Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Oktyabrın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə 2010-cu il noyabrın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə təcrübəsinin tətbiq edilməsinə dair məsələyə baxılmışdır. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, Milli Məclisə seçkilərdə səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb-kameralardan istifadə olunması təcrübəsi tətbiq edilərək, Azərbaycan Respublikasının ərazisində 500 seçki məntəqəsində veb-kameralar quraşdırılsın.

Sonra "İnsan naminə" siyasi partiyalar blokunun təqdim etdiyi səlahiyyətli nümayəndələr qeydə alınmışdır. İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır.

Komissiya 2010-cu il noyabrın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı Bakı Apelyasiya Məhkəməsinin qətnamələrinin icrasına dair məsələyə baxmış həmin qətnamələrə uyğun olaraq 4 nəfərin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir. Komissiyanın iclasında cari məsələlərə baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının təmsilçiləri kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan.- 2010.- 31 oktyabr.- S. 1.