Monqolustanın Baş
Dövlət Gömrük İdarəsi
ilə Azərbaycan Dövlət Gömrük
Komitəsi arasında əməkdaşlıq protokolu
imzalanmışdır
Oktyabrın 28-də
Dövlət Gömrük Komitəsində (DGK) Monqolustan
Baş Dövlət Gömrük İdarəsinin nümayəndə
heyəti ilə görüş keçirilmişdir.
Dövlət
Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbiri
açaraq bildirmişdir ki, görüşdən məqsəd
kadrların hazırlanması və peşəkarlıq səviyyəsinin
yüksəldilməsi ilə bağlı birgə əməkdaşlıq
protokolunun imzalanmasıdır.
Azərbaycan ilə
Monqolustan arasında dostluğun qədim tarixi kökləri
olduğunu vurğulayan DGK-nın sədri sənədin
imzalanması ilə əməkdaşlıq sahəsində
yeni səhifə açılacağına əminliyini ifadə
etmişdir.
A.Əliyev ümummilli
lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə
qayıdışından sonra respublikada aparılan
genişmiqyaslı sosial-iqtisadi islahatlar barədə qonağa
ətraflı məlumat vermişdir. Son illər ölkənin
gömrük xidməti sahəsində də xeyli iş
görüldüyünü söyləyən DGK-nın sədri
Azərbaycan iqtisadiyyatının inkişafında xüsusi
çəkisi olan komitənin yeni informasiya texnologiyalarına
və maddi-texniki bazaya malik olduğunu
vurğulamışdır.
Azərbaycana gəlişindən
məmnunluq duyduğunu bildirən Monqolustan Baş Dövlət
Gömrük İdarəsinin sədri Derjye Tseveenjava ölkələrimiz
arasında çoxillik dostluq və hərtərəfli əməkdaşlıq
münasibətlərinin olduğunu
vurğulamışdır. Azərbaycanda təhsil alan
Monqolustan gənclərinin öz ölkəsinin
iqtisadiyyatının inkişafında fəal rol
oynadığını nəzərə
çatdırmışdır.
Bildirilmişdir ki, Azərbaycanla
Monqolustanın gömrük təşkilatları arasında
yaranmış əlaqələrin inkişafı narkotik vasitələrin
qeyri-qanuni daşınmasının və
satışının qarşısının
alınmasında müstəsna əhəmiyyət kəsb edəcəkdir.
Azərbaycan qısa zaman kəsiyində iqtisadiyyatın
bütün sahələrində mühüm irəliləyişlərə
nail olmuşdur. Narkotiklərlə mübarizə,
gömrük qurumlarının modernləşdirilməsi,
qabaqcıl texnologiyalardan istifadə sahəsində Azərbaycanın
böyük təcrübəsi örnək ola bilər.
Sonra Azərbaycan
Dövlət Gömrük Komitəsi və Monqolustan Baş
Dövlət Gömrük İdarəsi arasında
kadrların hazırlanması və peşəkarlıq səviyyəsinin
yüksəldilməsi sahəsində əməkdaşlıq
protokolu imzalanmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 11.