Xalq artisti Vasif Adıgözəlovun "Çanaqqala-1915" oratoriyası səsləndirilmişdir

 

Xalq artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində oktyabrın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın "Çanaqqala-1915" oratoriyası səsləndirilmişdir.

Filarmoniyanın foyesində sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi nümayiş etdirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev unudulmaz bəstəkarımız V.Adıgözəlovun mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərmişdir. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Bülbül adına Orta İxtisas Musiqi məktəbinin fortepiano sinfində alan V.Adıgözəlov bəstəkarlıq sahəsində erkən addımlarını atmışdır. Təhsilini davam etdirən V.Adıgözəlov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas - dahi Qara Qarayevin bəstəkarlıq üzrə sinfini, professor Simuzər Quliyevanın isə fortepiano sinfini fərqlənmə diplomları ilə bitirmişdir. Sevimli müəllimi Q.Qarayevdən müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqisi qaynaqlarından bəhrələnərək öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaratmışdır.

Bəstəkar iki operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", "Hacı Qara" (R.Mustafayev ilə birgə), "Boşanaq, evlənərik", "Aldın payını, çağır dayını" və s., həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" və s. simfonik poemaların, 6 instrumental konsertin, bir çox kamera-instrumental əsərin, mahnı və romansların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

Bu gün bəstəkarın əsərləri nəinki Azərbaycanın, habelə dünyanın bir çox ölkələrinin musiqi ictimaiyyətinə yaxşı tanışdır. Bu günVasif Adıgözəlovun əsərləri müxtəlif beynəlxalq musiqi festivallarında məşhur dirijorların təfsirində səslənir, görkəmli kollektivlərin və ifaçıların repertuarına daxil edilir, respublikamızın musiqi təhsili ocaqlarında tədris olunur, disklərə yazılır.

"Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmişbu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilmişdir.

Vurğulanmışdır ki, sənətkarın zəngin yaradıcılığı və geniş ictimai-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. V.Adıgözəlov "xalq artisti" fəxri adına, Dövlət mükafatına, müstəqil dövlətimizin iki ali mükafatına - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür.

Gecədə dirijor, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun və Azərbaycan Dövlət xor kapellasının bədii rəhbəri, xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında səsləndirilən "Çanaqqala-1915" oratoriyası maraqla qarşılanmışdır.

Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər iştirak etmişlər.

Festival oktyabrın 31-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 9.