Biz o yerlərə qayıdacağıq

 

Zəngilanın işğalından 17 il keçir

 

Zəngilan rayonunun təbii şəraiti, zəngin bitki örtüyü, çaylardan, sal daş-qayalardan ibarət olan təbii qala-mağaralar bu ərazilərin qədimliyini, yəni ilk insan yaşayış məskənləri olmasını təsdiqləyən sübutlardandır. Tarixi, arxeoloji, etnoqrafik və memarlıq abidələri ilə diqqəti cəlb edən Zəngilan Alban çarlığının tərkibində olmuşdur. Albaniyanın süqutundan sonra isə Səlcuqlar, Atabəylər, Monqollar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı hökmdarları, xanlıqlar və nəhayət, çar Rusiyasının tərkibinə qatılan Zəngilanın ərazisində çoxsaylı dağıdıcı hadisələr baş vermişdir.

Təəssüflə qeyd edilməlidir ki, tarixçi alimlər tərəfindən Zəngilanla bağlı vaxtilə tədqiqat aparılmayıb, lakin 1976-cı ildə tarix elmləri doktoru Rəşid Göyüşov və Aləm Nuriyev tərəfindən Şəhri-Şərifan adlı qədim şəhər öyrənilmiş, burada bir sıra qiymətli maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.

Zəngilan dağıdıcı, viranedici müharibələrə, təbii fəlakətlərə məruz qalsa da, 1993-cü il oktyabr ayının sonuna, yəni erməni vandalları tərəfindən işğalına qədər ərazisində tarixi, arxeoloji, etnoqrafik, memarlıq abidələri və təbii sərvətlər öz varlığını qoruyub saxlaya bilmişdi. Hacallı kəndindəki dairəvi bürc, Məmmədbəylidəki səkkizguşəli türbə (1304-1305), Yenikənddə ziyarətə çevrilmiş XIV əsr türbəsi məhz dediklərimizə bariz nümunələrdir.

Rayonun Yeməzli kəndi yaxınlığından tapılmış küp qəbirlərdəki muncuq, sikkə və bülöv daşlar e.ə. IV-II əsrlərə aid edilmişdir.

Bu ərazilərdə İslamdan əvvəl xristian dini yayılmışdı. Araz çayının sol sahilindəki Bartaz kəndi yaxınlığında, Xanəzir pirinin 100-150 metrliyində, meşənin dərinliklərindəki bir hissəsi uçub dağılmış alban kilsəsinin divarlarının qalınlığı 1,5 metrə çatırdı. Rayonun Qarababa kəndindəki alban abidəsi də sanki eyni memarın əsəri idi.

Həmdullah Qəzvini Xudafərin körpüləri barədə yazır: "Araz çayı üzərində, Zəngilan yaxınlığındakı (on bir aşırımlı) körpü hicri tarixi ilə 15-ci ildə (636) Məhəmməd Peyğəmbərin yaxın adamlarından hesab olunan Bəkir-ibn Əbdüllah tərəfindən salınmışdır. Buna görə də "xuda-Afərin", yəni "Allh yaratmış" körpü adlanır".

Rayonun adı ilə bağlı görkəmli tədqiqatçı-alim Firudin Cəlilovun verdiyi məlumatda deyilir: "Miladdan öncə Azərilərin ölkəsində azər, qəmər, qaşqay, qızıl, zəngi, ağhun, şadılı, sakas. qədim türk tayfaları yaşayırdı. Araz çayının hər iki sahilində eyniqohum tayfaların yaşaması tarixi qaynaqlarda dəfələrlə yad edilmişdir. Xüsusilə azəri, zəngi, qızıl və şadılı tayfaları Arazın hər iki sahilində yayılmış qədim türk tayfaları olub ki, onlar da 4 min illik tarixə malikdirlər. Zəngilan və Zəngəzur sözləri də bu tayfanın (zəngi) adı ilə bağlıdır".

Məşhur İran şərqşünası Səid Nəfisi "Babək Xürrəmidin" adlı kitabında qeyd edir ki, Babəkin vətəni Arrandır. Çox qədim zamanlarda ariya irqindən ibarət olan bir qəbilə bu ərazidə yaşayırmış. Yunanlar onları "Alban", ölkələrini isə "Albaniya" kimi qeyd etmişlər. Məsudi də bu barədə belə yazmışdır: "Araz çayı Azərbaycanda Babək Xürrəminin vətəni olan Bəzzeyn şəhərinin içindən axır".

Bəzzeyn iki Bəzz deməkdir. Demək, Arazın hər sahilində Bəzz qalası var ki, onun biri də çayın sol sahilində, Şimali Azərbaycanda, zəngilanlıların doğulduğu, Həkərinin Araza qovuşan yerində, Şəhri-Şərifan ərazisinə düşür.

...XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılıb. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılıb. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılıb və yeni bölgüyə əsasən, Zəngilan rayonu Zəngəzur qəzasına daxil edilib.

Həmin dövrdə tərtib edilən xəritədə Zəngilanın ərazisindən yalnız Bartaz və Xanlıq kəndlərinin adı göstərilib. 1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzasının tərkibində göstərilib və burada rayonun Genlik, Aladdin, Dəlləkli kəndləri qeyd olunub.

Son iki yüz ildə vahid təbii sərhədə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşıb və dəqiq müəyyən olunmuş bir əraziyə çevrilərək, 1967-ci ildə qəsəbəyə şəhər statusu verilib.

1993-cü il oktyabr ayının 30-da rayon erməni təcavüzkarları tərəfindən işğal olunub.

Zəngilan Azərbaycan Respublikasının qərb qurtaracağında, Araz çayından şimalda yerləşir. Rayon müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalıb. Rusiyanın işğalı zamanı, 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərb tərəfi Naxçıvan, şərq tərəfi isə Qarabağ xanlığının tərkibinə daxil olub.

Rayonun ərazisində xeyli maddi-mədəniyyət abidələri var idi ki, onların da 1993-cü ildən sonra salamat qalmasına güman yoxdur. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törədilmiş vandallıq bunu söyləməyə əsas verir. Rayonun Məmmədbəyli kəndində olan türbə dövrümüzə qədər salamat gəlib catan abidələrdən idi.

XII əsrin yadigarı olan Şərifan sərdabəsində 1974-cü ildə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparmış, "Şəhri-Şərifan" və ya "Şəhri-Xəlifan" adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Şəhər Cənubi Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşirdi. Qazıntılar burada ilk mədəni təbəqənin olduğunu aşkar etmişdir. Bu, orada IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhər XIV-XV əsrlərə kimi mövcud olmuşdur.

Zəngilan rayonunda, Həkəri çayının sağ sahilində olan Şərifan kəndindəki türbənin ancaq sərdabə hissəsi bizə qədər gəlib çatmışdır. Hacallı dairəvi bürcü XIV əsrdən qalmadır. O, tarixi-memarlıq abidəsi kimi qorunurdu. Bu abidə Məmmədbəyli və Şərifan türbələrindən fərqli olaraq, səkkizguşəli deyil, dairəvi formada olmuşdur.

Rayonun işğalı nəticəsində 30 min tonluq iki üzüm emalı zavodu, bir milyon şərti banka gücünə malik konserv zavodu, çörək zavodu, rayon mərkəzində, Mincivan qəsəbəsində, Vənətli və Şayıflı kəndlərində müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar və onlarca digər sosial obyektlər düşmən əlinə keçmişdir. Zəngilan rayonunda 61 ümumtəhsil, 1 texniki peşə, 2 musiqi məktəbi, 18 uşaq bağçası, 50 kitabxana, 9 mədəniyyət evi, 7 səyyar avtoklub, 21 kinoqurğu, 2 tarix-diyarşünaslıq muzeyi, 8 həkim ambulatoriyası, 33 kənd tibb məntəqəsi, 200 çarpayılıq Mərkəzi Xəstəxana, İmişli-Naxçıvan istiqamətində ən böyük Mincivan Dəmiryol Xəstəxanası, poliklinikası və digər müxtəlif təyinatlı obyektləri var idi.

Erməni silahlı birləşmələrinin işğalı nəticəsində, təqribi hesablamalara görə, rayona 1 milyard 390 milyon ABŞ dolları məbləğində zərər dəymiş, çox qiymətli abidələr dağıdılmışdır. BartazKeçikli kəndində VI-VII əsrlərə aid olan "Şukrataz" və "Əsgulum" qalaları, XIII-XIV əsrlərin yadigarı Bartazdakı "Xanazur", Malatkeşin ərazisində yerləşən "Dağdağan" və Gəyəlinin pirləri, Zəngilan şəhərində XVIII əsrə aid 1 məscid, Tağlı qalası, Pircivan dəvə piri, Səgülüm qalası mövcud olmuş, rayonun minillik tarixini əks etdirən zəngin arxeoloji tapıntılarla təchiz edilmiş Dövlət Muzeyi, Gilətağ ərazisində XVI-XVII əsrlərə aid olan Sarı aşlıqla bağlı olan Günəş abidə piri, Rəzdərədəki Alban türbə kompleksi, IX əsrə aid Rəzdərə kənd məscidi, XII əsrdən qalma Top korpusu, Yol piri, Qız qalası kimi tarixi, mədəni və dini abidələrimiz erməni şovinizm siyasətinin qurbanlarına çevrilmişdir. Zəngilan uğrunda döyüşlərdə yüzlərlə zəngilanlı şəhid olmuş, onlardan ikisi - Əsgərov Əsəd Soltan oğluNuriyev Elnur Eyvaz oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Əli silah tuta bilən bütün zəngilanlılar bu gün də doğma torpaq uğrunda canlarından keçməyə, ərazilərimizin işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrinə hazırdır. Qəti əminik ki, dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində biz öz torpaqlarımıza qayıdacağıq.

 

 

İsa MUSAYEV,

Zəngilan rayon 21 saylı orta məktəbin müəllimi

 

Azərbaycan.- 2010.- 30 oktyabr.- S. 7.