Kiyev sovetinin qərarı
ilə Ukrayna paytaxtının tarixi mərkəzindəki meydanlardan
birinə Heydər Əliyevin adı verilmişdir
Ukraynanın "Utro.ua" gündəlik internet-qəzetinin verdiyi məlumata görə, Kiyevdəki meydanlardan biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyacaqdır.
Ukrayna paytaxtının şəhər soveti oktyabrın 28-də keçirilmiş iclasda bu təklifin lehinə səs vermişdir.
Kiyev soveti Qlıboçitskaya küçəsində (Azərbaycanın Ukraynadakı səfirliyinin və ulu öndər Heydər Əliyevin abidəsinin yaxınlığında - AzərTAc) yerləşən, əvvəllər heç bir adı olmayan meydana Heydər Əliyevin adını vermişdir.
"Utro.ua" bildirir ki, bu qərar Azərbaycanın Ukraynadakı səfirinin müraciətinə, eləcə də Ukrayna Nazirlər Kabinetinin müvafiq tapşırığına və Ukrayna Xarici İşlər Nazirliyinin məktubuna əsasən qəbul edilmişdir.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Kiyev
Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 9.