KİV-lər mədəniyyətin təbliğində əsas rol oynayır

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilən ikigünlük beynəlxalq təlim məhz bu mövzunun aktuallığını təsdiqlədi

 

Milli-mənəvi sərvətlərinin zənginliyi ilə daim diqqət mərkəzində olan Azərbaycanın mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, əlbəttə, təkcə bu sahənin mütəxəssislərindən asılı deyil. Bu işdə ölkə mətbuatının da üzərinə olduqca böyük vəzifələr düşür.

İlk növbədə qeyd edilməlidir ki, mədəniyyət məsələləri ilə əlaqədar təşkilatların, xüsusilə Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlərin vaxtında, düzgün, peşəkarcasına işıqlandırılması günün aktual məsələlərindən biridir. Ölkə jurnalistlərinin həmin istiqamətdə məlumatlarının artırılması və adıçəkilən qurumun orqanı ilə əlaqələrinin genişləndirilməsi üçün 26-27 oktyabr 2010-cu il tarixdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində keçirdiyi ikigünlük "Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu" adlı beynəlxalq təlimdə çıxış edərkən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan mətbuatının şərəfli yoluna nəzər yetirərək iştirakçıların diqqətini cəmiyyətin maarifləndirilməsində KİV-lərin roluna yönəltdi.

Yeni jurnalist nəslinin ayrı-ayrı sahələr üzrə yetişdirilməsində təkcə təhsil sahəsinin deyil, eyni zamanda əlaqədar təşkilatların da üzərinə mühüm vəzifələr düşdüyü qeyd edilən tədbirdə çıxış edən jurnalistlərin sərbəst düşüncəyə daha çox üstünlük verməsi təqdirəlayiq hesab edildi. Lakin o da bildirildi ki, əksər hallarda mədəniyyətin təbliğində informasiyaya daha çox üstünlük verilməsi düzgün deyil, analitik, müxtəlif janrlı yazılara, jurnalist araşdırmalarına da ciddi ehtiyac duyulur.

Mədəniyyət Nazirliyinin Elm və təhsil şöbəsinin elmi-metodiki bölməsinin müdiri Asif Usubəliyevin təqdimatı ilə tədbirə qatılan Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist Ramiz Əsgər, Ümumrusiya Dövlət Teleradiokompaniyası Mədəniyyət şöbəsinin müdiri Qulşad Baltayeva, Rusiyanın "Mədəniyyət" qəzetinin müxbiri İrina Kulik, Rumıniyanın "Mədəniyyət" milli radiosunun nümayəndələri Dorin Bitfoin, Nataliya Polikarpova, "Exo" qəzetinin məsul katibi və "Mədəniyyət və KİV" jurnalist araşdırması layihəsinin müəllifi Səadət Bağırova həmkarlarının fikirlərinə şərik çıxmaqla yanaşı, bəzi maraqdoğuran məqamlar üzərində də dayanaraq məlumatların cəmiyyətin hansı formada daha çox qəbul etdiyinə toxundular.

İkigünlük təlim-seminarın əsas məqsədi təbii ki, təkcə ölkə jurnalistlərinin mədəniyyət sahəsindən yazarkən nələrə nəzər yetirmələrini xatırlatmaq və ya nədən necə yazmaq deyil, əslində, ölkədən kənarda milli mədəniyyətimizin təbliğində fəallığı artırmaq, bu işdə elektron KİV-lərin üzərinə daha çox vəzifələr düşdüyünü nəzərə çatdırmaq idi.

Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq və bu barədə öz ölkələrində çıxış etmək üçün toplantıya qatılan əcnəbi jurnalistlərin fikirləri və təklifləri maraq doğurduğu qədər də vacib hesab edildi.

Təlimin iştirakçıları Azərbaycan mədəniyyətinin istər Avropa, istərsə də dünya mədəni irsinə inteqrasiyasında mühüm tədbirlərin keçirildiyini qeyd etməklə yanaşı, onu da xüsusi olaraq əcnəbi həmkarlarının diqqətinə çatdırdılar ki, ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır. Bunun nəticəsində bir milyona yaxın azərbaycanlı hələ də qaçqın və məcburi köçkün şəraitində yaşayır və dövlətimizin başçısı bütün beynəlxalq tədbirlərdə bu barədə dəfələrlə məlumat verib. Həmin ərazilərdəki maddi-mədəni və eləcə də müqəddəs dini abidələrimiz yerlə yeksan edilib və bununla bağlı beynəlxalq müşahidəçilərin, faktaraşdırıcı missiyanın çoxsaylı faktları var. Ona görə də tədbirə qatılan əcnəbi həmkarlarımız bu barədə öz ölkələrinin KİV-lərində məlumat yaymalıdırlar. Bu isə təkcə dövlətlərarası deyil, həmçinin jurnalistlərin əməkdaşlığının hərtərəfli inkişafında mühüm vasitədir.

Tədbirin yekununda jurnalistləri Mədəniyyət Nazirliyi ilə həmkarlığın şəbəkəsini genişləndirməyə çağıran mədəniyyət nazirinin müavini S.Məmmədəliyeva təlimin iştirakçılarına sertifikatlar təqdim etdi.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.- 28 oktyabr.- S. 3.