Azərbaycan ilə Sloveniya arasında mədəni əlaqələr
genişlənir
Azərbaycan ilə Sloveniya arasında mədəni dialoqun qurulması və genişləndirilməsi istiqamətində tədbirlər davam etməkdədir. Bu məqsədlə Azərbaycanın Sloveniyadakı səfirliyi, xarici işlər və mədəniyyət nazirliklərinin dəstəyi ilə "Dünən, bu gün, sabah" adlı layihə hazırlanmışdır. Layihə çərçivəsində Azərbaycanda və Sloveniyada 2010-2011-ci illərdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın Sloveniyada müvəqqəti işlər vəkili Emil Həsənov məlumat vermişdir ki, hazırda layihənin müəllifi sloveniyalı mədəniyyət xadimi professor Vesna Çrnivets Azərbaycanın qədim yaşayış məskəni olan İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdədir. Layihə çərçivəsində Lahıc orta məktəbində "Lahıca xoş gəlmisiniz" filmi nümayiş etdirilmiş, məktəb şagirdlərinin işlərindən ibarət fotosərginin açılışı olmuşdur. Daha sonra milli geyimlərdə şagirdlər Azərbaycanın xalq mahnıları və rəqslərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.
İsmayıllı rayonu və Lahıc qəsəbəsi ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir maraqla qarşılanmışdır. Qeyd edilməlidir ki, Azərbaycanın qədim mədəni irsinin nümunəsi olan Lahıc qəsəbəsinin, Nic və Qırmızı qəsəbə ilə yanaşı YUNESKO-nun qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi nəzərdə tutulur.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Vyana
Azərbaycan.- 2010.- 28 oktyabr.- S. 3.