Naxçıvanda Azərbaycan-Türkiyə
biznes forumu keçirilmişdir
Oktyabrın 27-də "Duzdağ" hotelində Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə muxtar respublikada istehsal olunan məhsulların sərgisinə baxmışlar. Sərgidə 53 müəssisənin 270 adda məhsulu nümayiş etdirilirdi.
Naxçıvan Muxtar Respublikasının tarixindən, sosial-iqtisadi inkişafından bəhs edən "Şərqdə doğan günəş" filmi göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumda çıxış edərək demişdir: Ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin vacib elementi olan bu cür görüşlərin, işgüzar forumların keçirilməsi artıq sistemli xarakter almış, ənənəyə çevrilmişdir. Budəfəki forumun Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilməsi münasibətlərimizin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Naxçıvan o yerdir, o diyardır ki, Azərbaycan və Türkiyə arasında yeganə quru sərhədi buradan keçir. Lakin Sovetlər Birliyi dövründə Türkiyə-Azərbaycan quru sərhədindən gediş-gəlişə heç bir imkan verilmirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri işləyərkən - 1992-ci ilin mayında Sədərək-Dilucu körpüsünün tikilib başa çatdırılmasına nail oldu. Beləliklə, tarixi ədalət öz yerini tapdı. Əsası milli liderlər - Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyənin rəhbərləri tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu ilin sentyabrında İstanbulda "Türkiyə ilə Azərbaycan arasında yüksək səviyyəli Strateji Tərəfdaşlıq Şurasının qurulmasına dair Birgə Bəyannamə"nin dövlət rəhbərləri tərəfindən imzalanması xalqlar və dövlətlərarası münasibətlərimizi yeni mərhələyə qaldırmışdır. İndi ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisələrə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Azərbaycanla Türkiyənin həyata keçirdiyi qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bir tərəfdən ölkələrimizi strateji ölkələrə çeviribsə, digər tərəfdən, bu layihələr xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi, mədəni-humanitar və sosial sahələrdə əlaqələrinin genişlənməkdə olduğunu bildirən natiq sözünə davam edərək demişdir: "Hazırda Naxçıvan Muxtar Respublikasında Türkiyəyə məxsus 58 sahibkarlıq subyekti fəaliyyət göstərir ki, onlarda 832 Türkiyə vətəndaşı çalışır. Sahibkarlar arasında qarşılıqlı əlaqələr təşkil olunmuş, 1999-cu ildə Türk-Naxçıvan İş Adamları Birliyi yaradılmışdır. Energetika, nəqliyyat-kommunikasiya, elm, təhsil, informasiya, idman və səhiyyə sahəsində əlaqələr böyük perspektivə malikdir. Naxçıvandan Türkiyəyə gün ərzində 16 meqavat gücündə elektrik enerjisi verilir. Naxçıvan-İstanbul, Naxçıvan-İğdır gündəlik avtobus marşrutları işləyir, İstanbul-Naxçıvan-İstanbul təyyarə reysləri həyata keçirilir. Ölkələrimiz arasında təhsil sahəsində əlaqələr daha da genişlənmişdir. Muxtar respublikada 3 türk liseyi və Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin təhsil qurumları arasında sıx elmi əməkdaşlıq mövcuddur. Təkcə bu universitetdə 200-ə yaxın Türkiyə vətəndaşı müxtəlif ixtisaslar üzrə təhsil alır. Öz növbəsində, Naxçıvan Muxtar Respublikasından 300-dən çox tələbə Türkiyənin müxtəlif universitetlərində təhsil alaraq gənc mütəxəssis kimi yetişməkdədir. Cari ilin əvvəlindən ötən müddət ərzində ticarət əlaqələrimiz 40 milyon ABŞ dollarına yaxın olmuşdur. Hazırda 287 növdə və 751 çeşiddə məhsul istehsal edilir. Yeni yaradılan müəssisələr hesabına muxtar respublika əhalisinin 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq olmaqla 242 növdə məhsula olan tələbatı yerli istehsal hesabına ödənilir. Bu gün muxtar respublikada mövcud olan 440 istehsal sahəsinin 405-i və ya 92 faizi yerli xammaldan istifadə əsasında öz fəaliyyətini qurmuşdur".
Ali Məclisin Sədri demişdir: "Naxçıvan Muxtar Respublikası təbii sərvətlərlə zəngin bir diyardır. Yerləşdiyi relyef və iqlim şəraiti burada günəş və külək elektrik stansiyalarının tikintisi üçün gözəl imkanlar açır. Muxtar respublikanın ekoloji cəhətdən təmiz havası və təbiəti burada ekoturizm ilə məşğul olan xidmət sahələrinin, şəfa ocaqları və sanatoriyaların yaradılması ilə bağlı layihələrin həyata keçirilməsinə münbit şərait yaradır. Sovetlər Birliyi dövründə muxtar respublikada fəaliyyət göstərmiş Ordubad və Şərur konserv zavodları, Naxçıvan Şüşə Qablar Zavodu, Ordubad "İpək" və Naxçıvan "Xalça" kombinatları kimi iri müəssisələr də investisiya qoyuluşuna açıqdır. Qardaş Türkiyənin iş adamlarını, həmçinin yeni rentabelli sahələrə - tullantıların qəbulu və emalı müəssisələrinin, yuyucu vasitələrin, birdəfəlik şprislərin, uşaq bezi, südlü uşaq yeməyi, kafel və metlax istehsalının, sousların istehsalı sahələrinin, plastik birdəfəlik tara, yodlaşdırılmış duz emalı zavodunun, bitki yağı istehsalı sahəsinin, əlvan metalların (sink, qurğuşun, mis, molibden) hasilatı və emalı müəssisəsinin yaradılmasına dəvət edirik".
Biznes forumda çıxış edən Türkiyə Respublikasının xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan dost və qardaş ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etməsinə Türkiyə tərəfinin xüsusi əhəmiyyət verdiyini söyləyərək demişdir ki, iş adamlarından ibarət böyük bir heyətin Naxçıvana gəlməsi bunu bir daha sübut edir. Dövlət naziri vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan mühüm uğurlar qazanmış, Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Təcavüzkar Ermənistan Azərbaycan ilə onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasına bir bıçaq kimi saplansa da, Türkiyə coğrafi baxımdan doğma vətəndən ayrı düşən Naxçıvanı heç vaxt yalnız buraxmayıb. "Biz Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədinin yaranmasına nail olan böyük Mustafa Kamal Atatürkü ehtiramla yad edir, onun gələcəyə hesablanmış tarixi xidmətini yüksək dəyərləndiririk. Bu qapı Türkiyənin Naxçıvandan Qafqaza və Orta Asiyaya, Naxçıvanın isə Türkiyədən Avropaya çıxışı deməkdir. Quru sərhəd ilə Türkiyənin türk ölkələrinə açılan bu yeganə qapısı bizə Azərbaycanla yanaşı, digər türkdilli dövlətlərlə də ticarət əlaqələrini inkişaf etdirməyə imkan verir".
Türkiyənin dövlət naziri səfər çərçivəsində Sədərək-Dilucu keçid məntəqəsində, Sədərək rayonunun Heydərabad qəsəbəsində olduğunu, muxtar respublikanın şəhər və kəndlərinin böyük bir inkişaf yolu keçdiyini, iqtisadiyyatının möhkəmləndiyini, infrastrukturunun yeniləndiyini bildirmişdir. Onun sözlərinə görə, Naxçıvanla ticarət dövriyyəsi indikindən dəfələrlə artıq olması üçün səylər artırılmalıdır. Bu gün Naxçıvanda müşahidə olunan iqtisadi inkişaf, görülən işlər, yaradılmış əlverişli biznes və investisiya mühiti qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinə stimul yaradır.
Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev Türkiyə Respublikası dövlət nazirinin mötəbər nümayəndə heyəti ilə Naxçıvana səfərini Türkiyənin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə verdiyi əhəmiyyətin daha bir göstərcisi kimi dəyərləndirmiş, iqtisadi sahədə əməkdaşlığa dair görülmüş işlərdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Türkiyə ilə Azərbaycan arasında yalnız iqtisadi sahədə əməkdaşlığa dair 23 sənəd imzalanmışdır. Energetika sahəsində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri nəinki ölkələrimizin, eləcə də Avropanın və digər regionların enerji təchizatının təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Naxçıvana yeni qaz kəməri çəkilməsinə dair imzalanmış sənəd bu sahədə əməkdaşlığın genişləndirilməsində növbəti addımdır. Hazırda həyata keçirilməkdə olan daha bir möhtəşəm layihə - Bakı-Tbilisi-Qars dəmir yolu nəinki Türkiyə ilə Azərbaycanı, həm də Avropa ilə Asiyanı birləşdirir.
Şahin Mustafayev bu gün mindən çox türk şirkətinin Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini və 2002-ci ildən etibarən Azərbaycan iqtisadiyyatına bu şirkətlər tərəfindən 1,6 milyard dollardan çox sərmayə yatırıldığını bildirmiş, iş adamlarını Naxçıvanda yaradılmış imkanlardan istifadə etməyə, birgə layihələr həyata keçirməyə, bununla da həm Naxçıvanın iqtisadi inkişafını, həm də Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməyə çağırmışdır.
Sonra Türkiyə İxracatçıları Məclisinin Şərqi Anadolu İxracatçılar Birliyinin sədri Camal Şengel, Türkiyə Respublikası Xarici Əlaqələr Qurumu Türk-Azərbaycan Şurasının sədri Cengiz Gül çıxış etmişlər.
Bununla da Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə biznes forumunun rəsmi hissəsi başa çatmışdır.
Rəsmi hissədən sonra sənədlərin imzalanma mərasimi olmuşdur.
Mərasimdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İnvestisiya və İxracın Təşviqi Fondu, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası ilə Türkiyə Respublikası Xarici Əlaqələr Qurumu Türk-Azərbaycan Şurası arasında işbirliyi haqqında Niyyət Protokolu imzalanmış, iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.
Azərbaycan-Türkiyə biznes forumunda Türkiyənin Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Hülusi Kılıç,
Naxçıvandakı baş konsulu Ayhan Enginar
və Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Ayxan Süleymanov,
Türkiyənin dövlət rəsmiləri, Naxçıvan
Muxtar Respublikası ilə sərhəd
vilayətlərin valiləri, vəzifəli şəxsləri,
işgüzar dairələrin 90-a
yaxın nümayəndəsi iştirak
etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 28 oktyabr.- S. 3.