edirəm. Bizim Həştərxan şəhərində Sizi salamlamağa şadam. Sağ olun ki, bu gün imkan tapıb Həştərxan şəhərinə baxmağa vaxt sərf etmisiniz. Böyük məmnuniyyətlə Sizinlə birlikdə bu abidəni açmaq istəyirəm. Sağ olun.

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasim iştirakçılarına müraciət edərək dedi:

 

- Hörmətli Aleksandr Aleksandroviç!

Əziz dostlar!

Bu gün ölkələrimiz arasında münasibətlərin tarixində həqiqətən əlamətdar, tarixi gündür. Bu gün Həştərxanda, simasını dəyişən və modernləşən bu gözəl şəhərdə Azərbaycanın dahi oğlu Heydər Əliyevin abidəsi açılır. Heydər Əliyev bütün ömrü boyu öz xalqının rifahı naminə çalışmış, eyni zamanda, o, Rusiyaya, rus xalqına həmişə çox böyük məhəbbət bəsləmişdir. Onun ömrünün bir hissəsi Rusiya ilə bağlı olmuşdur. O, gənclik illərində Leninqradda, indiki Peterburqda təhsil almış, 80-ci illərdə Moskvada Sovet İttifaqı hökuməti sədrinin birinci müavini olmuş, Azərbaycan və rus xalqları arasında tarixi dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etməsi üçün çox işlər görmüşdür.

Mən bu gün əziz həştərxanlılara, ilk növbədə, qubernator Aleksandr Aleksandroviç Jilkinə Heydər Əliyevin xatirəsinə belə xeyirxah münasibətə görə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Bu, bizim üçün çox dəyərlidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk. Bu cür münasibətə, Heydər Əliyevin abidəsi üçün şəhərin mərkəzində belə gözəl yerin ayrılmasına görə bütün Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu park Rusiya ilə Azərbaycan arasında dostluğun və qardaşlığın rəmzinə çevriləcəkdir. Bu park çoxmillətli Rusiyada, çoxmillətli Azərbaycanda yaşayan bütün xalqlar arasında dostluq mərkəzi olacaqdır. Bu gün qubernatorun Həştərxanda yaşayan azərbaycanlılar haqqında dediyi tərifli sözləri eşitmək mənim üçün çox xoş idi. Onlar Rusiyanın layiqli vətəndaşları, Həştərxanın layiqli sakinləridirlər və bizim ikitərəfli münasibətlərin inkişafında mühüm amildirlər.

 Heydər Əliyev bütün ömrü boyu Azərbaycan xalqının daha yaxşı yaşamasına, Azərbaycanda müsbət proseslərin inkişaf etməsinə, islahatların həyata keçirilməsinə çalışırdı. Mən SSRİ-nin süqutunadək olan dövr barədə artıq danışmışam. Ən əsası budur ki, biz artıq vahid dövlətdə yaşamadığımız dövrdə - Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər sürətlə inkişaf etməyə başladı. Bütün bu illər boyu biz bütün istiqamətlərdə çox müsbət inkişaf görürükbu gün bu, bizə - həm Rusiya, həm də Azərbaycan rəhbərliyinə münasibətlərimizi strateji tərəfdaşlıq kimi səciyyələndirməyə imkan verir.

Biz qonşuyuq, o cümlədən Xəzərdə də qonşuyuq. Biz birlikdə Xəzərin bundan sonra da sülh, dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma dənizi olaraq qalması üçün Xəzər regionunda çoxtərəfli fəal əməkdaşlığı təmin etməyə çalışırıq. Biz Rusiya Federasiyası ilə birlikdə Xəzərdə ərazi sərhədlərimizi artıq çoxdan müəyyən etmişik. Bu il Rusiya Prezidenti Dmitri Anatolyeviç Medvedevin Azərbaycana səfəri zamanı biz quruda dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri razılaşdırdıq. Bütün bu amillər regionumuzda ümumi atmosferə çox müsbət təsir göstərir. Bu gün iki Xəzər və iki Qafqaz ölkəsi kimi Rusiya və Azərbaycan regional əməkdaşlıq, regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi, regionun inkişafı işində çox müsbət rol oynayırlar.

Mən əminəm ki, Rusiya və Azərbaycanın bölgədə sabitləşdirici rolu bundan sonra da regionun bütün ölkələri arasında daha tam anlaşmaya kömək edəcəkdir.

Bizi Rusiya ilə çoxəsrlik dostluq, əməkdaşlıq telləri bağlayır, bizi ümumi keçmişimiz birləşdirir. Bu gün, siyasi münasibətlərimizin ən yüksək səviyyədə olduğu bir vaxtda biz iqtisadi əlaqələrimizi fəal inkişaf etdiririk, energetika məsələləri fəal həll olunur, xalqlarımızın nümayəndələri arasında ünsiyyətə çox böyük həvəs vardır. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə böyük qayğı ilə yanaşılır. Həştərxanın Azərbaycan icması kimi, Azərbaycanın rus icması da öz ölkələrinin layiqli vətəndaşlarıdır və dövlətimizin inkişafına böyük töhfələr verirlər. Onlar həm də ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıran amildirlər.

Bu gözəl gündə mən xüsusi qeyd etmək istəyirəm ki, Həştərxanın necə inkişaf etdiyini, burada necə sürətli inkişaf getdiyini görmək mənim üçün çox xoşdur. Mən bu gün heyranlıq doğuran hər şeyi - sahilyanı ərazini, evlərin bərpasını, abadlaşdırma işlərini və sizin tarixi irsinizə necə yanaşdığınızı göstərdiyinə görə Aleksandr Aleksandroviçə minnətdaram. Mən bu gün tarixi yerdə - Kremldə oldum, bərpa işləri aparılır, şəhər abadlaşdırılır. Bütün bunlar Rusiyanın inkişafının, habelə vilayət rəhbərliyinin öz şəhərinə, onun sakinlərinə, həyatın daha da yaxşılaşması, şəhərin daha da gözəlləşməsi işinə olan sevgisinin göstəricisidir.

Bakı və Həştərxan qonşuqardaş şəhərlərdir. Bu gün mən buraya təyyarə ilə cəmi bir saata gəldim. Vaxtın necə keçdiyini heç hiss etmədim. Şəhərlərimiz arasında mövcud olan əlaqələr qədim tarixə malikdir. Bu gün onlar daha da möhkəmlənir, inkişaf edir. Əminəm ki, bu gün şəhərlərimizin, ölkələrimizin tarixində əbədi qalacaqdır. Əminəm ki, Rusiya ilə Azərbaycanı daha da yaxınlaşdırmaq üçün əlindən gələni etmiş Heydər Əliyevin obrazı ölkələrimiz və xalqlarımız arasında fəal əməkdaşlıq işində çox mühüm rol oynayacaqdır.

Bir daha, ilk növbədə, şəhər sakinlərinə, rəhbərliyə, qubernatora, şəhər hakimiyyətinə, bu gözəl abidənin, bu parkın yaradılmasında əməyi olanların hamısına təşəkkürümü bildirmək və sizin hamınıza xoşbəxtlik və rifah arzulamaq istəyirəm. Çox sağ olun.

 

* * *

 

Sonra Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin abidənin üzərindən örtüyü götürdülər, önünə gül dəstələri düzdülər.

Azərbaycan diasporunun nümayəndələri ilə görüşən Prezident İlham Əliyev onlara vilayətdə aparılan quruculuq işlərində daha fəal iştirak etməyi tövsiyə etdi.

Daha sonra abidə ətrafında yaradılmış parkla tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, 3,5 hektar ərazidə salınmış istirahət guşəsində geniş abadlıq və yaşıllaşdırma işləri aparılmış, mindən artıq ağac əkilmişdir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış və gözəl fəvvarə yaradılmış, oturacaqlar qoyulmuşdur. Park həştərxanlıların sevimli istirahət yerinə çevriləcəkdir.

Parka toplaşan soydaşlarımız Azərbaycan Prezidentini hərarətlə alqışladılar. Dövlətimizin başçısı burada yaşayan azərbaycanlıların vəziyyəti ilə maraqlanaraq dedi:

- Necəsiniz, necə yaşayırsınız burada? Hər şey yaxşıdı? Çox şadam ki, siz burada yaxşı yaşayırsınız. Vilayətin rəhbəri də sizin fəaliyyətinizdən çox razıdır. Burada çox dəyərli vətəndaşlar kimi yaxşı fəaliyyət göstərirsiniz. Bu gün çox tarixi bir gündür. Ulu öndərin abidəsi açılıbdır. İndi gedib baxa da bilərsiniz. Gözəl istirahət yeridir. Sağ olun.

Prezident İlham Əliyev soydaşlarımıza uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 oktyabr.- S. 1.