Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilmişdir

 

Oktyabrın 29-da Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2010-cu ilin 9 ayının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

BŞBPİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müşavirəni giriş sözü ilə açan idarənin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2010-cu ilin

9 ayı ərzində də uğurla davam etdirilmiş, həyata keçirilən məqsədyönlü daxilixarici siyasət nəticəsində Azərbaycan Respublikası regionda aparıcı dövlətə çevrilmiş, ölkədə insan hüquq və azadlıqlarının aliliyi prinsipi təmin edilmişdir. Ölkənin davamlı iqtisadi inkişafı üçün zəruri olan ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitinin yaradılmasında və etibarlı qorunmasında Azərbaycan Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələrin həyata keçirilməsində Bakı Şəhər Baş Polis İdarəsi də fəal iştirak etmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirmişdir.

BŞBPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. Diqqətə çatdırılmışdır ki, hesabat dövründə Bakı şəhərində 8030 cinayət hadisəsi qeydə alınmış, onların 6992-si və ya 87 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 1038-i və ya 13 faizi isə ağır və xüsusilə ağır cinayətlər olmuşdur.

Keçirilən profilaktiki tədbirlər sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayı ərzində Bakı şəhərində quldurluq 7 fakt (7,8 faiz), soyğunçuluq 53 fakt (25,4 faiz), adam oğurluğu 5 fakt, insan alveri 8 fakt (23,5 faiz), narkotik vasitələrlə bağlı cinayətlər 37 fakt (3,1 faiz) azalmış, ölümə sui-qəsdlər sabit qalmış, adamları girov götürmə, cinayətkar birlik yaratma (banditizm) kimi cinayətlər isə ümumiyyətlə, qeydə alınmamışdır. Ümumi cinayətlərin açılması 80 faiz, ağır cinayətlərin açılması isə 77 faiz təşkil etmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə sabit qalmışdır.

Hesabat dövründə 20 quldurluq cinayəti törətmiş 22 nəfərdən ibarət 10 cinayətkar qrup, 19 soyğunçuluq cinayəti törətmiş 32 nəfərdən ibarət 11 qrup və 36 mənzil oğurluğu törətmiş 48 nəfərdən ibarət 19 qrup ifşa edilmişdir.

Axtarışda olan təqsirləndirilən şəxslərin axtarılması da fəal surətdə davam etdirilmiş, 1067 cinayətkardan (2009-cu ildə 1180) 697-nin tutulması təmin edilmiş, axtarış tədbirlərinin səmərəli təşkili nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarışda olan təqsirləndirilən şəxslərin sayı azalmışdır.

Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də yaxşı nəticələr əldə edilmiş, qeydə alınmış 1173 cinayət hadisəsinin 90 faizinin açılması təmin olunmuşdur. Eyni zamanda, 45 nəfərdən ibarət 36 cinayətkar qrup ifşa olunmuşdur. 130 kiloqram narkotik vasitə, o cümlədən 18,7 kiloqram tiryək, 24,2 kiloqram heroin və 24,5 kiloqram həşiş qanunsuz dövriyyədən çıxarılmışdır.

2010-cu ilin 9 ayı ərzində paytaxtda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması sahəsində 482 cinayət hadisəsi (o cümlədən 215 ölümlə nəticələnən) qeydə alınmışdır. Həyata keçirilən profilaktiki tədbirlər sayəsində yol-nəqliyyat hadisələrinin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 fakt (2,8 faiz) azalmışdır. Avtoxuliqanlara qarşı mübarizə xüsusilə gücləndirilmiş, bu sahədə 376 fakt aşkar olunaraq müvafiq tədbirlər görülmüşdür.

Hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmış, şəhər miqyaslı 147, yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 94 tədbir zamanı ictimai hüquq qaydaları təmin edilmiş, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz aksiyaların keçirilməsinə yönəlmiş 11 cəhdin qarşısı alınmışdır.

BŞBPİ-də kadrların düzgün seçilib yerləşdirilməsi də xüsusi nəzarətdə saxlanılmış, şəxsi heyətin təhsilinin və peşəkarlığının artırılması, fizikidöyüş hazırlığının, şəxsi və mənəvi keyfiyyətlərinin daha da yüksəldilməsi üçün ardıcıl tədbirlər görülmüşdür.

İstintaq işlərinin və təhqiqatların aparılması, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, əhalidən gələn şikayətlərin, məktubların öyrənilməsi, onların qəbulunun keçirilməsi, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müvafiq işlər görülmüş, müsbət nəticələr əldə edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar ictimaiyyətlə işgüzar əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların təklif və şikayətlərinin qəbul edilməsi və müraciətlərə operativ cavab verilməsi məqsədilə Bakı Şəhər Baş Polis İdarəsində qaynar telefon xətti yaradılmışdır.

Məruzə ətrafında çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri görülmüş işlər barədə danışmış, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz vermişlər.

Əməliyyat müşavirəsinə yekun vuran BŞBPİ-nin rəisi Rafiq Abbasov müşavirə iştirakçılarına tapşırıq və tövsiyələrini vermiş, nöqsanların aradan qaldırılması yollarını göstərmişdir. O, qarşıdan Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin gəldiyini xüsusi vurğulamış, paytaxt polisinə öz xidməti vəzifələrini DİN-inBaş İdarənin tədbirlər planlarına uyğun, qanun çərçivəsində həyata keçirməyi tövsiyə etmişdir. Baş İdarənin rəisi daxili işlər naziri Ramil Usubovu və ölkə rəhbərliyini əmin etmişdir ki, Bakı Polis Qarnizonunun şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmin edilməsi istiqamətində qarşıya qoyulan bütün vəzifələri və verilən göstərişləri qətiyyətlə yerinə yetirəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 30 oktyabr.- S. 7.