Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli birgə bəyanatı

 

2010-cu il oktyabrın 27-də Rusiya Federasiyası Prezidentinin dəvəti ilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentləri Həştərxanda görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini və perspektivlərini hərtərəfli müzakirə etmişlər.

Prezidentlər 2008-ci il noyabrın 2-də Moskvada imzalanmış birgə bəyannamənin müddəalarını təsdiqləyərək vurğulamışlar ki, münaqişənin siyasi-diplomatik vasitələrlə tənzimlənməsi atəşkəs rejiminin və hərbi sahədə etimad tədbirlərinin möhkəmlənməsi üçün səylərin davam etdirilməsini tələb edir. Bu məqsədlə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri birinci addım kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin dərhal dəyişdirilməsi və həlak olanların cəsədlərinin qaytarılması, eləcə də bu cür məsələlərin müstəsna humanitar xarakterini nəzərə alaraq gələcəkdə bu yanaşmaları rəhbər tutmaq barədə razılığa gəldilər.

 

 

Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 1.