"Gələrəm, vaqonlar ötəndə..."
Yaşasaydı, indi 46 yaşını qeyd edəcəkdi. Cəfakeş olduğuna, zəhməti sevdiyinə və həmişə də öz üzərində çalışdığına görə, yəqin vəzifə, rütbə sahibi olacaq, dostları çoxalacaqdı. Tam əminliklə söyləmək olar ki, neçə il əvvəl - 1995-ci ilin 28 oktyabrında - özünün 31 yaşında göstərdiyi qəhrəmanlığı 46 yaşında da göstərəcəkdi. Heç kim onu bu yoldan döndərə bilməyəcəkdi.
Maraqlıdır,
qəribədir, müəmmalarla doludur -
müəyyən ekstremal vəziyyətlərdə
bəzi insanlarda belə güc,
iradə, əzmkarlıq haradan yaranır?
Belə vaxtlarda vəziyyət, şərait
insanı deyil, insan
şəraiti, vəziyyəti dəyişdirməyə necə
nail olur?
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevin qısa həyat yolu, qəhrəmanlığı, şücaəti insanda sonu görünməyən suallar doğurur. Bəlkə də ən böyük həqiqət elə o suallardadır?
Çingiz Babayev 1964-cü ildə Bakıda ziyalı ailəsində doğulub. Yasamal rayonundakı 20 nömrəli məktəbi, 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib.
1992-ci ilin avqustunda əmək fəaliyyətini yarımçıq qoyub könüllü olaraq torpaqlarımızın müdafiəsi üçün cəbhəyə yollanıb.
1994-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə göndərilib. Əvvəlcə taqım komandiri olub, çox çəkmədən bilik və bacarığı nəzərə alınaraq bölük komandirinin siyasi işləri üzrə müavini vəzifəsinə irəli çəkilib. Sonra 1995-ci ilin 28 oktyabrı gəlib.
O qanlı hadisələrin baş verdiyi 28 oktyabr - şənbə günü idi. Çingiz Babayev istirahət günü ilə əlaqədar evlərinə buraxılan bir neçə kursantla Bakı Metropoliteninin "Ulduz" stansiyasından qatara minib valideynlərinə baş çəkməyə gedirdi. Qatar "Nərimanov" stansiyasına çatmamış dayanıb, işıqlar sönüb, vaqonlar qara tüstüyə bürünüb. Adamlar qışqırır, kömək istəyir, kim necə gəldi qaranlıq tuneldə vaqonlardan çıxmağa çalışırdı.
Çingiz dərhal vəziyyəti qiymətləndirib əvvəlcə kursantlarla vaqonların şüşələrini sındırdı, sonra adamları düşürmək üçün döşəmələri sökməyə başladılar.
Kursantların bir neçəsi "Nərimanov", digərləri "Ulduz" stansiyaları istiqamətində adamları tuneldən çıxarmağa çalışırdılar.
Artıq neçə-neçə qadın, uşaq xilas edilmişdi. Gücü-qüvvəsi tükənsə də, Çingiz yenidən od-alov içində vaqonlara qayıdıb adamların köməyinə can atırdı. Çətin olsa da, bir də döndü - yanan, tüstülənən vaqonda huşunu itirib yıxıldı. Bir azdan sağ qalan kursantlar komandiri vaqondan çıxarmağa çalışsalar da, artıq gec idi...
Onunla birlikdə üç kursant - Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov da həlak oldu.
Həmin hadisələr vaxtı ümummilli lider Heydər Əliyev xalqa müraciət edərkən Çingiz Babayev və onun kursant yoldaşları barədə bunları söyləyib: "Bu, onların böyük vətənpərvər olduğunu nümayiş etdirir. Onlar insanları xilas etmək üçün özləri həlak olublar, özlərini qurban veriblər. Güman edirəm ki, onların xatirəsi xüsusi qeyd olunacaqdar..."
Ulu öndərin 3 noyabr 1995-ci ildə imzaladığı fərmanla Çingiz Adil oğlu Babayev (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına, onun kursant dostları Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov isə "İgidliyə görə" medalına layiq görüldülər.
Çingiz Babayevin "Ulduz" stansiyası qarşısında və çalışdığı hərbi məktəbdə büstü qoyulub. Orada adı, qəhrəmanlığı və ömür yolu belə qeyd olunur: "2.10.1964 - 28.10.1995".
Atası Adil kişi xatırlayır ki, Çingiz oktyabrın 2-də doğulsa da, oktyabrın 28-də adını alıb qeydiyyata düşmüşdü.
Qəribə də olsa, Çingiz Babayevin ad günü ilə ölüm günü üst-üstə düşür. Maraqlıdır, görəsən insanın ölümü özündən əvvəl doğulur, ya sonra? Buna "əcəl" də deyirlər, "əcəli çatanda" da deyirlər. Daim arxasınca yüyürən əcəl ona, eləcə də başqalarına həmin gün - qatarlar dayanan gün gəlib çata bildi. Bir vaxt İrəvan xanlarından olan ulu babası Rəşid xan Makinskinin arzularını yaşadan Çingiz Babayev bu dünyadan əsl qəhrəman kimi getməyi bacardı.
Məşhur bir mahnıda deyilir: "Hələ ki dünyada qatar var, gələrəm, vaqonlar ötəndə..." Nə vaxtsa ömür yolu tez qırılan insanlar bir də qoyub getdikləri bu dünyaya, yarımçıq arzularına dönəsi olsalar, yəqin hərə bir cür dönər. Çingiz Babayev isə mütləq səslə, qışqırıqla, göz yaşları ilə dolu bir vaqonda qayıdar. O, vaqondan düşər və ata-anasına tərəf, evlərinə sarı yeriyər - arxasınca onunla eyni gündə, saatda dünyasını dəyişmiş uşaqlar, qocalar, qadınlar...
Bəxtiyar QARACA
Azərbaycan.- 2010.- 28 oktyabr.- S. 8.