Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Hörmətli Viktor Fyodoroviç, sözlərinizə görə çox sağ olun. Əvvəla, dost, qardaş Ukraynaya rəsmi səfərə dəvət etdiyinizə, mənə və nümayəndə heyətimin üzvlərinə qardaş Ukrayna torpağında göstərilən qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm.
Çox hörmətli Viktor Fyodoroviç ilə bizi uzun illər ərzində birgə iş bağlayır. Biz bir-birimizi çoxdan tanıyırıq. Münasibətlərimiz hələ biz dövlətlərimizin baş nazirləri olandan başlamışdır. Əminəm ki, ölkələrimiz arasında münasibətlərin indiki səviyyəsi, ən başlıcası isə bu münasibətlərin inkişaf perspektivləri xeyli dərəcədə dövlətlərin rəhbərlərinin nə qədər sıx əməkdaşlıq etmələrindən və ünsiyyətdə olmalarından asılıdır. Mən görürəm ki, tammiqyaslı əməkdaşlığı genişləndirmək üçün perspektivlər çox ümidvericidir.
Viktor Fyodoroviçin qeyd etdiyi kimi, biz bu gün münasibətlərimizin geniş gündəliyi üzrə çox konstruktiv, ətraflı müzakirələr apardıq, siyasi qarşılıqlı fəaliyyəti, siyasi məsləhətləşmələri, beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləməyi, regional məsələlərdə, xüsusilə Xəzər-Qara dəniz hövzəsində inteqrasiya siyasəti məsələlərində fəal əməkdaşlığı genişləndirməyə tərəfdar olduğumuzu bir daha təsdiq etdik. Ölkələrimiz Qara dəniz ilə Xəzər dənizini birləşdirən nəqliyyat-energetika dəhlizinin möhkəmləndirilməsi və genişləndirilməsi işində aparıcıdırlar və bununla da ölkələrimiz regional inteqrasiya, regional əməkdaşlıq proseslərində fəal iştirak edirlər.
Bu gün biz yanacaq-energetika kompleksi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Çox şadıq ki, biz bu sahədə artıq konkret nəticələr görürük və həm neft, həm də qaz sahələrində əməkdaşlığın genişlənəcəyinə ümid bəsləyirik. Əminəm ki, energetika, neft və qaz nəqli marşrutlarının şaxələndirilməsi həm istehsalçılar, həm də istehlakçılar üçün energetika təhlükəsizliyi tədbirlərinin möhkəmləndirilməsi ilə bağlı daha geniş regional kooperasiya bu sahədə əməkdaşlığımızın nə dərəcədə səmərəli və məhsuldar olmasından asılıdır. Bəzən energetika təhlükəsizliyindən danışarkən, əsasən, enerji resurslarını alan ölkələr nəzərdə tutulur. Lakin istehsalçı ölkələrin də enerji təhlükəsizliyinə, uzunmüddətli müqavilələrə, proqnozlaşdırıla bilən bazarlara ehtiyacı vardır və həmin ölkələr yalnız bu yolla uzunmüddətli sərmayə siyasətini qura bilərlər.
Biz həm də çox şadıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi genişlənir, artır. Artım potensialı daha çox perspektivlidir. Düşünürəm ki, 2010-cu il bu baxımdan münasibətlərimizin tarixində dönüş ili kimi qalacaqdır. Çünki Viktor Fyodoroviçin qeyd etdiyi kimi, əmtəə dövriyyəsinin faizlə deyil, dəfələrlə artması artıq münasibətlərimizin bugünkü reallığıdır.
Bu gün biz sənaye kompleksini, ticarəti, humanitar əməkdaşlığı, hərbi sənaye kompleksi sahəsində, aerokosmik sahədə əməkdaşlığı əhatə edən məsələləri də ətraflı nəzərdən keçirdik. Biz daha fəal əməkdaşlıq etmək və fəaliyyətimizin konkret məzmun kəsb etməsi üçün iqtisadiyyatlarımızın, müəssisələrimizin potensialından maksimum istifadə etməliyik. Bir daha demək istəyirəm, bunun üçün bütün ilkin şərait - həm rəhbərliyin şəxsi münasibətləri, həm də bu gün müşahidə etdiyimiz kimi, nümayəndə heyətlərimizin üzvlərinin konstruktiv işgüzar münasibətləri vardır. Siyasi münasibətlər yüksək səviyyədədir. Ən başlıcası, bundan sonra da bütün istiqamətlər üzrə fəal işləmək və əməkdaşlıq etmək arzusu vardır. Əminəm, müəssisələrimiz bir-birinin imkanları barədə nə qədər çox informasiyaya malik olsalar, biz əmtəə dövriyyəsini bir o qədər sürətlə artıra və onun strukturunu təkmilləşdirə bilərik ki, o, birtərəfli olmasın və təkcə enerji resurslarına istiqamətlənməsin. Viktor Fyodoroviçin qeyd etdiyi kimi, bizə də çox xoşdur ki, MDB ölkələri arasında Ukrayna bizim üçün əmtəə dövriyyəsinə görə ikinci yerdədir.
Təbii ki, humanitar əməkdaşlıq olmasa, münasibətlərimiz heç vaxt dolğun olmayacaq və bizim bu məsələdə də fəxr etməyə haqqımız vardır. Bizim xalqlar arasında münasibətlər zəngin tarixə malikdir. Ölkələrimiz müstəqillik əldə etdiyi andan onların arasında həmişə xüsusi dostluq münasibətləri olmuşdu. Bu gün onlar strateji tərəfdaşların münasibətləri kimi səciyyələnir. Bizə çox xoşdur ki, ölkələrimizdə bir-birimizin mədəniyyətinə, dilinə çox qayğı ilə yanaşırlar. Azərbaycanda Ukrayna dili öyrənilir və bu müsbət proseslərin inkişaf etdirilməsinə böyük diqqət yetirilir. Azərbaycanda Ukraynanın böyük oğlu Taras Şevçenkoya, Lesya Ukrainkaya abidə qoyulmuşdur. Ukraynada Heydər Əliyevə abidə ucaldılmışdır. Bu gün mənə xəbər verildi ki, Kiyev şəhər soveti həmin abidənin yerləşdiyi parka Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etmişdir. Mən müasir Azərbaycan dövlətinin banisinin xatirəsinə bu cür yüksək münasibətə görə Azərbaycan xalqı adından, ilk növbədə Ukrayna Prezidentinə, eləcə də bu barədə qərar qəbul edənlərin hamısına bir daha təşəkkür etmək istərdim.
Bütün
bu məqamlar da çox vacibdir, çünki onlar münasibətlərimizi
daha da möhkəmləndirir, bizi daha da
yaxınlaşdırır. Ukrayna bizə dost, qardaş ölkədir
və mən əminəm ki, münasibətlərimizin gələcəyi
məhz bu müstəvidə inkişaf edəcəkdir. Qonaqpərvərliyə
görə ev sahiblərinə, çox hörmətli Viktor
Fyodoroviçə bir daha təşəkkür etmək istəyirəm.
Mən həm də burada jurnalistlərin qarşısında
Viktor Fyodoroviçi istənilən münasib vaxtda Azərbaycana
rəsmi səfərə gəlməyə rəsmən dəvət
etmək istəyirəm ki, əlaqələrimiz daimi xarakter
daşısın və biz bir-birimizi tez-tez görək.
Sağ olun.
* * *
Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar:
- Hər vaxtınız xeyir, cənab prezidentlər. Siz energetika sahəsində əməkdaşlıq məsələlərinə artıq toxundunuz. Azərbaycanın Ukraynaya neft satışının, Avropaya və Rusiyaya neft tranzitinin həcmini nə vaxtdan başlayaraq artıracağı məlumdurmu? Konkret olaraq hansı həcmlərdən söhbət gedir? Çox sağ olun.
İlham ƏLİYEV: Biz Ukraynaya neft satışını artıq çoxaltmışıq və keçən illə müqayisədə bu amil, ümumiyyətlə, bizim əmtəə dövriyyəsinin artırılmasında da başlıca rol oynamışdır. Bu gün Prezidentlər Şurasında bizə məruzə edilən məlumata görə, bu il, hələ ki, başa çatmayıb, Ukrayna bazarlarına bir milyon tondan çox Azərbaycan nefti göndərilmişdir. Biz gələcəkdə satışın həcmini artırmaq niyyətindəyik. Çünki biz Azərbaycanda neft hasilatının həcmini artırmağı planlaşdırırıq. Perspektivdə Xəzər dənizinin şərq sahilində yerləşən, bizə qonşu ölkələrin nefti Azərbaycan ərazisindən keçməklə Ukrayna bazarlarına nəql edilə bilər və bu layihə də Qara dəniz və Xəzər dənizi regionu ölkələrinin daha tam inteqrasiyasına şərait yaradacaqdır. Bu barədə artıq mən danışdım. Bununla da biz enerji resursları ilə çox zəngin olan Xəzər dənizini Ukrayna bazarları ilə, Avropa bazarları ilə əlaqələndirəcək daha bir, çox etibarlı enerji dəhlizi yaradacağıq. Bu, energetika sahəsində hamıya fayda gətirəcək genişmiqyaslı əməkdaşlıq olacaqdır. Mən hesab edirəm ki, neft təchizatı ilə bağlı bu əməkdaşlıq ölkələrimiz arasında yanacaq-energetika sahəsində münasibətlərin bütün kompleksinin inkişafında lokomotiv rolunu oynamalıdır. Enerji blokunun digər istiqamətləri ilə əlaqədar olan layihələr də, - biz bu gün onların barəsində də ətraflı diskussiya aparmışıq, - müəyyən dərəcədə bu əməkdaşlığın nə qədər uğurlu olmasından asılı olacaqdır. Başqa sözlə desək, mən belə hesab edirəm ki, 2010-cu il bu baxımdan da dönüş ili olmuşdur və biz bunu uzunmüddətli əməkdaşlığın yalnız yaxşı başlanğıcı hesab edirik.
Viktor YANUKOVİÇ: Mən İlham Heydər oğlunun dediklərinə daha bir neçə söz əlavə etmək istərdim. Ukrayna üçün çox vacibdir ki, biz neft emalı zavodlarımız üçün neft alırıq və onların işləməsini təmin edirik, biz əlavə dəyər əldə edirik, iş yerləri açırıq. Bu, həm Ukrayna iqtisadiyyatı üçün, həm də sosial baxımdan çox böyük əhəmiyyətə malikdir. Ukraynanın sifarişi ilə alınan neft məhsullarının lap cüzi bir hissəsini yüngül neft məhsulları təşkil edir. Bizim sonrakı bütün addımlarımız Odessa-Brodı kəmərini neftlə doldurmağa və onu avers rejimində işə salmağa yönəldiləcəkdir. Biz hesab edirik ki, bu proqram bir neçə il ərzində təkcə neft deyil, enerji daşıyıcıları satışını da xeyli artırmağa şərait yaradacaqdır.
- Mənim sualım hər
iki prezidentədir. Sizcə, Azərbaycan ilə Ukrayna arasında
qarşılıqlı sərmayələrin perspektivləri
necədir?
Viktor YANUKOVİÇ: Mən
çox qısa cavab verəcəyəm ki, müştərək
layihələrimiz hər iki tərəfdən sərmayə
resurslarının yatırılmasını nəzərdə
tutur. Başqa sözlə, biz bu məsələlərə tərəfdaşlar
kimi yanaşacağıq və hər bir ayrıca halda birgə
qərarlar qəbul edəcəyik. Şübhəsiz ki, sərmayə
layihələrimizi, ilk növbədə, yerli məhsul
istehsalçılarının dəstəkləməsində
çox maraqlıyıq. Məqsədimiz budur. Ölkələrimizin
iqtisadiyyatlarının strukturu rəqib olmamağa, bir-birimizi
tamamlamağa imkan verir.
İlham ƏLİYEV: Mən
Viktor Fyodoroviçin dedikləri ilə razıyam. Həqiqətən,
iqtisadiyyatlarımız rəqabət aparan deyil, bir-birini
tamamlayandırlar. Eyni zamanda, ölkələrimiz arasında
siyasi münasibətlərin yüksək səviyyəsi
qarşılıqlı sərmayələrin təşviq
edilməsinin mühüm amilidir. Sərmayədarlar - istər
dövlətin, istərsə də özəl sektorun
nümayəndələri həmişə siyasi konyukturaya
çox həssas reaksiya verirlər və ölkələr
arasında uzunmüddətli möhkəm siyasi münasibətlər
olduğunu görəndə, təbii ki, diqqətlərini məhz
belə əlverişli siyasi iqlim olan tərəfə yönəldirlər.
Yəni bu, daha bir amildir.
Digər amil həm Ukraynada,
həm də Azərbaycanda xarici sərmayədarlar
üçün çox əlverişli mühitin
yaradılmasıdır. Əminəm ki, bu sərmayə layihələrinin
siyasi cəhətdən dəstəklənməsi daha
çox şirkətləri Ukraynanı və Azərbaycanı
sərmayə yatırımı üçün strateji məkan
kimi nəzərdən keçirməyə təşviq edəcəkdir.
Mənə çox xoşdur ki, Azərbaycan Dövlət Neft
Şirkəti - SOCAR bu prosesi artıq
başlamışdır. Qısa vaxt ərzində Ukraynaya təxminən
80 milyon dollar sərmayə qoyulmuşdur. Bu, bizim ilk
addımlarımızdır. Biz sərmayələrimizin həcmini
artırmaq niyyətindəyik. Əminəm ki, onlar yalnız
artıq reallaşmaqda olan təşəbbüslər və
layihələr çərçivəsində bir neçə
dəfə çoxalacaqdır. Viktor Fyodoroviç ilə bir
qədər əvvəl danışdığımız
kimi, yanacaq-energetika, neft-qaz sektorunda genişmiqyaslı əməkdaşlığa
dair planlarımızı nəzərə alsaq, bu sərmayələrin
necə sürətlə artacağını təsəvvür
etmək mümkündür.
Bu gün nümayəndə
heyətimizin tərkibində sənaye, iqtisadiyyat,
informasiya-kommunikasiya texnologiyalarına görə cavabdeh
nazirliklərin rəhbərləri də vardır. Biz bu sahələri
də yaddan çıxarmamalıyıq, bəlkə də əksinə,
onlara daha çox diqqət yetirməliyik. Çünki biz bir
ölkədən digər ölkəyə sərmayələrin
sektorlar üzrə bərabər bölünməsində
maraqlıyıq. Ən əsası isə onlar ölkələrimizdə
mövcud olan planlara uyğun gəlməlidirlər. Onlar
ölkələrimizdə mövcud olan iqtisadi, sərmayə
proqramlarının əksinə yox, onlara uyğun olsun, bir
çox sosial məsələlərin həllinə, iş
yerlərinin açılmasına və milli istehsal müəssisələrinin
yaradılmasına da kömək etsin. Odur ki, bu perspektivlərə
nikbinliklə baxırıq və əminəm ki, yaxın
vaxtlarda yaxşı nəticələr görəcəyik.
AzərTAc
Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 2.