Türkiyənin milli
bayramı şərəfinə
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 87 illiyi münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir.
Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç qonaqları salamlayaraq ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Səfir qeyd etmişdir ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, eləcə də demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirmişdir. Hazırda Türkiyə iqtisadi gücünə görə dünyada 17-ci, ordusuna görə isə NATO-nun ikinci ən güclü dövlətidir.
Azərbaycanın və Türkiyənin tarixinə qısa nəzər salan səfir qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində misilsiz rol oynamışdır. Bildirmişdir ki, bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olmuşlar, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə, gələcəyə daha inamla addımlayırlar. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Türkiyəli iş adamları da qardaş Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi üçün səylərini əsirgəmirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Kılıç işğal olunmuş Azərbaycan ərazilərinin tezliklə geri qaytarılmasının zəruriliyini vurğulamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün türk xalqını təbrik edən Baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə firavanlıq və uğurlar arzulamışdır. İki ölkə arasındakı mövcud münasibətlərdən danışan Baş nazirin müavini elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlığın olduğunu demişdir. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olmuşdur. Ulu öndərlərin - Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olmuşdur.
İki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdıran Baş nazirin müavini bildirmişdir ki, biz qardaşlıq münasibətlərimizin gələcək nəsillər tərəfindən də davam etdirilməsi üçün öz səylərimizi əsirgəməməliyik.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici dövlətlərin ölkəmizdəki səfirləri, türkiyəli iş adamları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 30 oktyabr.- S. 2.