Dövlət başçılarının görüşündən sonra Rusiya Prezidenti Dmitri Medvedev jurnalistlərin suallarını cavablandırmışdır

 

Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra Rusiya Prezidenti Dmitri Medvedev jurnalistlərin suallarını cavablandırmışdır.

Dmitri Medvedev bildirdi ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın onun iştirakı ilə keçirilən sayca yeddinci görüşüdür.

Rusiyanın dövlət başçısı bildirdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü faydalıdır. "Birincisi, hər bir halda danışıqlar münaqişənin fəal fazasından yaxşıdır. İkincisi, bəlkə də ən vacib məsələ odur ki, bu, təkcə danışıqlar deyil, həm də irəliyə atılan addımdır", - deyən Dmitri Medvedev bildirdi ki, bu görüşdə tərəflər humanitar xarakter daşıyan birgə bəyanat razılaşdırıblar. Rusiya Prezidenti bu məsələnin çox vacib olduğunu vurğulayaraq dedi: "Bu, münaqişənin həllində fikir ayrılıqlarının olduğu bir vaxtda çox mühüm məsələdir. Xüsusi olaraq söhbət, əsir hərbçilərin və həlak olanların cəsədlərinin qeyd-şərtsiz qaytarılması üçün etimad tədbirlərinin möhkəmləndirilməsinə yönələn xüsusi bəyannamədən gedir".

Tərəflərin uzun müddətdir birbaşa hərbi qarşıdurmada olmadığını bildirən D.Medvedev atəşkəsin pozulduğunu və insanların həlak olduğunu qeyd etdi. Rusiya Prezidenti onu da dedi ki, görüşdə sülh razılaşması və münaqişənin ümumi həlli də müzakirə mövzusu olmuşdur. Bu mövzunun bütün üçtərəfli görüşlərdə müzakirə edildiyini deyən Dmitri Medvedev vurğuladı ki, gələcək sülh razılaşmasının əsasını təşkil edən ümumi razılıq prinsipləri üzrə məsələlər hələ ki qalır. "Ancaq biz müəyyən işlər görmüşük", - deyən Rusiya dövlətinin başçısı bildirdi ki, əgər tərəflər səy göstərsələr, dekabrın 1-2-də ATƏT-in Qazaxıstanda keçiriləcək sammitində ümumi tənzimləmə prinsiplərinin razılaşdırılmış variantına gələ bilərik.

Rusiya Prezidenti bununla bağlı xarici işlər nazirlərinə tapşırıq veriləcəyini də dedi. D.Medvedev xüsusi olaraq qeyd etdi ki, razılaşdırılmamış məsələlər çox olsa da, tərəflərdə bu məsələlərin həlli ilə bağlı səy vardır.

Dmitri Medvedev Rusiyanın münaqişənin həlli ilə bağlı bundan sonra da səy göstərəcəyini diqqətə çatdırdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 oktyabr.- S. 2.