Böyük vətəndaş
Elə tarixi simalar var ki, zaman keçdikcə onlar daha da parlaqlaşır, öz xalqının milli iftixarına və qürur mənbəyinə çevrilir. Görkəmli alim, ictimai-siyasi xadim, akademik İmam Daşdəmir oğlu Mustafayev məhz belə şəxsiyyətlərdən olmuş və onun ömür yolu hər bir vətənpərvər insan üçün örnəyə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev onu "görkəmli alim, tanınmış ictimai xadim, fəaliyyətini vətəninə, xalqına həsr etmiş böyük vətəndaş" adlandırırdı.
İmam Mustafayev 1910-cu il fevralın 25-də Qax rayonunda, kəndli ailəsində anadan olmuşdur. Həyatın çətin üzü və maddi sıxıntılar onun əsl vətəndaş kimi yetişməsinə mane ola bilməmişdir. 12 yaşında muzdurlar komitəsinin qərarı ilə Zaqatalada təşkil edilmiş kənd təsərrüfatı texnikumuna oxumağa göndərilmişdir. Tələbələr arasında təşkilatçılıq bacarığı və qabiliyyəti ilə fərqlənən İ.Mustafayev tələbə komitəsinin sədri, məktəb KGİ komitəsinin katibi və KGİ Zaqatala qəza komitəsinin üzvü seçilmişdir. 1928-ci ildə məktəbi bitirərək Balakən rayon torpaq şöbəsinin aqronomiya məntəqəsinə müdir göndərilmişdir. 1928-ci ilin oktyabrından 1929-cu ilin sentyabrınadək Azərbaycan SSR Xalq Maarif Komissarlığının Tərtər rayonunda kəndli-gənclər məktəbində dərs hissə müdiri və təbiət dərsləri müəllimi vəzifəsində çalışmışdır. İ.Mustafayev təhsilini artırmaq məqsədilə 1929-cu ildə sənədlərini Kənd Təsərrüfatı İnstitutuna vermiş və aqronomluq fakültəsinə daxil olmuşdur. Həyatda az sayda insanlara təsadüf etmək olar ki, tələbə vaxtı institutda müəyyən akademik vəzifələrə cəlb olunsun. İmam Mustafayev tələbə olarkən müəyyən müddət aqronomluq fakültəsinə rəhbərlik etmişdir. İ.Mustafayev yenə də tələbə ikən Azərbaycan Xalq Torpaq Komissarlığının aqrobatoru işləmiş və 1930-cu ildə bir çox sovxozun ilk toxum fondu ilə təmin edilməsinə böyük kömək göstərmişdir. 1932-ci ildə ali təhsilini başa vurub genetika, seleksiya və toxumçuluq kafedrası üzrə aspiranturaya qəbul olunmuşdur. Namizədlik işi Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının elmi şurası tərəfindən yüksək qiymətləndirilmiş və ona kənd təsərrüfatı elmləri namizədi dərəcəsi verilmişdir.
İ.Mustafayev 1934-1938-ci illərdə AzKTİ-nin istehsalat təcrübəsi bölməsinə rəhbərlik etmişdir. Kamil elmi işçi kimi zootexnika fakültəsinin dekanı, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tədris və elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilir, 1939-cu ildə dosent elmi dərəcəsi adı alır. 1940-cı ildə respublika Xalq Torpaq Komissarlığında, əvvəlcə Ali Məktəblər və Texnikumlar İdarəsinin, sonra institutun elmi işlər üzrə müdir müavini təyin edilir. İ.Mustafayevin kənd təsərrüfatı istehsalının bir çox sahələri üzrə dərin, hərtərəfli biliyi, yüksək insanpərvərlik xüsusiyyətləri, özünə və əhatəsində olduğu adamlara qarşı tələbkarlığı, prinsipiallığı ona daha məsuliyyətli vəzifələrə irəli çəkilməyə imkan verirdi. 1941-ci ildə İ.Mustafayev Azərbaycan SSR Dövlət Xalq Nəzarəti Komitəsinin birinci müavini vəzifəsinə təyin olunur. O, İkinci dünya müharibəsi illərində - 1941-ci ilin avqustundan 1942-ci ilin aprel ayına kimi ordu sıralarında xidmət etmişdir. İ.Mustafayev müharibənin ilk günlərində Azərbaycan KP MK-nın və Zaqafqaziya cəbhəsi komandanlığının tapşırığı ilə Zaqatala, Balakən, Qax rayonlarına izahat və təşkilat işi aparmağa göndərilir.
1942-ci ilin aprelində Azərbaycan SSR Xalq Torpaq Komissarlığının birinci müavini vəzifəsinə təyin edilir. O, ağır müharibə illərində Xalq Torpaq Komissarlığının MTS sisteminə, elmi-tədqiqat, təchizat və tikinti idarələrinə bacarıqla rəhbərlik edir. İ.D.Mustafayev əhalinin kənd təsərrüfatı məhsulları ilə təchiz olunmasında və cəbhəyə kömək göstərilməsində fəal iştirakına görə 1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilir. 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilən İ.Mustafayev həmin il respublika kənd təsərrüfatı naziri təyin olunur və 1950-ci ilədək bu vəzifədə çalışır. Nazir işlədiyi illərdə respublika kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər qazanır. Kənd təsərrüfatı sahəsindəki fəaliyyətinə və əldə edilən uğurlara görə, bu dəfə "Şərəf nişanı" ordeni ilə təltif olunur. Harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq, elmin inkişafı məsələsini bir an belə unutmayan İ.Mustafayevin təşəbbüsü ilə 1950-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu yaradılır. O, institutda yüksək məhsul verən buğda sortlarının yaradılması problemlərini, ziyanvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərini, mexanikləşdirmə, suvarma məsələlərini, seleksiya və genetikanın əsaslarını dərindən öyrənir. Elmi fəaliyyətinin səmərəsinə və bu sahədəki nailiyyətlərinə görə İmam Mustafayev 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, həmçinin SSRİ Ali Sovetinə deputat seçilir. 1950-1952-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasında akademik-katib vəzifəsində çalışan görkəmli alimə məsul partiya işi tapşırılır. Əvvəlcə Azərbaycan KP MK-nın katibi seçilir, sonra Gəncə Vilayət Komitəsinə birinci katib göndərilir. 1954-cü ildə Azərbaycan KP-nin qurultayında isə respublikanın birinci katibi vəzifəsinə irəli çəkilir.
Həmin illərdə İmam Mustafayev ölkənin inkişafı üçün çox böyük işlər həyata keçirmişdir. Respublikada elmin, təhsilin, iqtisadiyyatın və ən əsası milli şüurun inkişafına böyük təkan vermişdir. O, respublikamıza rəhbərlik etdiyi zamanlar ana dilimizin ümumittifaq miqyasında tanınması istiqamətində çox böyük işlər görmüşdür.
İ.Mustafayev yüksək siyasi və ictimai vəzifələrdə işləməsinə baxmayaraq, elmi fəaliyyətini də dayandırmamış, respublikamızda bir çox elmi-tədqiqat institutlarının, eksperimental bazaların yaradılmasına və genetika, seleksiya, aqronomluq və bitkiçilik elmlərinin inkişafına böyük qayğı göstərmişdir. 1963-cü ildən İmam Mustafayev SSRİ Elmlər Akademiyasının Əlaqələndirmə Şurasının üzvü, genetika və seleksiya problemlərinə dair Elmi Şuranın sədri olmuşdur. Biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün 1964-cü ildə Leninqrad şəhərində "Azərbaycan buğdaları və onların seleksiya və formayaranma prosesində rolu" mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Məlumdur ki, respublikada kənd təsərrüfatının yüksək səviyyədə inkişafı üçün şoran torpaqların yaxşılaşdırılıb istifadə olunması böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə İ.Mustafayev magistral kanalların çəkilməsi, artezian quyuların qazılması və suvarılan torpaqları bol su ilə təmin etmək üçün digər mühüm tədbirlərin həyata keçirilməsindən ötrü qiymətli təşəbbüslər qaldırmışdır. Bütün bunlar sonrakı illərdə respublikada kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir.
Görkəmli alim genetika üzrə beynəlxalq konfransların iştirakçısı, Avropa Seleksiyaçılar Assosiasiyasının üzvü, Azərbaycanın bir çox elmi proqramlarının həmsədri, Rusiya Kənd Təsərrüfatı Akademiyasının elmi proqramlarının üzvü olmuşdur.
Akademik İ.Mustafayevin həyatının son illəri rəhbərlik etdiyi Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutu ilə bağlıdır. Görkəmli alim institutun tarla bitkilərinin genetikası və seleksiyası şöbəsinin rəhbəri vəzifəsində çalışarkən mədəni və yabanı dənli bitkilərin müxtəlifliyini aşkara çıxarmaq məqsədilə dəfələrlə ekspedisiyalar təşkil etmişdir. Zaqafqaziya, Şimali Qafqaz rayonlarında aparılmış ekspedisiya axtarışları nəticəsində respublikanın mədəni florasının öyrənilməsi sayəsində bir çox qiymətli tapıntılar üzə çıxarılmışdır. İ.Mustafayev Zaqafqaziya respublikalarının ərazisində 2 mindən çox arpa, çovdar, vələmir, egilops və 10.000-dən çox buğda və başqa dənli bitkilərin nümunəsini toplamışdır. Bunlar təxminən dünyadakı bütün yabanı və mədəni dənli bitki növlərini və formalarını təmsil edir. İstedadlı seleksiyaçı alimin ciddi elmi axtarışları gözəl nəticələr vermişdir. O, bir sıra bol məhsul verən yüksək keyfiyyətli - "Sevinc", "Cəfəri", "Zoğal buğda", "Turgidum-7", "Turanikim-186", "Qızıl buğda", "Bol buğda", "Arzu", "Kəhrəba", "Gürgənə I", "Zərdabi", "Birlik" və "Qrekum 75/50" buğda sortları yaratmışdır. Bundan başqa, onun "Pallidum 596" arpa sortu, "AP-317" pambıq sortu, "Cəlilabad I" sarımsaq sortu, "Zəfəranı", "Şəfa" və "Tozlayıcı" çaytikanı sortları vardır. Onun rəhbərliyi ilə 75 elmlər namizədi və 4 elmlər doktoru dissertasiyaları müdafiə edilmişdir. Akademik bitkiçilik, seleksiya, genetikanın müxtəlif istiqamətlərinə həsr olunmuş 332 elmi məqalə və tezislərin müəllifidir. İ.Mustafayevin 8 monoqrafiyası dərc olunub. Alimin kənd təsərrüfatı və biologiya sahəsindəki ixtiraları, xüsusilə buğdanın seleksiyasında əldə etdiyi nailiyyətlərin dünya şöhrəti qazanması da, bütövlükdə ölkəmizin iftixarı hesab edilir.
Görkəmli alim, bacarıqlı təşkilatçı, xeyirxah və qayğıkeş insan olan İmam Mustafayevin əməyi yüksək qiymətləndirilmiş, "Qırmızı Əmək Bayrağı", "Fəxri nişan", "Xalqlar Dostluğu" ordenləri, medallarla təltif olunmuş, Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin 3 qızıl, 1 gümüş medallarına layiq görülmüşdür.
O, həm alim, həm də ictimai xadim kimi fəaliyyətində son dərəcə cəsarətli, prinsipial, milli mənafeyini hər şeydən uca tutan əsl ziyalı idi.
Bütün mükafatlar içərisində onun üçün ən qiymətlisi Azərbaycan müstəqilliyi illərində ulu öndər Heydər Əliyevin təltif etdiyi "Şöhrət" ordeni idi.
İmam
Mustafayev eyni zamanda çox təvazökar insan idi. Bütün
ömrü boyu sadə həyat tərzindən
uzaqlaşmamış, Mərkəzi Komitənin birinci katibi
olanda da vaxt tapıb elmi-təcrübə sahələrindəki
becərmə işlərini özü aparmış, hələ
uşaqlığından alışdığı əməksevərliyi
ömrünün 87-ci ilində də davam etdirmişdir.
Akademik İmam Mustafayev
olduqca mənalı bir ömür sürüb, onun həyat və
fəaliyyəti çoxlarına örnək ola
biləcək qədər şərəflidir. Onun ölkədə
nüfuzunun yüksək olmasının bir səbəbi elmi səviyyəsi,
yüksək təşkilatçılıq
bacarığı idisə, ən başlıca amil şəxsiyyət
kimi bütövlüyü, rəhbər işçi
üçün vacib olan mətinliyi, ideal saflığı,
natiqliyi, ədalətli qərarlar qəbul etməsi,
obyektivliyini qoruması, haqqı nahaqqın ayağına verməməsi
idi.
Akademik
İ.Mustafayevin yetişdirdiyi onlarca kadr bu gün
respublikamızda elmin, təhsilin və kənd təsərrüfatının
müxtəlif sahələrində çalışır. AMEA-nın
Genetik Ehtiyatlar İnstitutunda böyük hörmət əlaməti
olaraq onun otağı, kitabları və bütün şəxsi
əşyaları qorunub saxlanılır.
Xalq
üçün çalışıb xalqına şərəflə,
vicdanla xidmət edən alim və xalqını sevən insan
heç zaman unudulmur.
Musa MUSAYEV,
Akademik
Azərbaycan.- 2010.- 31 oktyabr.- S. 7.