Naxçıvan daha da gözəlləşəcək
və inkişaf edəcək
"Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir. Keçən il ümumi daxili məhsul artmışdır, bu il də artır, templər yüksəkdir. Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük".
İlham ƏLİYEV
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində respublikamızın hər bir guşəsində böyük tikinti-quruculuq və abadlıq işləri aparılır. Prezident İlham Əliyev bəyan edib ki, "Bizim siyasətimiz məhz bundan ibarətdir ki, bütün yerlərdə, bütün bölgələrdə, ən ucqar kəndlərdə də ən müasir səviyyə, insanların yaşaması, işləməsi üçün bütün şərait yaradılmalıdır".
Bu istiqamətdə görülən işlər, həyata keçirilən möhtəşəm tədbirlər göz qabağındadır. Bunun canlı və konkret nümunəsini iyirmi ilə yaxın bir müddətdə blokada şəraitinin ağırlığına mətanətlə sinə gərən Naxçıvan Muxtar Respublikasının timsalında aydın görmək olar. Son 5 ildə regionun iqtisadi inkişafı 4 dəfə artıb. Sənayenin, kənd təsərrüfatının və sosial sahələrin inkişafında əsaslı dönüşə nail olunub. Yeni yaradılan sənaye və emal sahələri sovetlər birliyinin mövcud olduğu illər ərzində istifadəyə verilən müəssisələrin sayını 8 dəfə üstələyib.
Bu ilin səkkiz ayında isə ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 772 milyon manatı ötüb. Sənaye sahəsində aparılan islahatlar nəticəsində 213 milyon manatdan çox məhsul istehsal olunub. İxracyönümlü müəssisələr hesabına 125,5 milyon ABŞ dolları həcmində xarici ticarət əməliyyatları aparılıb. Sosial inkişaf - təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulması sahəsində mühüm irəliləyişlərə nail olunub.
Ölkə başçısı cənab İlham Əliyev oktyabr ayının 5-də regiona növbəti səfəri çərçivəsində keçirilən tədbirlərin birində görülən işləri yüksək qiymətləndirərək deyib: "Naxçıvanda gözəl quruculuq, abadlıq işləri sürətlə gedir və bu məni çox sevindirir. Hər dəfə Naxçıvanda olanda mən bu yenilikləri, müasir yanaşmanı görürəm ".
Onu da qeyd edək ki, bu, cənab İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə Naxçıvana səkkizinci səfəri idi. Digər səfərlərində olduğu kimi, Prezidentin budəfəki gəlişi də muxtar respublika sakinləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Dövlət başçısı səfər çərçivəsində muxtar respublikada bir neçə infrastruktur sahəsinin - üç müasir tipli orta məktəb binasının, Naxçıvan-Sədərək magistral yolunun, Sədərək rayonundakı mərkəzi xəstəxananın, Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının, Naxçıvan şəhərində "Gəmiqaya daş emalı sənaye kompleksinin, Naxçıvan şəhərinin içməli su təchizatının, məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Regional İnformasiya Mərkəzinin açılış mərasimlərində iştirak edib öz xeyir-duasını verdi. Sədərək rayonunda "N" saylı hərbi hissə, Kəngərli rayon mərkəzində ictimaiyyət nümayəndələri ilə görüş, sərhəd bölgəsində yerləşən Heydərabadda tikilən yeni mənzillərlə tanışlıq da xoş təəssürat yaratdı.
Dövlətimizin başçısı səfər çərçivəsində regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icra vəziyyəti ilə tanış olub, əhalinin yaşayışı, gün-güzəranı ilə maraqlanıb. Bu istiqamətdə həyata keçirilən siyasətin real bəhrələrindən danışan ölkə Prezidenti bunu konkret olaraq muxtar respublikanın timsalında aydın açıqlayıb: "Naxçıvan uzun illərdir ki, blokada şəraitində yaşayır və bu blokadanı Ermənistan tətbiq edir. Ancaq buna baxmayaraq, Naxçıvanın bütün imkanları səfərbər olunub və əlavə tədbirlər görülür, proqramlar icra olunur. Bu gün Naxçıvan uğurla və sürətlə inkişaf edən diyardır, respublikadır. Bütün şəhərlər abadlaşır, gözəlləşir, yeni mehmanxanalar, sənaye müəssisələri yaradılır".
Uğurlu siyasət və konkret nəticə
Bu da bir faktdır ki, son on beş ildə muxtar respublikanın sosial-iqtisadi inkişafında böyük irəliləyişlər yaranıb. Təməli xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulan yeni həyat quruculuğu xətti ötən illər ərzində uğurla davam etdirilib. Bu müddət ərzində muxtar respublikada 364 yeni sənaye müəssisəsi işə düşüb. Ötən il daxili tələbatdan artıq istehsal olunmuş 62 milyon 220 min ABŞ dolları dəyərində sənaye məhsullarının qonşu xarici ölkələrə və respublikamızın digər bölgələrinə ixrac olunması da regionun getdikcə artan iqtisadi potensialından xəbər verir. Bu rəqəm əvvəlki illə müqayisədə 2,9 dəfə çox olub.
Təbii ki, bölgəyə dövlətin qayğı və dəstəyinin çox olması ilk növbədə regionun yerləşdiyi geosiyasi mövqedən irəli gəlir. Naxçıvan ölkəmiz üçün həmişə strateji əhəmiyyət kəsb edən bir bölgə olub.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkəni yeni inkişaf müstəvisinə çıxarmaqla bu inkişafın mərkəzlə bərabər regionlara doğru istiqamətlənməsində mühüm rol oynayıb. Bu səbəbdən də muxtar respublika nəinki iqtisadi və sosial böhrandan qısa vaxt ərzində yaxa qurtarıb, həmçinin onun dinamik inkişafı təmin edilib. Prezident İlham Əliyev bu amili yüksək qiymətləndirərək: "Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir, bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir", - deyib.
2003-cü ildən bu günədək Naxçıvan Muxtar Respublikasında 44 min 647 yeni iş yeri açılmışdır ki, bunun da 29 min 393-ü və yaxud 66 faizi daimi iş yerləridir. Yeni iş yerlərinin açılması, iqtisadiyyatın ümumi strukturuna uyğun olaraq və daxili bazarın qorunması tələbləri nəzərə alınaraq yeni istehsal və emal sahələrinin yaradılması sahibkarlığın inkişafı üçün əlverişli şəraitin formalaşdırılması hesabına mümkün olmuş, ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 86 faiz təşkil etmişdir. Hazırda muxtar respublikada əhalinin 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq olmaqla 242 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir.
İqtisadi potensialın
başlıca mənbəyi
Ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi də bu gün xüsusi diqqət yetirilən sahələrdəndir. Vaxt var idi ki, muxtar respublikada elektrik enerjisi sutka ərzində 10-12 saat verilir, böyük fasilələr yaranırdı, qonşu ölkələrdən baha qiymətə enerji alnırdı. Dövlət başçısının "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2 may 2005-ci il tarixli sərəncamından sonra vəziyyət tamamilə dəyişib. O vaxtlar Prezident İlham Əliyev bu sahədə qarşıda duran hədəfləri də aydın göstərmişdir: "Naxçıvanda tikilən elektrik stansiyalarının və növbəti illərdə tikiləcək su elektrik stansiyalarının gücü elə olmalıdır ki, muxtar respublikada enerji təhlükəsizliyi tam şəkildə daxili resurslar hesabına təmin olunsun".
Regiona təbii qaz kəmərinin çəkilməsindən sonra enerji təsərrüfatının gücləndirilməsi sahəsində təsirli tədbirlər görülmüş, modul və qaz-turbin elektrik stansiyaları, Heydər Əliyev su anbarı üzərində elektrik stansiyası tikilib istifadəyə verilib. Az vaxt ərzində muxtar respublika elektrik enerjisi alan regiondan elektrik enerjisi ixrac edən regiona çevrilib. Hazırda Türkiyə Respublikasına gündə 16 meqavat elektrik enerjisi verilir.
20 meqavat gücündə olan Biləv Su Elektrik Stansiyası da muxtar respublikada həyata keçirilən ən böyük infrastruktur tədbirlərdən biri olub. Həmin stansiyanın tikintisinə ötən ilin mart ayından başlanılsa da, qısa vaxt ərzində inşaat işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Burada böyük həcmdə inşaat və tikinti işləri aparılıb.
Gilançay üzərində tikilən stansiyada ilk əvvəl suyun toplanması üçün tutumu 250 min kubmetr olan tənzimləyici bənd yaradılıb. Buradan su açıq və qapalı kanallarla üçsıralı sutəmizləyici anbara ötürülür. Su bərk cisimlərdən təmizlənəndən sonra tutumu 34 min kubmetr olan anbara yönəldilir. Növbəti mərhələdə isə o, poladdan hazırlanan təzyiq borusu ilə stansiyaya verilir. Stansiya binası bütün zəruri avadanlıqlarla təchiz edilib. Burada Avstriya istehsalı olan iki turbin və generatorlar quraşdırılıb. İstehsal edilən enerji xüsusi xətlərlə yarımstansiyaya ötürülür.
Həmin obyektin açılış mərasimində iştirak edən dövlət başçısı görülən işlərdən, həyata keçirilən tədbirlərdən razılığını bildirib.
Biləv Su Elektrik Stansiyasının açılışı, sadəcə olaraq, görülən işlərin yeni mərhələsidir,- söyləyən dövlətimizin başçısı bu cür stansiyaların digərlərindən üstün cəhətlərini də açıqlayıb: "O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür. Su mənbələrimizdən səmərəli istifadə etmək üçün Azərbaycanda çoxlu tədbirlər görülüb və bu tədbirlər ardıcıl şəkildə həllini tapır".
Bu gün Naxçıvanda elektrik enerjisi və qazla təminat ən yüksək səviyyədədir. Muxtar respublikada qazlaşdırma uğurla başa çatdırılıb və hətta sovet dövründə qazlaşdırılmayan kəndlərə də təbii qaz xətləri çəkilib. Əslində bunlar dövlət səviyyəsində həyata keçirilən böyük bir proqramın icrası nəticəsində mümkün olub.
Avropa standartları əsasında
qurulan yol
87 kilometr uzunluğunda olan Naxçıvan-Sədərək magistral avtomobil yolunun yenidən qurulması muxtar respublikada həyata keçirilən böyük infrastruktur tədbirlərdən biridir. O yol iqtisadiyyatın qan damarı olmaqla bərabər, adamların rahat və firavan yaşamalarına xidmət edəcək.
Böyük İpək yolunun bir hissəsi sayılan bu yol muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Avropa standartları əsasında qurulan yolun ümumi en sahəsi 23 metr, asfalt qatının eni 17,2 metrdir. Burada hər iki istiqamətdə 2 hərəkət zolağı olmaqla 4 xətt yaradılıb. Yolun hər iki istiqamətində "təhlükəsiz zona"sı var.
Magistral xəttdə yenidənqurma tədbirləri iki mərhələdə həyata keçirilib. İlkin mərhələdə görülən işlərə ötən ilin avqust ayında yekun vurulub. Naxçıvan-Şərur şəhəri istiqamətində istifadəyə verilən yolun birinci mərhələsinin açılışında ölkə Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib.
Cari ilin oktyabr ayında yolun ikinci mərhələsində inşaat işləri başa çatdırılıb. Yolun açılışında iştirak edən Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib: "Biz yolun bir hissəsini keçən dəfə bərabər açdıq. Bu gün isə yolun ikinci mərhələsi açılır və Naxçıvandan Türkiyə ilə sərhədə qədər müasir, gözəl, keyfiyyətli yol salınıb. Keçən dəfə də biz bu yoldan istifadə edəndə gördük ki, keyfiyyət yüksəkdir. Bu dəfə də gələndə görürəm ki, çox yüksək keyfiyyətlə tikilib, geniş, rahat, hamar yoldur, dünya standartlarına cavab verir".
Dövlətimizin başçısı yerli şirkətin bu cür böyük tikintilərin öhdəsindən layiqincə gələ bilməsini də müsbət qiymətləndirib.
"Gəmiqaya yol, su, enerji" MMC bu işin öhdəsindən uğurla gəlib. Şirkətin maddi-texniki imkanları da yüksəkdir. Burada işlədilən maşın və mexanizmlər əsasən ABŞ-ın "Kat" və Almaniyanın "Mersedes" firmalarına məxsusdur. Məhsuldarlığı ilə seçilən asfaltyayan maşınlar isə İtaliya texnikasıdır.
Təhsildə böyük
quruculuq tədbirləri
Hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi xeyli dərəcədə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub.
Məktəb tikintisi sahəsində də muxtar respublika qabaqcıldır. Son 10 ildə regionda 68 min 374 şagird yeri olan 168 ümumtəhsil məktəb binası, 1398 yerlik 14 uşaq bağçası, 18 musiqi məktəbi, 9 məktəbdənkənar tədris müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Yeni təhsil müəssisələrində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılmış, fənn kabinələri, laboratoriyalar, açıq və örtülü idman qurğuları, zallar müasir dünya standartları nəzərə alınaraq hazırlanmış, ən yeni informasiya və kommunikasiya texnologiyaları tətbiq olunmuşdur.
Prezident İlham Əliyev bölgəyə budəfəki səfəri çərçivəsində üç məktəbin açılş mərasimində iştirak edib. 130 ildən çox yaşı olan Yengicə kənd orta məktəbi nəinki Şərur rayonunun, eləcə də muxtar respublikanın ən qocaman təhsil ocağıdır. Sovet dönəmində də bu məktəb rayonun qabaqcıl təhsil müəssisələrindən olub. Amma bunlarla belə uzun illər boyu burada təmir işləri aparılmayıb. İndiki quruculuq tədbirləri sayəsində kənddə böyük şəhərlərdəkitək gozəl təhsil ocağı tikilib. Prezident İlham Əliyev də görülən işlərdən, yaradılan şəraitdən razı qaldığını bildirib: "Bu məktəb əslində kənd məktəbinə oxşamır. Çox əzəmətli, gözəl, geniş, işıqlı bir məktəbdir", -deyib.
568 yerlik təhsil ocağında müəllim və şagirdlərin ixtiyarına 32 sinif otağı ilə bərabər, zəngin əyani vəsaitlərlə təmin olunan fənn kabinələri, laboratoriyalar, kitabxana, idman zalı, yeməkxana da verilib. Şagirdlərin müasir informasiya texnologiyalarına yiyələnə bilmələri üçün burada iki kompüter otağı yaradılıb. Hər bir otaqda 19 kompüter internetə qoşulub. İki elektron lövhəli sinif də tədrisin yüksək səviyyədə aparılmasına imkan yaradacaqdır.
Azərbaycanın Milli Qəhrəmanı Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbi də yeni istifadəyə verilən təhsil ocaqlarındandır. Üçmərtəbəli, 540 şagird yerlik binada sinif otaqları, fənn kabinə və laboratoriyalar zəruri vəsaitlərlə təchiz olunub.
"Maxta kəndində gözəl, yaraşıqlı məktəb tikilib. Əminəm ki, bu, uşaqlara böyük bir töhfədir", - deyən dövlət başçısı ölkəmizin gələcək və xoş inkişafı naminə öz tövsiyə və tapşırıqlarını da bildirib: "Burada uşaqlar ancaq yaxşı oxumalıdırlar. Müəllimlər də uşaqlara yaxşı tərbiyə verməlidirlər, yaxşı nəzarət etməlidirlər. Bizə savadlı, bilikli gənclər lazımdır ki, bundan sonra bütün sahələrdə işləyə bilsinlər".
594 şagird yerlik 2 nömrəli Sədərək orta məktəbi də indiki quruculuq siyasətinin bəhrələrindən biri olub. Sərhəd kəndində dördmərtəbəli binanın tikintisinə cari ilin may ayından başlanılıb. Ötən müddət ərzində də tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Müasir təhsil ocağı sərhəd bölgəsinin ümumi görünüşünə də yeni çalarlar gətirib.
Sərhəd bölgəsində
müasir tipli xəstəxana
"Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir. Keçən il ümumi daxili məhsul artmışdır, bu il də artır, templər yüksəkdir. Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük". Cənab İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə ölkəmizdə sosial problemlərin həlli, eləcə də səhiyyənin inkişafı ümdə vəzifələr sırasına çıxarılıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da bu sahədə mövcud olan problem və çatışmazlıqları həll etməyə real imkan yaradıb. Ölkədə səhiyyə şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində konkret vəzifələr də müəyyənləşib. Bu səbəbdəndir ki, hər il böyük həcmlə artan dövlət büdcəsinin xeyli hissəsi sosial siyasətin həllinə yönəldilir. Sosialyönlü siyasətin davam etdirilməsinin vacibliyindən danışan dövlət başçısı bu amilin ölkənin iqtisadi gücü ilə də sıx bağlı olduğunu bildirib: "Mən istəyirəm ki, hər bir xəstəxana onun yerləşməsindən asılı olmayaraq, müasir səviyyədə olsun. Azərbaycanda hər bir sahədə müasirlik, yenilik və keyfiyyət özünü daim göstərsin və Azərbaycan xalqı bu gözəl imkanlardan bəhrələnsin. Bu, bir tərəfdən insanlara olan diqqətin və qayğının əlamətidir, digər tərəfdən Azərbaycanın bugünkü imkanlarını göstərir".
Respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Naxçıvanda aparılan genişmiqyaslı quruculuq tədbirləri sırasında yeni səhiyyə ocaqlarının tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi də mühüm yer tutur. Bu gün muxtar respublikanın hər bir rayonunda ən müasir tələblərə cavab verən mərkəzi xəstəxana binalarının tikintisi proqramı uğurla icra olunmaqdadır. Belə ki, 5 mərkəzi xəstəxana binası tikilmiş, 1 mərkəzi xəstəxananın inşası isə davam etdirilir. Naxçıvan şəhərində ətraf bölgələrdə analoqu olmayan diaqnostika-müalicə və doğum mərkəzləri istifadəyə verilmiş, əlavə 42 xəstəxana, 51 həkim ambulatoriyası, 56 feldşer-mama, 17 tibb məntəqəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur.
Sədərək rayon mərkəzi xəstəxanasının açılış mərasimində Prezident İlham Əliyev bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib: "Mən xəstəxana ilə tanış oldum, gördüm ki, burada müasir avadanlıq quraşdırılıbdır, yüksək səviyyədə tikinti işləri aparılıbdır, gözəl layihədir. Həm müalicə almaq, həm də müayinədən, diaqnostik prosedurlardan keçmək üçün bütün şərait, imkan vardır", - deyən ölkə başçısı əmin olduğunu bildirib ki, gələcəkdə belə xəstəxanaların sayı daha da çox olacaqdır.
Sədərək rayon mərkəzi xəstəxanasının yeni binası zirzəmi qatı ilə birlikdə üç mərtəbədən ibarət olmaqla 26 çarpayılıqdır. Xəstəxana binası ən müasir tələblər əsasında inşa olunub. Burada stasionar, poliklinika və təcili yardım şöbələri ilə bərabər, yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri də fəaliyyət göstərəcək. Cərrahiyyə əməliyyatı otaqları ən müasir avadanlıqlarla təmin olunub.
Bölgə iqtisadiyyatında
ixracyönümlü müəssisə
Hər bir bölgənin, regionun iqtisadi inkişafı xeyli dərəcədə onun sənaye potensialı və bu sahənin inkişaf səviyyəsi ilə ölçülür. Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investorları, müasir texnologiyaları cəlb etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin yaradılmasına, yeni iş yerlərinin açılmasına və nəticə etibarilə ölkəmizin iqtisadi qüdrətinin artırılmasına yönəldilib. İxracyönümlü iqtisadiyyatın qurulması sənayenin inkişafı üçün vacib şərtdir. "Gəmiqaya daş emalı sənaye kompleksi" də belə müəssisələrdən biridir. Prezidenti İlham Əliyev həmin müəssisənin açılışında da iştirak edib, burada istehsal olunan məhsullarla tanış olub.
Tikintisinə 2009-cu ilin ortalarından başlanan müəssisə travertin və mərmər emalı üzrə ixtisaslaşıb. Kompleksdə Türkiyənin məşhur "Sesemak" şirkətinin avadanlıqları quraşdırılıb və 170 nəfər işlə təmin olunub. Müəssisənin gündəlik maksimum istehsal gücü 2 min kvadratmetrdir.
Muxtar respublikanın təbii sərvətləri yeni sənaye müəssisələri üçün əvəzsiz xammaldır. Qarabağlar, Çalxanqala və Yuxarı Buzqov ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşları emal üçün bu kompleksə gətirilir. Ümumi sahəsi 53 min kvadratmetr olan kompleksdə müxtəlif çeşiddə inşaat və məişət məmulatı istehsal ediləcəkdir. Məhsul buraxılışında istifadə edilən daşlar antibakterial keyfiyyətə malikdir.
Müəssisədə travertin və mərmər daşlarından təkcə üzlük və döşəmə materiallar hazırlanmır. Bilgisayar sistemi ilə idarə olunan texnoloji avadanlıqlarla daş lövhələr üzərində cilalanma və dekorasiya işləri də həyata keçirilir. Mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərin hazırlanmasında istifadə olunacaqdır. Bu məhsullar daha çox ixrac üçün nəzərdə tutulur.
Ordu quruculuğuna böyük diqqət
Ümummilli liderimiz Heydər Əliyev kimi Prezident, Ali Baş Komandan İlham Əliyev də Naxçıvana səfərləri çərçivəsində əsgər və zabitlərlə görüşməyi, ordudakı əhval-ruhiyyə ilə yerindəcə tanış olmağı vacib bilir. Təbii ki, müharibə şəraitində yaşayan bir ölkənin Ali Baş Komandanının əsgər və zabitlərlə görüşməsi, onların qayğı və problemləri ilə yaxından maraqlanması da müsbət haldır. Bu dəfə də dövlət başçısı öz ənənəsinə sadiq qaldı.
Sədərək rayonunda ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış olan dövlət başçısı ordumuzun indiki döyüş hazırlığından məmnun qalıb. 2008-ci ildə inşa olunmuş binada zabit, gizir və əsgər heyətinin normal xidməti üçün hər cür şərait yaradılıb. Əsgər yataqxanasındakı səliqə-sahman da göz oxşayır. Zabitlər üçün isə hər biri iki mənzildən ibarət olan yaşayış evləri tikilib. Ona çalışılıb ki, orduda xidmət edən əsgər və zabitlərin şəraiti daha yaxşı olsun. Çünki güclü ordusu olmayan dövlətin müstəqilliyindən danışmaq da əbəsdir.
Əsgərlərin məşğələ prosesi ilə ətraflı tanışlıqdan sonra dövlətimizin başçısı müşahidə məntəqəsindən təmas xəttini seyr edib, hərbi hissəyə təcili tibbi yardım maşını bağışlayıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev sərhəd bölgəsində ictimaiyyət nümayəndələri ilə görüşündə də ordu quruculuğu məsələlərinə toxunub və görülən işlərdən razılığını bildirib: "Bu gün burada, sərhəddə vəziyyətlə tanış olarkən bir daha gördüm ki, Azərbaycan Ordusu sərhədlərimizi lazımi səviyyədə qoruyur. Ordumuz hər il daha da güclənir və ordu quruculuğu üçün bütün lazımi tədbirlər görülür. Həm peşəkarlıq artır, həm silah-sursat, texnika alınır və bundan sonra da alınacaqdır".
O ki qaldı
itirilmiş torpaqlarımızın geri qaytarılmasına,
ölkə başçısı, Silahlı Qüvvələrin
Ali Baş Komandanı bir daha bəyan etdi ki, "Azərbaycan ərazi
bütövlüyünü bərpa edəcək,
işğal edilmiş torpaqları azad edəcəkdir. Bu
gün işğal altındakı bütün torpaqlarda Azərbaycanın
suveren hüquqları bərpa olunacaqdır".
Dövlət başçısının qədim Naxçıvan torpağına birgünlük səfəri bir çox hadisələrlə yadda qaldı. Həm yeni sosial obyektlərin açılışı oldu, həm digər vacib məsələlər həllini tapdı. Səfər xoş təəssüratla başa çatdı. "Mən çox şadam ki, muxtar respublikanın rəhbərliyi bütün bu işləri çox böyük zövqlə və məhəbbətlə edir. Hər şey etmək olar, çünki indi Azərbaycanın iqtisadi imkanları genişlənir, maliyyə resurslarımız da, ciddi düşünülmüş proqramlarımız da vardır. Amma bununla bərabər, hər bir vətəndaş öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir", - deyən dövlət başçısı bu sahədə cəmiyyət ilə dövlət arasında orta vəsilə sayılan məmurların da üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. Onu da deyib ki, bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük.
Dövlət başçısının fikrincə, qazanılan uğurlarla, görülən işlərlə kifayətlənmək, razılaşmaq olmaz: "Mən əminəm ki, gələcəkdə Naxçıvan daha da gözəlləşəcək, inkişaf edəcək və bütün işlər burada həmişə olduğu kimi, yüksək səviyyədə təşkil olunacaqdır".
Təbii ki, bütün bunlar ölkəmizin xoş və işıqlı gələcəyindən soraq verir.
M.YARƏLİOĞLU
Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 10.