Gənc bəstəkarımız
beynəlxalq müsabiqədə birinci yeri tutub
Türkər Qasımzadə gələn il
İtaliyada keçiriləcək musiqi festivalları qaliblərinin
qala konsertinə dəvət alıb
"Fəzada davamlılığın
nadir formaları" adlı
gənc bəstəkarlar
müsabiqəsi Avstraliyanın
Melburn şəhərində
yerləşən İtaliya
Mədəniyyət İnstitutu
tərəfindən keçirilir. Müsabiqəyə dünya şöhrətli
italiyalı bəstəkar,
dirijor-maestro Carlo Forlivesi
başçılıq edir.
Bu festival-müsabiqə əvvəlcə Yaponiyada,
ikinci dəfə isə Avstraliyada təşkil olunmuşdur.
Festivalın məqsədinə dünyanın bir çox ölkəsində
konsertlərin təşkili,
yeni yazılan musiqinin təbliği və gənc bəstəkarların üzə
çıxarılmasına xidmət məsələləri
daxildir.
İtaliya Mədəniyyət
İnstitutunun keçirdiyi
bu festival-müsabiqə
digər musiqi tədbirlərindən seçilir:
hər dəfə orijinal musiqi konsepsiyaları təqdim edilir. Builki festivalın ideyası
onunla şərtlənirdi
ki, dünyanın bir sıra ölkələrindən
olan, italyan dilini bilməyən gənc bəstəkarlar mətnlə musiqinin üzvi əlaqəsini necə ifadə etmək bacarıqlarını
nümayiş etdirsinlər.
Yəni italiyan dilindəki mətnə öz yaradıcılıq prizmalarından
baxıb, fərqli yanaşma tərzlərini
sərgiləsinlər. Bu məqsədlə 20 gənc italyan şairinin şeirləri finalistlərə yollanmış
və onlardan yazılacaq əsərlərdən
material və ya mənbə kimi istifadə olunması xahiş edilmişdi.
Dünyanın bir çox ölkəsindən 60 bəstəkar
öz əsərlərini
müsabiqədə iştirak
etmək üçün
göndərmişdi. Dünya musiqi
dairələrində kifayət
qədər tanınmış
italyan, alman, avstriyalı mütəxəssislərdən
ibarət münsiflər
heyəti həmin əsərlərin içərisindən
11-ni seçmişdi. Finala çıxan gənc bəstəkarların arasında
Türkər Qasımzadənin
də yer alması Azərbaycan musiqi mədəniyyətinin
Avropa məkanında özünə daim layiqli yer tutması
deməkdir.
Müsabiqənin ikinci turu isə
həmin bəstəkarlardan
4-nün seçilərək əsərlərinin Adelaida
səhnəsində ifa
olunmasına həsr edilmişdir. Müsabiqənin qalibinin həmyerlimiz
Türkər Qasımzadənin
olması nəinki sevindiricidir, bu, hətta, gənc musiqiçilərimizin qələbəsinin
davamlılığı deməkdir.
Gənc bəstəkarımızın
italyan şairi Vivian Lamarquenin şeirinə yazdığı fortepiano üçün
"Vu cumpra" əsəri
pianist Kenci Fujimira tərəfindən Adelaidada
ifa olunarkən radio vasitəsilə Avstraliyaya
yayımlanmışdır.
İlk beynəlxalq musiqi festivalında respublikamızı təmsil edən gənc bəstəkar Türkər Qasımzadə hazırda Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin dəstəyi ilə Nyu-York Konservatoriyasının bəstəkarlıq üzrə magistraturasında təhsilini davam etdirir.
M.SADIQZADƏ
Azərbaycan.- 2010.- 31 oktyabr.- S. 7.