Sığorta-pensiya sistemi davamlı inkişaf edir

 

Oktyabrın 29-da Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının qərargahında cari ilin ilk 9 ayının yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir. Səlim Müslümov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadiyyatın dinamik inkişafı siyasəti ölkə vətəndaşlarının yaşayış səviyyəsinin ardıcıl olaraq yüksəldilməsini təmin etmişdir.

Onun sözlərinə görə, qlobal maliyyə böhranının davam etdiyi, əksər ölkələrdə sosial göstəricilərin aşağı düşdüyü 2010-cu ilin yanvar-sentyabr aylarında ölkəmizdə əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 11,3 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 6,6 faiz, əmək pensiyasının orta aylıq məbləği isə 11,1 faiz artmışdır. Azərbaycanda yeni sığorta-pensiya sistemi fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 13,6 faiz artırılmaqla təxminən 1 milyon 254 min 200 nəfər pensiyaçıya şamil olunmuşdur. Hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təşkil edir ki, bu göstəriciyə görə, Azərbaycan MDB-də ön yerlərdən birini tutur.

Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilmişdir.

Əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxarmaqdadır. Belə ki, cari ilin ötən dövrünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləgi 111 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olmuşdur. Bu qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu və əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi. Artıq bütün bu çatışmazlıqlar tam aradan qaldırılmış, sosial sığortalanma 1992-ci ildən tətbiq olunsa da, vətəndaşların bütün işlədiyi dövrə sığorta kapitalının (2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat) hesablanmasına keçilmişdir.

Səlim Müslümov onu da qeyd etdi ki, cari ilin yanvar-sentyabr ayları ərzində kəndlərdə plastik kartla pensiya alanların sayı 7803 nəfər artmışdır. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 97,6 faizinin pensiyaları plastik kartlarla ödənilir. Cari ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 122 082 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 762 min nəfərə çatıb. Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 milyon 287 min nəfər pensiyaçı və 1 milyon 760 min nəfərdən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır.

Operativ məlumatlara əsasən, Azərbaycanda 2010-cu il oktyabrın 1-dək əmək pensiyası alan şəxslərin sayı 1 milyon 287 min nəfərdir. Onlardan 512 min nəfəri kişi, 775 min nəfəri qadındır. Əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 10,3 min nəfər təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 133 min nəfəri işləyən pensiyaçılardır. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 318 min nəfər, yaşa görə əmək pensiyası alanların sayı 832 min nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı 137 min nəfərdir.

Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi 2010-ci ilin yanvar-sentyabr aylarında uğurla davam etdirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 2010-cu ilin yanvar-sentyabr aylarında gəlirləri 1275,1 milyon manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 127,9 milyon manat və ya 11,1 faiz çoxdur. 2010-cu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz və ya 27,7 milyon manat artaraq 776,7 milyon manat təşkil etmişdir. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları 317,4 milyon manat olmuşdur.

2010-cu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,1 faizi və ya 459,3 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Həmin təşkilatların ödədikləri sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz və ya 33,5 milyon manat çoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 18,2 milyon manat təşkil etmişdir.

Torpaq pay mülkiyyətçilərinin sosial sığorta haqları üzrə ödənişlərində artım 46,5 faiz olmuşdur.

Səlim Müslümov qeyd etdi ki, 2010-cu ilin yanvar-sentyabr aylarında fondun xərcləri 1267,2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 57,8 milyon manat və ya 4,8 faiz çoxdur. Bu vəsaitin 1226,8 milyon manatı pensiya və müavinətlərə yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 57,2 milyon manat və ya 4,9 faiz çoxdur. Əhaliyə ödənişlər üzrə xərclərin 97,2 faizini və ya 1192,4 milyon manatını pensiya xərcləri təşkil etmişdir.

Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi layihəsi növbəti il üçün ölkənin iqtisadi və sosial inkişafı proqnozlarının, demoqrafik proqnozların və sosial sahənin aidiyyəti istiqamətləri üzrə mövcud olan dövlət proqramlarında nəzərdə tutulan islahat tədbirlərinin qiymətləndirilməsi əsasında hazırlanaraq Milli Məclisdə qəbul edilmişdir. Fondun büdcəsinin gəlir və xərcləri 2011-ci ilə 1 milyard 970,5 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 213 milyon manat və ya 12,1 faiz çoxdur. Bu isə növbəti ildə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin diqqət mərkəzində olacağını bir daha təsdiqləyir.

Hazırkı mərhələdə pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun davam etdirilir. Pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə aparılır. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması üzrə proqram təminatı hazırlanaraq testdən keçirilmiş və pilot rayonlarda tətbiqinə başlanılmışdır. Dünya Bankı ilə birgə layihə çərçivəsində sığorta-pensiya sisteminin aktual təhlilinə əsaslanmaqla sistemin orta və uzunmüddətli inkişafı üzrə tədqiqatların aparılması işi təşkil olunur. Bu sahədə ABŞ TİA ilə birgə layihə uğurla icra edilir.

Cari ilin 9 ayında Azərbaycan Respublikasında qurulan müasir sığorta-pensiya sistemi daha bir beynəlxalq uğura imza atmışdır. 2010-cu il martın 3-5-də Varşava şəhərində keçirilmiş Avropanın Birinci Regional Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin qalibi elan olunmuş və Beynəlxalq Sosial Təminat Assosiasiyasının Fəxri fərmanı ilə təltif edilmişdir.

Səlim Müslümov pensiyaların məbləğinin neft gəlirləri hesabına sürətli artırılması, verilən vəsaitlərin bir neçə dəfə yüksəldilməsi kimi son vaxtlar səslənən populist çıxışlara da münasibət bildirdi. Qeyd etdi ki, belə popuilsit çıxışların heç bir əsası yoxdur. Onun sözlərinə görə, ölkəmizdə sığorta-pensiya sisteminin inkişafı, bu sahədə islahatların həyata keçirilməsi, pensiyaların miqdarının artırılması təsdiq olunmuş proqramlar və aktual hesablamalara əsaslanaraq aparılır. Bütün dəyişikliklərin arxasında hesablamalar, proqnozlar durur və burada üç blok üzrə bütün parametrlər ortaya qoyulur. Bu bloklar makroiqtisadi inkişaf, demoqrafiya və sığorta-pensiya sistemində baş verən dəyişiklikləri xarakterizə edən göstəriciləri özündə ehtiva edir. Hər üç blok ayrı-ayrılıqda proqramlaşdırılır, proqnozlaşdırılır. Üç blokun kəsişməsində model ortaya qoyulur və dəqiqliklə ölçülüb-biçilmiş qərarlar qəbul olunur. Buna uyğun pensiyalar artırılır. Bir məqamı da nəzərə almaq lazımdır ki, sosial təbəqəyə verilən məbləğ heç vaxt azaldılmır, daim artırılır və bu, konkret iqtisadi, elmi əsaslarda baş verir.

Səlim Müslümov bu gün səslənən bəzi populist çıxışlarda olduğu kimi neft gəlirlərinin pensiyaların artırılmasına yönəldilməsinin əsassız olduğunu və perspektivə söykənmədiyini bildirdi. Qeyd etdi ki, neft gəlirlərinin bir hissəsinin rezervə yönəldilmədən pensiyaların və digər müavinətlərin artımına sərf olunması bir neçə ildən sonra həmin gəlirlərin azaldığı vaxt ciddi problemlər yarada bilər. Belə ki, bir neçə ildən sonra gəlirlər azaldığı halda pensiyaların ödənilməsi mümkünsüz hala gələr ki, yenidən onların azaldılması məcburiyyəti meydana çıxar. Bu səbəbdən də neft gəlirlərinin pensiyaların artırılmasına yönəldilməsi kimi çıxışlar və təkliflər sadəcə, populizm xaratkeri daşıyır, iqtisadi, elmi əsaslara söykənmir.

Səlim Müslümov bildirdi ki, hazırda ölkəmizdə neft gəlirlərinin bir hissəsi pensiyaların ödənilməsi üçün ayrılır. Buna konkret misal kimi bildirdi ki, təkcə son 5 ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 16 milyard manat vəsait transfer edilmişdir. Bu vəsaitin 2,2 milyard manatı DSMF-yə verilmişdir.

Azərbaycanın ən düzgün makroiqtisadi inkişaf modelini seçdiyni bildirən Səlim Müslümov ölkəmizdə neft gəlirləri hesabına qeyri-neft sektorunun inkişaf etdirildiyini, bu sektorda istehsal olunan ümumi daxili məhsulun artdığını bildirdi. Ümumi daxili məhsul artımına uyğun əməkhaqları, buna müvafiq olaraq da sosial sığorta haqları artırılır və bunun hesabına pensiyaların yüksəldilməsi təmin edilir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 30 oktyabr.- S. 5.