ABŞ Azərbaycan, Ermənistan və
Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
dair birgə bəyanatını yüksək
qiymətləndirir
ABŞ dövlət katibinin müavini Filip Kroli oktyabrın 28-də keçirdiyi mətbuat konfransında demişdir ki, rəsmi Vaşinqton Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli birgə bəyanatını alqışlayır.
F.Kroli demişdir: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin dərhal dəyişdirilməsi və həlak olanların cəsədlərinin qaytarılması ilə bağlı əldə etdikləri razılığa dair Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2010-cu il 27 oktyabr tarixli birgə bəyanatını alqışlayırıq".
Dövlət katibinin müavini qeyd etmişdir ki, rəsmi Vaşinqton tərəflər arasında etimadın yaranması və 1994-cü ildə əldə edilmiş atəşkəsin gücləndirilməsinə istiqamətlənən həmin razılığın əldə edilməsi ilə bağlı Rusiya Prezidenti Dmitri Medvedevin göstərdiyi şəxsi səyləri yüksək qiymətləndirir.
F.Kroli birgə bəyanatın ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində göstərdikləri vasitəçilik missiyasında müsbət hadisə olduğunu demiş və ümid etdiyini bildirmişdir ki, həmin sənəddən irəli gələn vəzifələr tezliklə yerinə yetiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 30 oktyabr.- S. 5.