Tarixin bir dövrü

 

Paytaxtı Təbriz olan Qaraqoyunlu dövləti 1410-cu ildə Kür çayının cənuba doğru uzanan Azərbaycan torpaqlarında yaranmış, çox keçmədən bütün Azərbaycanı, Ermənistanı, Gürcüstanı, İraqı və İranı əhatə etmişdi. Dövlətin mərkəzi vilayəti Van gölünün şimalındaki Ərciş şəhəri idi. Qaraqoyunlular qədim oğuz-türk tayfalarının birləşməsindən yaranmışdı. Tarixi mənbələr göstərir ki, bu etnik qrupun ünsiyyət vasitəsi Azərbaycan dilinin cənub ləhcəsi olub.

XIV əsrin sonlarına yaxın Cəlairi dövlətinin nüfuzlu əmiri Bayram Xoca Şərqi Anadoluda bəylik yaradır. O, Qaraqoyunlu tayfa ittifaqlarını bir hakimiyyət altında birləşdirmək istəyirdi. 1380-ci ildə Bayram Xocanın ölümündən sonra oğlu Qara Məhəmməd münasibətləri yaxınlaşdırmaq məqsədilə qızını Cəlairi dövlətinin başçısı Sultan Əhmədə ərə verir. Bundan sonra Qara Məhəmməd tayfaların əksəriyyətini öz ətrafında birləşdirərək mərkəzi Van şəhəri olan Qaraqoyunlu feodal hakimiyyətinin əsasını qoyur. 1389-cu ilin aprelində Qara Məhəmmədin ölümündən sonra oğlu Qara Yusif hakimiyyətə gəlir. Qaraqoyunlu dövlətinin banisi Qara Yusif uzun müddət teymurilərlə mübarizə aparmalı olur. 1410-cu ildə Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Cəlairi əmiri Sultan Əhməd üzərində qələbə çalaraq Təbrizə girirQaraqoyunlu dövlətini elan edir. Lakin 1435-ci ildə teymurilərin və şirvanlıların birləşmiş qüvvələrinə məğlub olan Qaraqoyunlu Cahanşah Teymuri Sultan Şahruxun vassal asılılığına düşür. Buna baxmayaraq Cahanşahın dövründə qaraqoyunluların nüfuzu artmış, o, 1459-cu ildə Herata yürüş edərək Azərbaycan-türk bayrağını əfqan torpaqlarında dalğalandırmışdır. Onun hakimiyyətinin sonuna yaxın Azərbaycanın qərbində Ağqoyunluların mövqeyi qüvvətlənir, 1467-ci ildə Muş düzündə Qaraqoyunlular üzərində qələbə qazanır. 1468-ci ildə Ağqoyunlu Uzun Həsən Azərbaycanın cənubunu və Qarabağı ələ keçirir. Bununla da Qaraqoyunlu dövləti süquta uğrayır və onu Ağqoyunlu dövləti əvəz edir. Tarixi mənbələr göstərir ki, Azərbaycan xalqının formalaşmasında ayrı-ayrı tayfaların, etnosların böyük rolu olmuşdur. Belə tayfalardan biri Qaraqoyunlu dövlətinin yaradıcısı, min ildən çox tarixə malik Baharlılardır. Dövlətin süqutundan sonra Baharlılar Ağqoyunlulara tabe olmayaraq Xorasanda bir müddət teymurilərə sığınsalar da, 1483-1530-cu illərdə Hindistana gedərək orada Qütbşahilər dövlətini yaradırlar. Baharlılar Ağdamda, Zəngilanda, Göyçayda, Naxçıvanda, Türkmənistanın ayrı-ayrı vilayətlərində kənd şəklində yaşayırlar.

Azərbaycan Hərb Tarixi Muzeyində "Qaraqoyunlu dövləti - 600" adlı elmi-praktik konfransda iştirak edən hərbçilər, tarixçi alimlər, arxeoloqlar, muzey işçiləri Qaraqoyunlu dövlətinin hərb tarixinə, iqtisadi vəziyyətinə və bütövlükdə Qaraqoyunlu dövlətinin yaranma tarixinə geniş nəzər salaraq maraqlı faktlara toxundular.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2010.- 30 oktyabr.- S. 7.