Azərbaycan-Rusiya münasibətləri
qarşılıqlı inam və etimada söykənir
Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Bu da təsadüfi deyildir - Rusiya dövləti ilə ölkəmizin bir neçə əsrlik tarixi bağlılığı olmuşdur. SSRİ-nin süqutundan sonra müstəqil dövlətlər kimi Rusiya və Azərbaycanın münasibətləri yeni müstəviyə qədəm qoymuşdur.
1993-cü ildə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Rusiya-Azərbaycan münasibətləri inkişaf mərhələsinə daxil oldu. Ümummilli lider Heydər Əliyevin Rusiya Federasiyasına səfərləri və müxtəlif sahələrə dair əldə olunmuş razılaşmalar ölkələrimiz arasında əməkdaşlığın inkişafına güclü təkan verdi. 9 yanvar 2001-ci ildə imzalanmış Bakı Bəyannaməsində göstərilirdi ki, "Rusiya Federasiyası və Azərbaycan Respublikası onların dövlət suverenliyi və müstəqilliyinə qarşılıqlı hörmət etmək, bərabərhüquqlu və bir-birinin daxili işlərinə qarışmamaq, zor işlətməmək, təhlükə qüvvəsindən istifadə etməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin sülh yolu ilə həll olunması, həmçinin beynəlxalq hüququn qəbul edilmiş normalarının prinsipləri əsasında ikitərəfli əlaqənin yeni, strateji əməkdaşlığın daha yüksək mərhələsinə qaldırılması məqsədini güdürlər".
2002-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoymuşdur. Səfər zamanı ən müxtəlif sahələrdə, o cümlədən Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında birgə bəyanat imzalanmışdır. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirmişdir.
Rusiyanın strateji maraq dairəsində olan digər bir problemin həlli - Azərbaycanda yerləşən Qəbələ radiolokasiya stansiyasının statusunu və ondan istifadə prinsiplərini müəyyənləşdirən sazişin imzalanması ikitərəfli əlaqələrin sonrakı inkişafına daha böyük imkanlar açmışdır. Uzun sürən danışıqların sonunda böyük hərbi-strateji əhəmiyyətə malik Qəbələ RLS-in Rusiyaya 10 il müddətinə icarəyə verilməsi barədə razılıq əldə olunmuşdur. Müqavilənin imzalanması zamanı hər iki tərəfin maraqları eyni dərəcədə nəzərə alınmışdır. Ümumiyyətlə, iki ölkənin başçılarının qarşılıqlı səfərləri zamanı iqtisadi, siyasi, habelə ticarət əlaqələrinin daha da genişləndirilməsini nəzərdə tutan bir sıra ikitərəfli sazişlərin imzalanması münasibətlərin gələcək prioritetlərinin müəyyənləşməsi baxımından olduqca vacib əhəmiyyət kəsb etmişdir. İki ölkə arasında imzalanmış uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası müqavilə, "İqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında" saziş əlaqələrin dinamik inkişaf tempini təmin etmişdir. Ötən illərdə, Rusiya regionları ilə Azərbaycan arasında əməkdaşlıq haqqında 30-dan artıq saziş imzalanmışdır. Neftin Rusiya ərazisi ilə nəqli haqqında hökumətlərarası müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan tərəfi Bakı-Novorossiysk neft kəməri ilə neft ixracını ildən-ilə artırır.
Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş respublikadır. Qonşu ölkənin praqmatik siyasi dairələri Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirirlər. Azərbaycan-Rusiya münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir. Faktiki olaraq bu kursu mümkün alternativlər sırasından Azərbaycanın perspektivi və milli təhlükəsizliyi baxımından ən uğurlu xətt hesab etmək olar.
Ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev də dünya siyasətində xüsusi yeri və çəkisi olan Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi nəzərdən keçirmişdir. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiya Federasiyasına ilk rəsmi səfəri də təsadüfi olmayıb, bir sıra reallıqlarla şərtlənmişdir. Əvvəllər mövcud olmuş iqtisadi əlaqələrin davam etdirilməsi hər iki dövlətin strateji maraq dairəsindədir. Azərbaycan Prezidentinin Rusiyaya ardıcıl rəsmi səfərləri də bir daha təsdiqləmişdir ki, Rusiya hakimiyyət dairələrinin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa olan marağı kifayət qədər səmimidir. Keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmamışdır. Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir.
Diplomatik münasibətlərin uğurla qurulmasında xalqların mədəni-tarixi bağlılığı da mühüm rol oynayır. Odur ki, rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafında bu amili daim diqqətdə saxlamışdır. Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüskarı kimi çıxış etməsi, ölkədə milli azlıqların bütün hüquqlarının yüksək səviyyədə qorunması, tolerantlıq mühitinin hökm sürməsi Rusiya-Azərbaycan münasibətlərinə müsbət impulslar vermişdir.
Mübadilə proqramları vətəndaşlar, elm, mədəniyyət və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə kömək etmişdir. Həmin tədbirlərin uğurla nəticələnməsi xalqların tarixi talelərinin yaxınlığını, mədəniyyətlərin dialoqunda varisliyin saxlanılmasına səy göstərildiyini bir daha təsdiq etmişdir. Bu təşəbbüslər dövlət səviyyəsində humanitar sahədə əməkdaşlıq proqramı ilə dəstəklənir. Proqram həm qarşılıqlı əlaqələrin ənənəvi formalarını, həm də incəsənət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın yeni istiqamətlərini nəzərdə tutur.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Rusiya Federasiyasına işgüzar səfəri də mühüm hadisələrlə yadda qalmışdır. Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsinin açılış mərasimi keçirilmişdir. Məlumat üçün bildirək ki, 3,5 hektar ərazidə salınmış istirahət guşəsində geniş abadlıq və yaşıllaşdırma işləri aparılmış, mindən artıq ağac əkilmişdir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış və gözəl fəvvarə yaradılmışdır. Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsinin açılış mərasimində Prezident İlham Əliyev bildirmişdi: "Bu gün ölkələrimiz arasında münasibətlərin tarixində həqiqətən əlamətdar, tarixi gündür. Bu gün Həştərxanda, simasını dəyişən və modernləşən bu gözəl şəhərdə Azərbaycanın dahi oğlu Heydər Əliyevin abidəsi açılır. Heydər Əliyev bütün ömrü boyu öz xalqının rifahı naminə çalışmış, eyni zamanda, o, Rusiyaya, rus xalqına həmişə çox böyük məhəbbət bəsləmişdir. Onun ömrünün bir hissəsi Rusiya ilə bağlı olmuşdur. O, gənclik illərində Leninqradda, indiki Peterburqda təhsil almış, 80-ci illərdə Moskvada Sovet İttifaqı hökuməti sədrinin birinci müavini olmuş, Azərbaycan və rus xalqları arasında tarixi dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etməsi üçün çox işlər görmüşdür.
Mən əziz həştərxanlılara, ilk növbədə, qubernator Aleksandr Aleksandroviç Jilkinə Heydər Əliyevin xatirəsinə belə xeyirxah münasibətə görə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Bu, bizim üçün çox dəyərlidir. Biz Azərbaycanda bunu çox qiymətləndiririk. Bu cür münasibətə, Heydər Əliyevin abidəsi üçün şəhərin mərkəzində belə gözəl yerin ayrılmasına görə, bütün Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu park Rusiya ilə Azərbaycan arasında dostluğun və qardaşlığın rəmzinə çevriləcəkdir".
Ölkələrimiz və xalqlarımız arasında humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Rusiya dövlətinin iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasındakı nüfuzu, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jılkin ölkələrimiz arasındakı münasibətləri belə xarakterizə etmişdir: "Təkcə Azərbaycan üçün deyil. Bütün keçmiş Sovet İttifaqı, postsovet məkanı və bizim kiçik vilayət üçün də böyük siyasi xadim olan möhtərəm və hörmətli bir insanın abidəsi üçün məhz bu yerin - Həştərxan kimi ağ şəhərin seçilməsi təsadüfi deyildir. Ona görə ki, ölkədə istər o dövrdə, istərsə də postsovet dövründə baş verən ən müsbət proseslər bu insanın adı ilə bağlıdır. Heydər Əliyev islahatlardan sonrakı münasibətlərimizi möhkəmləndirən əsas sima idi. Bu gün bu böyük insanın xatirəsinə ehtiram əlaməti olaraq Sizə, İlham Heydər oğlu, bu nadir abidəni ən qısa müddətdə hazırlamış və onu burada ucaltmış bütün həmkarlarınıza böyük məmnuniyyətlə "Çox sağ olun" demək istəyirəm. Bu abidə həm rusiyalıların, həm də azərbaycanlıların qardaşlığının, dostluğunun, onların ruhən və qəlbən birliyinin rəmzidir".
Rusiya-Azərbaycan əlaqələri son 7 ildə daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad çalarları güclənmişdir. Rusiya ilə bütün sahələrdə əməkdaşlığın güclənməsinə ölkə başçılarının qarşılıqlı səfərləri də mühüm təsir göstərmişdir.
E.HACIALIYEV
Azərbaycan.- 2010.- 31 oktyabr.- S. 1.