Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ikinci iclası

 

Oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının ikinci iclası olmuşdur. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri də iştirak etmişlər.

 

Ukrayna Prezidenti Viktor YANUKOVİÇ iclası açaraq dedi:

 

- Çox hörmətli cənab Prezident, əziz İlham Heydər oğlu!

Əziz dostlar!

Mən sizi Kiyevdə salamlamaq istəyirəm. İlham Heydər oğlu, biz Sizin səfərinizə çox şadıq. Bizim birgə işçi qrupumuz, dövlətlərarası komissiyamız çoxlu məsələlər üzərində işləmişlər. Hazırlığın səviyyəsi çox yüksəkdir. Bu gün biz Sizinlə həmin komissiyanın həmsədrlərinin qısa hesabatlarını dinləməli, yekun vurmalıyıq. Əlbəttə, mən, ilk növbədə, çox mürəkkəb dövlətlərarası məsələlərin, həmçinin bizim üçün çox həssas olan yanacaq-energetika kompleksinə dair məsələlərin həllinə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Biz başa düşürük ki, bu gün Azərbaycan Xəzər regionunda və bütövlükdə Asiya bölgəsində çox ciddi mövqe tutur. Biz Azərbaycanı çox yaxşı, köhnə, yaxın tərəfdaş və dost hesab edirik. Bizim münasibətlərimiz həmişə sabit və səmimi olmuşdur. Ən başlıcası isə Azərbaycan və Ukrayna xalqlarının qədim ənənələri vardır. Bu xoş münasibətlərin kökləri yüzilliklərə gedib çıxır. Buna görə də Sizi burada, Ukrayna torpağında salamlayaraq, bir daha ölkələrimizin yaxınlığını qeyd etmək istəyirəm. Bizim etdiklərimizin hamısı ölkələrimizin strateji, milli maraqlarına uyğundur. Çox sağ olun.

 

Sonra çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

 

- Möhtərəm Viktor Fyodoroviç, sözlərinizə və münasibətlərimizə verdiyiniz qiymətə görə çox sağ olun. Mən münasibətlərimizin tarixi, bu münasibətlərin inkişafının indiki səviyyəsi ilə bağlı fikirlərinizlə tamamilə şərikəm. Ümidvaram ki, mənim səfərim bütün istiqamətlərdə əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəkdir. Məni Ukraynaya rəsmi səfərə dəvət etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu səfər yaxşı nəticələr verəcəkdir.

Xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. Əsrlər boyu biz fəal qarşılıqlı fəaliyyət göstərmişik, dostluq etmişik, birlikdə işləmişik. Dövlətlərimiz müstəqillik əldə etdiyi andan biz həmişə tərəfdaş, dost olmuşuq. Bu gün bu tərəfdaşlıq strateji səviyyəyə yüksəlmiş, gələcək inkişafımızı və əməkdaşlığımızı şərtləndirir. Sizin qeyd etdiyiniz məsələlər bizim üçün, münasibətlərimiz üçün böyük əhəmiyyət kəsb edir.

Ölkələrimiz arasında energetika siyasəti ilə bağlı məsələlər həmişə dostluq, konstruktivlik və qarşılıqlı fayda ruhunda həll olunmuşdur. İndiki mərhələdə bu əməkdaşlığı genişləndirmək üçün yeni ideyalar və imkanlar mövcuddur. Biz münasibətlərimizin energetika blokunun əmtəə dövriyyəsinə müsbət təsirindən çox razıyıq. Biz artıq konkret nəticələr görürük. Ancaq bizim bu gün neft və qaz sahəsində əməkdaşlıqla əlaqədar aparacağımız müzakirələr, təkbətək görüşümüzdə danışdıqlarımız, düşünürəm ki, münasibətlərimizin bütövlükdə inkişafı üçün böyük əhəmiyyət kəsb edəcəkdir. Əlbəttə, həm regional məsələlərdə, həm də beynəlxalq təşkilatlarda bir-birimizə göstərdiyimiz siyasi dəstək bu işdə möhkəm təməldir. Bu gün Xəzər dənizi və Qara dəniz hövzələrinin regional əməkdaşlığını Ukrayna və Azərbaycanın xüsusi rolu olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə də mən əminəm ki, aramızda mövcud olan geniş gündəlik, planlarımızın həyata keçirilməsi münasibətlərimizi daha da möhkəmləndirəcək və xalqlarımızı yaxınlaşdıracaqdır. Mən səmərəli işə və yaxşı nəticəyə ümid bəsləyirəm. Bir daha qonaqpərvərliyə görə təşəkkür edirəm.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 2.